SON DƏQİQƏ

2018-də iqtidar-müxalifət dialoqu - partiya sədrləri təklif gözləyir

Tarix:29-11-2017, 11:35

2018-ci ildə Azərbaycanda prezident seçkisi keçiriləcək. Ona görə də seçki illərinə xas olan siyasi aktivlik yəqin ki, növbəti il də müşahidə olunacaq. Siyasi qüvvələr arasında siyasi mübarizənin hansı səviyyədə keçəcəyi hələlik dəqiq bəlli olmasa da siyasi hərarət artacaq.

2015-ci ildə keçirilən parlament seçkilərindən bir müddət öncə hakimiyyətlə siyasi partiyalar arasında ard-arda bir neçə görüş keçirilmişdi. Ölkənin demək olar ki, bütün siyasi partiyalarının rəhbərliyinin qatıldığı dialoqda hakimiyyət də kifayət qədər yüksək səviyyədə təmsil olunurdu. Qarşıdakı seçki ilində hakimiyyət-müxalifət dialoqunun olub-olmayacağına gəlincə, müxalifət düşərgəsinin təmsilçiləri hazırda buna ümidsiz yanaşırlar.  

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, iqtidar-müxalifət dialoquna hər zaman ehtiyac var. Lakin indiki vəziyyətdən baxanda bunun reallaşması ehtimal olunan deyil: “Çünki müxalifətin iqtidarın ünvanına, iqtidarın isə müxalifətin ünvanına ritorikası çox sərtdir. Sərt ritorikalar olan yerdə dialoqdan danışmaq, masa arxasında əyləşmək çox çətin olur. Dialoq o zaman mümkün olur ki, ritorikalar yumşalır, tərəflər bir-birinə doğru addım atır. Bu gün bunlar müşahidə olunmur. Ona görə də indiki vəziyyətdə dialoqun baş tutması güman edilmir”.

Image result for ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu isə dedi ki, hakimiyyətlə siyasi partiyaların dialoqunun baş tutub-tutmayacağı daha çox hakimiyyətin davranışından asılıdır: “Biz dialoqdan imtina etmədiyimizi dəfələrlə bəyan etmişik. Hakimiyyət seçki ilində siyasi partiyalarla dialoqda maraqlı olacaqsa, məsələ reallaşacaq. Yəni dialoq məsələsində əsas söz hakimiyyətdədir”.

Image result for VİP sədri Əli Əliyev

VİP sədri Əli Əliyev isə bildirdi ki, iqtidar-müxalifət dialoqunun lazımlığı barədə sualın yaranması, belə təmasların yoxluğu ölkədəki siyasi düzənin anomaliyasından xəbər verir. Halbuki belə əlaqələr dövlətə lazım əlaqələrdir: “Əlbəttə ki, ölkədə iqtidar-müxalifət təmaslarına ehtiyac vardır. Özü də bu yalnız seçki ilə əlaqəli olmalı deyil. Eyni zamanda bu, tərəflərdən birinin məhəlli maraqlarına deyil, milli çıxarlara xidmət etməlidir. Son belə təşəbbüs 2014-2015-ci illərdə olmuşdu. Həmin təmaslar ilk mərhələdə YAP-ın siyasi rəhbərliyi tərəfindən sanksiyalaşdırılmış görünsə də, siyasi hədəfləri geniş təqdim olunsa da, sonradan dayandırıldı. Bu görüşlərin Avropa Oyunları üçün manevr məqsədli olduğu üzə çıxdı”.

Image result for Yeni AXCP-nin sədri Razi Nurullayev

Yeni AXCP-nin sədri Razi Nurullayev də bildirdi ki, iqtidar-müxalifət dialoquna, siyasi qüvvələrin məsələləri masa ətrafında əyləşərək müzakirə etməsinə hər zaman ehtiyac olub, indi də ehtiyac var: “İqtidar təklif irəli sürsün və desin ki, filan mövzu üzrə sizlərlə dialoq keçirmək istəyirəm. Bu zaman dialoq mümkün olar. Biz belə təşəbbüslərə açığıq. Yoxsa müxalifət dialoq təklifi verib özünü yüngülsaqqal edən deyil. Hər zaman təklif vermişik, amma daha bəsdir. Dialoq bizdən çox, iqtidara sərf edir və bir çox hallarda da onların siyasi balını artırır. Ona görə də məntiq tələb edir ki, predmet üzrə təklif versinlər və görsünlər ki, mümkündür, yoxsa yox. Hətta iqtidarın təklif verməsi də yetərli deyil, dialoqun reallaşması üçün təşkilatçılıq işini də həyata keçirməlidirlər. Dialoq hər iki tərəfin maraqlarına uyğun olmalıdır. Yalnız belə olduqda ölkənin də maraqlarına xidmət etmiş olur”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN