Avropada yaşayan siyasi fəal Mirzəyev Samir Sahib oğlunun ailə üzvlərinə qarşı Azərbaycanda təzyiqlərin davam etdiyi iddia olunur. Belə ki, polis əməkdaşları siyasi fəalın qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri ev 1B, mənzil 14 ünvanına getmişlər, evdə axtarış aparmışlar.
Məlumata görə, 12 fevral 2026-cı il saat 10:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşkarı siyasi fəalın yaşadığı ünvana gəlmiş, evə zorla daxil olub ölkə xaricində olan fəalı susdurmaq üçün onun yaşlı və səhhətlərində ciddi problemlər olan valideynlərinə psixoloji və fiziki təzyiq göstərmişlər, siyasi fəalın harda olması ilə bağlı suallar vermişlər və onun tezliklə istintaqa təhvil olmasını tələb etmişlər. Daha sonra polis əməkdaşları Samir Mirzəyevin atası Sahib Mirzəyevi polis idarəsinə apararaq fiziki və psixoloji təzyiqlərə məruz qoymuşlar.
Siyasi fəalın ailə üzvlərindən biri tərəfindən saytımıza daxil olan məlumata görə, Samir Mirzəyevin atası polis idarəsində ondan xaricdə yaşayan oğluna zəng etməsi tələb olunub. O, bunun mümkün olmadığını bildirdikdə isə siyasi fəalın atası saatlarla davam edən təzyiqə məruz qalıb. İddia olunur ki, istintaqçılar ona açıq şəkildə xəbərdarlıq ediblər ki, əgər Samir tezliklə ölkəyə qayıdaraq “təslim olmazsa”, o onsuz da tapılıb məcburi şəkildə Azərbaycana gətiriləcək.
Bundan başqa Samir Mirzəyevin qaynı İsmayılov Ruslan Asif oğlu da özlərini İnterpol əməkdaşları kimi təqdim edən bir neçə şəxs tərəfindən zorla maşına mindirilərək naməlum yerə aparılmış, ona Samir Mirzəyevlə bağlı suallar verilmiş, Samirin siyasi fəaliyyətinə və hökümət əleyhinə çıxışlarına son qoyması üçün ondan tələblər edilmişdir.
Hüquq müdafiəçiləri xaricdə yaşayan siyasi fəallara qarşı bu cürə qanunsuz halları “ailə üzvləri üzərindən təzyiq mexanizmi” kimi qiymətləndirir və beynəlxalq təşkilatları baş verənlərə reaksiya verməyə çağırırlar.
Qeyd edək ki, Samir Mirzəyev xeyli müddətdir siyasi fəaliyyətinə görə Azərbaycanda üzləşdiyi təzyiqlərlə əlaqədar olaraq ölkəni tərk edib və hazırda öz siyasi fəaliyyətini geniş formada xaricdə davam etdirir (yuxarıdakı fotoda sağdan birinci şəxs).