SON DƏQİQƏ

Güclənən diasporumuz - xaricdəki soydaşlarımızın mütəşəkkilliyi və dövlətin dəstəyi...

Tarix:8-12-2017, 11:43

Artıq Azərbaycan diasporu beynəlxalq miqyaslı konfranslar təşkil edir; ölkəmizin haqq səsinin dünyaya çatdırmaqla yanaşı, dünyadan haqqımızı tələb edirik!

Azərbaycan dövlətinin xarici siyasətində xarici dövlətlərlə, xüsusilə Avropa və MDB məkanında diasporlarımızın güclənməsi, lobbiçilik prioritet istiqamətlərdən biridir. Müasir dövrdə inkişaf edən dövlət üçün güclü diasporların olması, habelə lobbiçilikdən ciddi yararlanılması mühüm şərtlərdəndir. Məsələn, 15-20 il əvvələ baxsaq, bu gün bu istiqamətdə Azərbaycanın ciddi nailiyyətləri olduğunu görərik.

Azərbaycan hökuməti xaricdəki aktiv diaspor təşkilatlarına xüsusi önəm verir, onların güclənməsi üçün əlindən gələni edir. Dövlətimizin səyləri, habelə xaricdəki soydaşlarımızın vətənpərvərliyi nəticəsində bu gün MDB və Avropada Azərbaycanın güclü diasporu mövcuddur.

Azərbaycan diasporunun güclənməsi ermənilərin və bizi gözü götürməyən qüvvələrin, necə deyərlər, yuxusunu qaçırıb. Onlar ən müxtəlif təxribatlara əl ataraq diaspor təşkilatlarımıza zərbə vurmağa çalışırlar. Məsələn, 2017-ci il ərzində Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK) qarşı ən iyrənc davranışlar sərgiləndi. Bu onun göstəricisi idi ki, Azərbaycan dövlətinin önəm verdiyi ÜAK-ın fəaliyyəti dövlətimizi sevməyənləri, habelə, “sapı özümüzdən olan baltaları” da ciddi narahat edir. Məhz bu səbəbdən ÜAK-ın ləğvinə təəssüf ki, nail olundu. Amma güclü diaspor bir təşkilatın qeydiyyatını ləğv etməklə sıradan çıxarıla bilməz. Heç şübhəsiz ki, Rusiyadakı ziyalı, vətənpərvər soydalarımız ÜAK-ın bazasından istifadə edərək, daha effektiv bir təşkilatı qısa müddətdə rəsmiləşdirəcəklər...

Əgər əvvəllər, 10-15 il öncələr xüsusilə Avropadakı diaspor təşkilat və fəallarımız pərakəndə idisə, habelə dövlətlə koordinasiyalı fəaliyyət göstərə bilmirdilərsə, hazırda vəziyyət tam fərqlidir. Azərbaycan diasporu indi nəinki dövlətimizin təşviqatı ilə məşğuldur, artıq beynəlxalq konfranslar təşkil edir, dünyanın diqqət mərkəzində olan qlobal məsələlərin müzakirəsini reallaşdırır. Buna bir nümunə göstərək: Noyabrın 20-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda beynəlxalq forum keçirildi.

Foruma ən müxtəlif ölkələrdən mötəbər şəxslər qatılıb və dünyanın diqqətini cəlb edən mühüm bir toplantı baş tutub. Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib.

Hörmətli Əli Həsənov dünyanın xeyli nüfuzlu KİV-nin izlədiyi forumda Azərbaycan həqiqətlərini daha geniş və konkret arqumentlərlə diqqətə çatdırıb. Separatizmin acılarını yaşayan bir ölkənin diasporunun, rəsmi qurumlarının həyata keçirdiyi toplantıda Azərbaycanın yüksək səviyyəli dövlət rəsmisinin bu cür məruzə etməsi olduqca mühüm məsələdir və dünyaya mesajdır. Ən əsası, bu, diasporumuzun uğuru, gücüdür.

 

Azərbaycan adından təşkil olunan forumda dünyaya edilən çağırışlar, qoyulan tələblər heç şübhəsiz ki, Avropa və Qərbdəki beyin mərkəzlərini düşünməyə vadar edəcək məsələdir. Əli Həsənov həmin toplantıda qeyd edib ki, beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Sitat: “Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur”.

Prezidentin köməkçisi bildirib ki, hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadrat-kilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur: “Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir”.

Faktiki olaraq Azərbaycan və onun diasporu dünyanı bu məsələlərin həllinə tələsdirir, buna çağırır. Deməli, biz artıq seyrçi və Qarabağ məsələsinə münasibətdə yalnız imdad uman dövlət deyilik, dünyanın bir parçası olaraq, narahatedici məsələlərin həllini qaldırırıq. Bu, mühüm uğurdur.

Cənab Həsənov da bildirib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib.

Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Əlbəttə, Azərbaycan diasporunun ümdə vəzifəsi də Qarabağ həqiqətlərinin çatdırılması ilə bağlıdır. Prezidentin köməkçisi də məhz onun üzərində dayanıb ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir: "Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir".

Faktiki olaraq, Azərbaycan artıq öz haqq səsini dünyaya çatdırmaqla bərabər, dünyadan öz haqqını tələbə edəcək bir gücdədir. Brüssel konfransı bunu ortaya çıxardı. Azərbaycan dövləti və onun diasporu o qədər güclüdür ki, Avropanın göbəyində konfrans təşkil edərək, hazırda Azərbaycana münasibətdə böyük güclərin ikili standartlarını sərt tənqid edə bilir, başqa sözlə, bunu onların elə üzünə deyirik. Məsələn, həmin konfransda Ə.Həsənov beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törətdiyinin təəssüf doğurduğunu xüsusi vurğulayıb. Dövlət rəsmisi bildirib ki, bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə öz növbəsində BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Sitat: “Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır”.

Belə mühüm bir konfransda Azərbaycan həm də dünyaya o mesajı çatdırıb ki, dövlətimiz regionda Avropanın, Qərbin ən vacib enerji və təhlükəsizlik üzrə tərəfdaşı kimi özünü tam doğruldub. Təəssüflə qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir: “Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.

Hazırda dünyanı ciddi narahat edən daha bir məsələni - dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanların kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur olmasını - Azərbaycan və onun diasporu nüfuzlu şəxslərlə birlikdə müzakirə edirsə, bu Azərbaycanın dünyada gedən proseslərə biganə yanaşmaması və öz sözünü deyə bilməsi qənaətini formalaşdırmağa kifayət edir.

 

Prezidentin köməkçisi diasporumuzun təşkilatçılıq etdiyi tədbirdə bildirib ki, millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir: “Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir”...

Sonda, lobbi məsələsinin üzərində qısa tezislərlə dayanaq. Azərbaycan öz dövlət maraqları və mövqeyinin güclənməsi üçün təbii olaraq lobbiçilərdən istifadə etməlidir. Bunu ABŞ kimi bir dövlət də edir və bu istiqamətdə milyardlar xərcləyir. Azərbaycanın da bu istiqamətdə fəaliyyəti o qədər uğurludur ki, yenə də öz içimizdəki bəzi xainlərin vasitəsilə beynəlxalq qurumlar Azərbaycanın lobbiçilərdən istifadə etməsindən dövlətimizə qarşı qarayaxma kimi istifadə etməyə çalışırlar. Ancaq bu gülüncdür. Çünki lobbi fəaliyyəti beynəlxalq hüququn da çərçivələri daxilindədir və biz bundan çəkinmədən istifadə etməliyik.  

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN