SON DƏQİQƏ

Təsəlli

Karikatura

Biz “Ədalət Azərbaycandır” demək istəyirik

Tarix:2-12-2023, 20:12

İlham Hüseyn
Təəssüf ki, Kürdəxanı həbsxanası da Azərbaycandır.
Xeyli müddətdir ki, “Qarabağ Azərbaycandır” şüarı ölkəni bürüyüb. Hansıki, bu şüarın müəllifi yoxdur, burda bir yenilik, ixtira da yoxdur. Çünki Bakının, Şəkinin Azərbaycan olduğunu bildiyimiz kimi, Qarabağın da Azərbaycan olduğunu bilirdik, bilirik. Amma rejim bu şüarı həm istismar edir, həm də bu şüarın arxasında gizlənib, Azərbaycanı yaşanmaz hala gətirir. Elə bir cəhənnəm yaratdılar ki, bu xalq torpağın işğaldan azad edilməsinə ürək dolu sevinə bilmədi. Qarabağ işğaldan azad edildi, amma paralel olaraq vətəndaş problemlərin işğalıyla, ölkə hüquqsuzluğun işğalıyla üz-üzə qaldı.
Həqiqəti dilə gətirənlərə, yalana etiraz edənlərə, zülmə susmayanlara “anti-milli”, “ermənipərəst”, “agent” damğası vurdular. Amma düşünsək, təfəkkür etsək görərik ki, ən böyük vətənpərvər, ən böyük xalqpərvər, nə böyük dövlət sevdalısı, məhz etiraz edənlərdi, susmayanlardı. Onlar azadlığını itirmək bahasına cəmiyyətə həqiqət daşıyırlar.
Təssüflər olsun ki, bugün Kürdəxanı həbsxanası da Azərbaycandır. Azad mətbuatın, müstəqil jurnalistikanın, həqiqi ziyalılığın, şəhid qardaşının, Qarabağ qazisinin, prinsipiallığın, əqidənin dustaq edildiyi Azərbaycan.
Təəssüf ki, bu gün korrupsiya da Azərbaycandır, repressiya da Azərbaycandır, hüquqsuzluq da Azərbaycandır.
Biz Azərbaycana hardan baxaq ki, inkişafı, rifahı, ədaləti görək? Axı, Bakıdan da, Şəkidən də, Şuşadan da baxanda günahsız insanların ahı görünür, ölkəni tərk edən yüzminlər görünür, qiymət artımlarının altında əzilən vətəndaş görünür.
Əgər bir ölkədə məhkəmənin ədalətindən əl üzülübsə, o ölkədə heç bir uğur üzlərə təbəssüm gətirə bilməz. Düşmən gülləsindən ölməyən oğullar, biganəlik gülləsindən ölürsə, “Qarabağ Azərbaycandır” deyib, bayram etmək olmur.
Biz “Ədalət Azərbaycandır”, “Azadlıq Azərbaycandır”, “Hüquq Azərbaycandır” demək istəyirik. Amma dilimiz tutulur, əlimiz quruyur. Deyə bilmirik, yaza bilmirik. Çünki Azərbaycanı sevən adamlar zindalara doldurulur. Çünki Azərbaycanın işıqlı adamlarını Kürdəxanı həbsxanasının qaranlığına məhkum ediblər.
Qalib xalqla, qalib orduyla belə davranmaq, o xalqı, o ordunu məğlub etməkdi.
Nə qədər əks təbliğat aparılsa da, Cinayət Məcəlləsi Siyasət Məcəlləsinə çevrilsə də, hamı bilir ki, şərlənərək Kürdəxanıda dustaq edilənlər bu ölkənin işıqlı gələcəyidir. Hamı bilir ki, repressiya qurbanı olanlar bu ölkəni təmənnasız sevənlərdi.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN