“Rusiya və Ukrayna arasında böyük müharibə baş verə bilərmi? Baş verərsə onun nəticələri necə olacaq? Ümumiyyətlə, Avropada Rusiyanın qarşısının almağın hər hansı yolu varmı?”
Almaniyanın nüfuzlu, həftəlik siyasi jurnalının icmalçısı Andreas Umland gələcəkdə Rusiya və Ukrayna arasında böyük müharibənin baş vermə ehtimalı üzərində dayanaraq bununla bağlı xüsusi məqalə qələmə alıb.
Müəllif yaxın illərdə Avropada qeyri-sabitliyin və qeyri-müəyyənliyin əsas mənbəyi olaraq bir tərəfdən NATO-Avropa Birliyi, digər tərəfdən isə KTMT-Avrasiya İttifaqı arasındakı geostrteji mübarizə ola biləcəyini dilə gətirib. Umland bunun ən təhlükəli nəticəsinin məhz Rusiya-Ukrayna savaşı ola biləcəyini yazıb.
Müəllif bu cür geopolitik müharibədə Rusiyanın III Reyxlə, Putinin də Hitlerlə müqayisəinin mahiyyətcə doğru olmadığını qeyd edir.
“Rusiyanın indiki rejimi kleptokratiya (hakimiyyətdən xalqı soymaq və varlanmaq üçün istifadə edən insanların iqtidarı-red.) olduğu halda Hitlerin faşist rejimi ideokratiya idi. Adolf Hitler bütün dünyada geopolitik inqilab həyata keçirmək istəyirdi.
Lakin Putinin bəşəriyyətin gələcəyi üçün xəyali təsəvvürləri yoxdur.
Onun hətta öz ölkəsi üçün böyük dövlət strategiyası mövcud deyil. Almaniyadakı faşist geopolitikası paranoyya, konspirologiya və fantaziyalar üzərində qurulduğu halda Rusiya kleptokratiyası hər şeydən öncə daxildə mövcud olan sistemin qorunmasında, habelə onun legitimiliyinin mühafizə edilməsində maraqlıdır. Yəni Putin üçün xarici siyasət daxili siyasətin sadəcə bir vasitəsi və davamıdır. Bu səbəbdən güc mövqeyinə əsaslanan siyasət Rusiya rəhbərliyinin beynəlxalq arenada davranışlarını müəyyən etməkdədir”.
Andreas Umland Putinin bu motivlə Krımın və Ukraynanın bir hissəsini işğalını həyata keçirdiyini düşünür. Müəllif bunun davamı olaraq Kremlin bütün Ukraynanı işğal etmək ehtimalının az olmadığını bildirir:
“Bu cür müharibə arzu olunan daxili siyasi effekt gətirməklə bərabər, xarici siyasətdə də o qədər də risqli hesab olunmur. Burada Rusiya rəhbərliyinin soyuqanlılıqla hesablanmış hesablarından danışmaq olar ki, məhz bu həm Ukraynanı, həm də Qərbi qorxuya salır”.
Umlandın fikrincə, baş verə biləcək müharibədə Ukraynanın heç bir şansı yoxdur. Qanadlı raketlər, yüzlərlə qırıcı təyyarələr, desant gəmiləri... əgər bunların hamısı savaşa cəlb edilsə, Kiyev sadəcə məhv olmağa məhkmdur. Avropa isə milyonlarla ukraynalı qaçqının qərbə üz tutması ilə ayrı bir xaos təhlükəsi ilə üzləşə bilər.
Umland həm NATO, nə də Avropa Birliyinin münaqişədə iştirak etmək ehtimalıının az olduğunu da yazır.
Müəllif bütün bunların qaşrısının almağın tək yolunun Şərqi və Mərkəzi Avropa ölkələri arasında imzalanacaq çoxtərəfli saziş olduğunu göstərir.
Yazıda bu cür yeni alyansın Cənubi Qafqazda təhlükəsizlik üzrə digər bir ittifaqdan nümunə götürə biləcəyi vuğrulanıb:
“NATO üzvü Türkiyə və Avropa Birliyinin “Şərq əməkdaşlığı” proqramının iştirakçısı Azərbaycan arasında imzalanan tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu il sazişi NATO üzvü olan və olmayan ölkələr arasında təhlükəsizlik sahəsində alyans qurulması üçün yaxşı nümunədir. “Türkiyə-Azərbaycan sazişi Şərqi Avropada iki dəniz (Baltik və Qəra) arasındakı məkanda gələcək koalisiyanın yaranması üçün əsas ola bilər. Ankara və Bakının ratifikasiya edilmiş ittifaqı Şimali Atlantika alyansının şərq və qərb üzvləri arasında kommunikasiyanın qurulması, həmçinin Baltik və Qara dəniz ölkələri arasında yeni müdafiə birliyi üçün nümunə saylmalıdır”.
Müəllifin fikrincə, Şərqi və Mərkəzi Avropa ölkələrinin, habelə Cənubi Qafqaz ölkələrinin yarada biləcəyi bu cür birlik Kremlə layiqli rəqibə çevrilə bilər.
“Bu səbəbdən yuxarıda bəhs edilən nümunə ilə qurulacaq Mərkəzi və Şərqi Avropa dövlətlərinin müdafiə ittifaqı Rusiyanın təcavüzünün qarşısını almağa qadirdir”, - məqalənin yekununda qeyd olunub.