SON DƏQİQƏ

“Rusiya Suriyadan tam getməyəcək” – politoloq

Tarix:11-12-2017, 17:00

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfəri çərçivəsində rus hərbi qüvvələrinin bu ölkədən çıxarılmasına başlanması barədə əmr verib. APA-nın məlumatına görə, bu barədə V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib.

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.

Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".

Kreml rəhbərinin bu addımı müzakirələrə səbəb olub. Rusiya qüvvələri Suriyadan çıxdıqdan sonra onun yerini hansı ölkə və ya qüvvənin dolduracağı barədə ən müxtəlif fikirlər səslənir. Əksəriyyət burada qardaş ölkə Türkiyəni önə çəkir.

Bundan əlavə, Suriyadakı Bəşər Əsəd rejimini qoruyan bir qüvvənin bu ölkədən çıxmasının mərkəzi hakimiyyətə hansı təsirlərinin olacağı barədə də mövqelər birmənalı deyil. Ən əsası, Suriya məsələsində açıq şəkildə Rusiyaya uduzan Qərbin bu hadisədən necə yararlanacağı suallar yaradır. Çoxları düşünür ki, istəyinə tam çatan Putin artıq geri dönmək zamanını görüb bu addımı atır.

Картинки по запросу Əhəd Məmmədli

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Putinin Suriyadan tam getməyəcəyini düşünür: “Suriya müharibəsi Rusiyanın dünya və regionda mövqelərini gücləndirdi, Putinin ölkə daxili nüfuzunu artırdı. Ukraynadan sonra növbəti qələbə lazım idi və bu da Suriya oldu. Rusiya Əsədi hələlik qurtardı, ABŞ-ı regionda Türkiyə və İranla birlikdə xeyli zəiflətdi. Bunlar hamısı həqiqətdir. Lakin düşünmürəm ki, Rusiya Suriyada tam qələbə qazandı. Suriyada indiki vəziyyətə baxsaq görərik ki , Əsəd rejimi ən yaxşı halda 50% əraziyə nəzarət edir. Qalan ərazilər ABŞ-ın nəzarətində olan YPG, PYD-də və Türkiyənin nəzarətində olan Azad Suriya Ordusundadır. Bu isə qələbə deyil. Sadəcə Putinin bu cür çıxışları daxili auditoriyaya hesablanıb. Rusiya Suriyadan tam getməyəcək. Orda rusların hərbi bazası var. Və istənilən halda Suriyaya müdaxilə edə bilərlər. Suriyada hələ sabitlik və sülhdən danışmaq tezdir. Əsədin getməyinə Putin razılıq versə, onda bəlkə Suriyada hansısa sülhdən, sabitlikdən danışmaq olar. Türkiyə zatən bölgədə əsas güclərdəndir. Rusiya getmir ki, onun yerini dolduran olsun. Rusiya Suriyadadır. Sadəcə rokirovka ilə məşğuldur. Qərbin regionda mövqelərini qaytarmasına gəldikdə isə, bunun bir çıxış yolu var, ABŞ-ın Türkiyə ilə ittifaqını bərpa etməsi. Buna da hələ ki Türkiyə razı olacaqmı, bu da başqa bir məsələdir. Çünki Türkiyə - Rusiya - İran müttəfiqliyi getdikcə dərinləşir. Ona görə ABŞ Türkiyə ilə münasibətləri düzəltmək istəyirsə tələsməlidir. Əsəd üçün təhlükə ölənə qədər olacaq. Çünki onun işlətdiyi cinayətləri nə Suriya xalqı, nə də dünya bağışlayan deyil. Putin sadəcə Əsədin ömrünü bir az da uzatdı”.

Картинки по запросу Politoloq Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Putin Suriyadakı Rusiya qoşunlarının hamısını deyil, əhəmiyyətli hissəsini çıxarmaq qərarı verib: “Hmeymim və Tartus bazalarında rus hərbi kontingentinin müəyyən hissələri və hərbi texnika, əsasən aviasiya qalmaqda davam edəcəkdir. Hmeymim hərbi-hava, Tartus hərbi-dəniz bazalarında, eləcə də Türkiyə ilə razılaşdırılmış deeskalasiya zonalarında rus hərbi kontingentinin müəyyən hissələri və hərbi texnika, əsasən aviasiya qalmaqda davam edəcəkdir. Rusiya Baş Qərargahı bunu Suriya xalqının dinc həyata qayıtmasına kömək etmək istəyi ilə əsaslandırıb.

Bu qərar qəfil olmadı. Xatırlayırsınızsa, Putin Soçidə həm Əsədlə, həm də Ərdoğan və Ruhani ilə görüşdə tezliklə rus qoşunlarının çıxarılacağını demişdi. Suriya ərazisinin artıq 98 faizinin terrorçulardan təmizləndiyi əsas götürülərək bu qərar verilmişdi. Müdafiə naziri Şoyqu Putinə İŞİD-in və digər terrorçuların tamamilə darmadağın edilməsini məruzə edib və Putin artıq rus qoşunlarının çıxarılması barədə əmr imzalayıb. Suriyadan qoşunların əsas hissəsinin çıxarılmasını bir neçə vacib amillə əlaqələndirmək olar. Burada həm daxili, həm də xarici amilləri qeyd etmək olar.

Daxili məsələlərdən ən mühümü əlbəttə ki, ilk növbədə 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkiləridir. Bu yaxınlarda rəy sorğusu keçirilib və ölkə əhalisinin demək olar ki, yarısının Suriyadan qoşunların geri çağırılmasını istədiyi məlum olub. Burada həm hökumət qoşunları, həm də muzdlu ordunun xidmətindən istifadə edildiyi qeyd olunur. Burada həm də hərbi qulluqçuların həlak olmasının ictimaiyyət arasında narazılıq doğurması və seçkilərdə Putinin reytinqinə təsiri məsələsi var. Eyni zamanda, qoşunların xarici ölkə ərazisində saxlanılması Rusiya büdcəsinə böyük maliyyə itkisi hesabına başa gəlir. Suriyadakı hərbi xərclər sanksiyalara məruz qalan Rusiyanın büdcəsinin daha da azalmasına təsir göstərir. Ən əsası isə seçkilər ərəfəsində qoşunların çıxarılmasının elan olunması Putinin həm dünyada, həm də Rusiya daxilində sülhpərvər lider imicinin yaranmasına güclü təsir edə bilər.

Krıma görə kəskin tənqidlərə məruz qalan prezident Suriyadakı terrorla mübarizəni uğurla başa çatdıran lider kimi nüfuz qazandı. Bu, Stalinin repressiya yürüdən rəhbərdən İkinci Dünya müharibəsində Şərqi Avropanı faşizmdən xilas edən sülhpərvər şəxsiyyətə keçmək missiyasına çox bənzəyir. Eynilə, ölkə daxilində və Qərbdə anti-demokratik, Krımı işğal edən bir prezident kimi tənqid olunan Putin dünyada terrorla mübarizə aparan lider kimi nüfuz qazanmağa çalışdı. Eyni zamanda, SSRİ-yə heyranlığını gizlətməyən Putin onun üzləşdiyi problemlərdən də nəticə çıxarmağı bacarır. SSRİ-nin Əfqanıstanda üzləşdiyi aqibəti yenidən Rusiyanın Suriyada yaşamasını istəmir.

Doğrudur, Putin İŞİD terroruna qalib gəldi, SSRİ isə mücahidlərlə mübarizədə daha çox uduzdu. Lakin hazırda Suriyada Əsədin hakimiyyətdə olduğu, Rusiyaya hərbi bazalarının saxlanılması təminatının verildiyi dövrdə Putin qoşunları çıxarmaqla onun üçün əlverişli status-kvonu saxlamaq istəyir.

Çünki, müxalifətin də iştirak edəcəyi Suriyanın gələcəyinə dair görüşlərdə hansı qərarların alınacağı, hakimiyyətə kimin gətiriləcəyi məsələsi hələ ki həll olunmayıb. Odur ki, Rusiya hazırda özü üçün ən uyğun dövrdə, əlverişli status-kvoda qalib siması ilə Suriyanı tərk etmək qərarına gəldi”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN