Politoloq səfəri zəruri edən məsələlərdən danışdı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfər edəcək. Ərdoğan 65 il sonra Yunanıstana ilk səfər edən Türkiyə prezidenti olacaq.
Səfərin dekabrın 7-8-də baş tutması planlaşdırılır.
Səfəri “SonXəbərlər”ə şərh edən politoloq Qabil Hüseynli öncə bildirib ki, Yunanıstanla Türkiyə arasında münasibətlərin pozulması Birinci Dünya müharibəsindən sonra baş verib: “Yunanıstan Osmanlı imperiyası dönəmində 300 ildən də çox müddətdə türklərin müstəmləkəsi olub. Birinci Dünya müharibəsi dövründə Yunanıstan ingilis və fransızlarla birləşərək, Osmanlı imperiyasının parçalanmasında yaxından iştirak etdi. 1920-ci ildə çox alçaldıcı şərtlərlə Sevr müqaviləsi imzalandı. İstanbulu Konstantinopol adı altında, İzmiri, Mərmərə və Egey dənizindəki bütün adaları və bütövlükdə Türkiyənin qərb hissəsini Yunanıstana bağışlayırdılar. Türkiyə tərəfi isə bununla qəti şəkildə razılaşmadı. 1922-ci ildə Mudros müqaviləsi imzalandı. Bu müqavilənin də şərtlərinə görə Türkiyə ilə Yunanıstan arasında sərhədlər dəqiq müəyyənləşdi. İndiki İstanbul və İzmir də Yunanıstandan alınaraq Atatürkün iradəsi sayəsində yeni yaranmış Türkiyəyə verildi. O zamandan da Yunanıstanla Türkiyə arasında böyük gərginlik yarandı. Bu atmosferi yaradan birincisi yunanların uzun müddət türklərin hökmranlığı altında olması idi. İkincisi isə yunanlar hələ indiyə qədər belə hesab edirlər ki, Türkiyənin tərkibində olan bir sıra torpaqlar onların ana torpaqlarıdır və zəbt edilib. Bu baxımdan dəfələrlə Türkiyə ilə Yunanıstan arasında az qala müharibə həddinə çatan qarşıdurmalar olub. Bu qarşıdurmalar isə əsasən Egey dənizindəki adalar üstündə baş verib. Onu da deyim ki, İkinci Dünya müharibəsindən sonra Egey və Mərmərə dənizindəki 300-ə qədər kiçik adalar Türkiyəyə verilməli idi. Çünki onlar sahil sularının bölünməsi prinsipinə uyğun olaraq, Türkiyənin dəniz haqqı hesab edilirdi. Ancaq ingilislər və Avropanın bəzi ölkələri Yunanıstanın tərəfini tutdular. Nəticədə adalar Yunanıstanın tabeliyində qaldı. Yəni İkinci Dünya müharibəsindən sonra da Türkiyə ilə Yunanıstan arasında gərginlik davam etdi, xüsusilə də hava sərhədləri tez-tez pozuldu. Biz sözlə yunanlarla türklər arasındakı münasibətlər indiki azərbaycanlılarla ermənilər arasındakı münasibətlər kimi xoş olmayan məcra üzrə inkişaf edirdi. Bu səbəbdən də 65 ildən çoxdur ki, iki ölkə arasında heç bir siyasi gediş-gəliş baş vermirdi. Ona görə də bu gün Türkiyə ilə Yunanıstan arasında diplomatik münasibətlər mövcud olsa da, ölkələr arasında münasibətləri tənzimləyən ciddi müqavilə yoxdur”.
Politoloq bildirib ki, Ərdoğanın Yunanıstana səfər etməsi müsbət haldır: “Ərdoğan Yunanıstanla bir çox sahələr üzrə müqavilələr imzalamaq fikrindədir. Zənimcə bu, zəruri müqavilələrdir. Çünki Türkiyə ilə Yunanıstan arasında sərhədlərin delmitasiyası məsələsi hələ ki, açıq qalır. Xüsusilə bu, quru və dəniz ərazilərində özünü açıq şəkildə büruzə verir, tez-tez də qarşıdurmalara gətirib çıxarır. Bu səfər zamanı nəzərdə tutulur ki, Yunanıstanla sərhədlərin dəqiqləşdirilməsi, gömrük zonalarının yaranması məsələsi müzakirə edilib, müqavilələr imzalanacaq. Eyni zamanda iki ölkədən bir-birinə gediş-gəlişi çoxaltmaq üçün də müqavilə imzalanacaq. Yunanıstanın Türkiyədə mülkləri var ki, bunlar da dövlət tərəfindən qorunur. Məsələn, İstanbulun İstiqlal prospektində xeyli binalar var ki, vaxtilə yunanlara məxsus olub. İndi həmin mülkləri Türkiyə qoruyur və binadakı mənzillərin sahibləri gəlib sənədləri təqdim etdiyi vaxt, mülklər özlərinə qaytarıla bilər. Yunanıstanın Salonik bölgəsində də 300 min türk yaşayır. Ancaq yunanlar bu türklərə müəyyən sıxıntılar yaradırlar. Məsələn, məscid tikilməsinə icazə vermirlər. Yalnız son zamanlar türk icmasına millət vəkili seçilmək icazəsi verilib. İki ölkə arasındakı gərginliyin azalması hiss olunur. Bundan istifadə edən Ərdoğan, Yunanıstanla münasibətlərin yaxşılaşmasını öz adına yazmaq, Türkiyənin mövqelərini möhkəmləndirmək istəyir”.