SON DƏQİQƏ

İraq kürd muxtariyyətində Bərzaniyə qarşı proses başladı

Tarix:21-12-2017, 10:42

Bərzaninin əsas müxaliflərinin mərkəzi sayılan Süleymaniyyədə etirazlar şiddətlənir, Bağdad müdaxilə edərsə, muxtariyyətin bölünməsi gündəmə gələ bilər

Şimali İraq Regional Administrasiyası Süleymaniyyə əyalətində etirazlar baş qaldırıb. Əyalətin mərkəzi Süleymaniyyə şəhəri ilə yanaşı 13 yaşayış məntəqəsində baş verən etirazların əsas şüarı korrupsiya və maaşların gecikməsidir. Süleymaniyyə əyalətinin Ranya rayonunda vəziyyət daha gərgindir. Etirazçıların Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) və Kürdüstan İslami Birlik Partiyasının ofislərini yandırıb.

BBC-nin xəbərinə görə, etirazçılar Pira Maqrun, Sanqasar və Səid Sadiq şəhərlərində polis mərkəzlərinə daxil olublar. Aksiyaçıların əsas şüarları “Məhv olsun oğrular!”, “Bərzaniyə ölüm!”, “Mübahisəli bölgələri itirən hökumət məhv olsun!” olub. Mitinqçilər regional hökumətin peşmərgə, polis, müəllimlər və digər sahələrdə maaşların kəsilməsinə etiraz edirlər.

Polislə mitinqçilər arasında toqquşmalar nəticəsində ilkin məlumatlara görə, 7 nəfər ölüb, 93 nəfər isə yaralanıb. Tələfat sayının artması gözlənilir. Artıq baş verənlərə Bağdad da münasibət bildirib. İraqın baş naziri Heydər İbadi isə həftəlik çıxışında bildirib ki, etirazçılar zərər görəcəyi təqdirdə mərkəzi hökumət proseslərə müdaxilə edəcək. İbadi təhlükəsizlik qüvvələrini etirazçılara qarşı zorakılıq etməməyə çağırıb. İbadi deyib ki, etirazçılara zərər dəyəcəyi təqdirdə mərkəzi hökumət müdaxilə edəcək. Onun sözlərinə görə, Bağdad mülki əhalinin etiraz haqqının əlindən alınmasına qarşıdır.

Image result for Kürdüstan Vətənpərvərlər İttifaqı və Qoran

Maraqlıdır ki, etirazlar eks-prezident Cəlal Tələbaninin rəhbəri olduğu Kürdüstan Vətənpərvərlər İttifaqı və Qoran (Dəyişiklik) Hərəkatının güclü olduğu Süleymaniyyədə və ətraf ərazilərdə baş verir. Bərzani və partiyasının güclü olduğu Ərbil və Duhok əyalətlərində isə sakitlikdir, etirazlar bu bölgələrə sıçramayıb.

Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr də etirazçılara dəstək verib. Kürd Muxtariyyətinin Gənclik və Mədəniyyət Nazirliyi isə Qoran Hərəkatına yaxın hesab olunan NRT telekanalını bağlayıb. Yerli təhlükəsizlik qüvvələri bu qərardan sonra telekanalı nəzarətə götürüb və yayını dayandırıb.

Image result for Kürdüstan Vətənpərvərlər İttifaqı və Qoran

Aksiyalar sosial tələblərlə başlasa da, mərkəzdə dayanan fiqur Bərzani və onun hökumətidir. Görünən odur ki, bu etirazların tərkibində Bərzani və Qoran Hərəkatı, o cümlədən KVİ arasındakı düşmənçilik də dayanır. İki ay əvvəl dünyasını dəyişmiş sabiq İraq prezidenti Cəlal Tələbani və onun rəhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqı, o cümlədən müxalif Qoran Hərəkatı Süleymaniyyədə güclüdür. Xüsusən də Kərkük olayları zamanı KVİ, Qoran və Bərzanilərin Kürdüstan Demokratik Partiyası arasında münasibətlərdə yenidən düşmənçilik hiss olundu.

Image result for Kürdüstan Vətənpərvərlər İttifaqı və Qoran

Etiraz edən insanlara zorakılıq tətbiq olunması Ərbilin reaksiyasını göstərir. Ehtimal ki. Bərzani bu prosesin özünə qarşı yönəldiyini və ya yönələcəyini bilir. Vəziyyətin nəzarətdən çıxması Bərzaninin onsuz da zəifləmiş mövqelərinə ciddi zərbə olacaq. Bağdadın proseslərə müdaxilə işarəsi də onu göstərir ki, mərkəzi hökumət bu vəziyyətdən Bərzaniyə qarşı istifadə edə bilər.

Vəziyyət nəzarətdən çıxacağı təqdirdə Bağdadın müdaxiləsi və ehtimal olunan qarşıdurma kürd muxtariyyəti daxilində bölünməni gündəmə gətirə bilər. Məsələ ondadır ki, oktyabrda Kərkük olayları başlayan zaman Süleymaniyyə və Kərkükün Ərbildən ayrılacağı ilə bağlı məlumatlar mediaya yol tapdı. İddialara görə, Tələbani qrupu Bağdadla anlaşıb, Ərbildən ayrılıb Kərkük və Süleymaniyyədən ibarət olan yeni bir regional hökumət qura bilər. İddialara görə, o zaman Tələbaniyə yaxın olan qüvvələr məhz bu anlaşma səbəbindən peşmərgəyə dəstək vermədi. İndi isə etirazlar daha da dərinləşəcəyi təqdirdə Bağdadın müdaxiləsi Süleymaniyyənin Ərbilin nəzarətindən çıxmasına gətirə bilər.

 

E. Muxtarov

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN