SON DƏQİQƏ

Ərdoğan-Putin görüşü haqda ilginc proqnozlar

Tarix:8-11-2017, 15:00

Şahin Cəfərli: “Türkiyə Azərbaycanın qəbul etmədiyi və etməyəcəyi bir planı, təklifi dəstəkləməz”

“Dağlıq Qarabağ münaqişəsi Putin-Ərdoğan görüşündə əsas mövzu yox, müzakirə mövzularından biri olacaq. Bir saylı mövzu Suriya məsələsidir”.

Politoloq Şahin Cəfərli bu fikirləri Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Moskvada noyabrın 13-də keçiriləcək görüş barədə “SonXəbərlər”ə danışarkən söylədi.

Türkiyə prezidenti Azərbaycana səfərini başa vurub geri dönərkən ölkəsinin jurnalistlərinə açıqlamasında “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək” - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addımların atılacağına ümidlər yaradıb. Xüsusilə də bölgənin iki böyük dövlətinin münasibətlərinin normallaşdığı dövrdə Qarabağla bağlı müzakirələrin aparılmasının Azərbaycanın faydasına ola biləcəyi ehtimalı var. Ancaq Rusiyanın rəsmi açıqlamasından bəlli oldu ki, prezidentlərin görüşünə Qarabağ məsələsi ayrıca müzakirə mövzusu kimi əlavə edilməyib.

Ekspert qarşıdakı görüşdə müzakirə mövzusu olacaq digər mövzulara diqqət çəkdi: “Türkiyə Suriya məsələsi ilə bağlı Astana formatı çərçivəsində Rusiya və İranla əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq heç də hamar getmir və Türkiyənin maraqlarının təmin olunması baxımından bəzi problemlər və qeyri-müəyyənliklər var. Məsələn, Türkiyənin terror təşkilatı saydığı PYD-YPG qruplaşmasına Rusiyanın münasibəti Ankaranı qane etmir. Rusiya bu qruplaşmanı nəinki terror təşkilatı saymır, üstəlik, onların Moskvada rəsmi nümayəndəlik açmasına şərait yaradıb. Ötən ay PYD rəhbərlərinin Rusiyaya səfəri təşkil edilib və onlar Rusiya XİN-in rəsmi nümayəndələri tərəfindən qəbul olunublar. İndi isə Moskva Soçidə təşkil etməyə hazırlaşdığı və Suriyanın gələcəyinin müzakirə olunacağı Suriya Milli Dialoq Konqresində iştirak etməsi üçün PYD-yə də dəvət göndərib. Bundan başqa, Suriyanın gələcək dövlət quruluşu müəyyən edilərkən kürdlərə muxtariyyət verilməsi məsələsi də aktualdır və Əsəd rejimi bunu müzakirə etməyə hazır olduğunu bildirib”.

Ş.Cəfərli bildirdi ki, bütün bunlar Türkiyəni ciddi narahat edir və Ərdoğan-Putin danışıqlarının önəmli hissəsinin bu problemə sərf olunacağı sirr deyil: “İkinci önəmli müzakirə mövzusu isə Türkiyə-Rusiya iqtisadi-ticarət əlaqələrinin inkişafı, bu kontekstdə ”Türk axını" layihəsinin perspektivləri və ikitərəfli əlaqələrə aid digər məsələlər olacaq".

Image result for ŞahinCəfərli

Qeyd edək ki, noyabrın 15-16-da Ermənistan prezidenti Serj Sərkisyan da Moskvada səfərdə olacaq. Putin-Ərdoğan görüşündən sonraya təsadüf edən bu səfər Rusiya-Ermənistan əlaqələrinin 25 illiyinə həsr olunsa da, İrəvanda belə hesab edirlər ki, Putin Qarabağla bağlı Ərdoğanla razılaşacağı yeni planı Sərkisyana təqdim edə bilər.

Ş.Cəfərli isə yalnız yuxarıda qeyd etdiyi mövzuların müzakirəsindən sonra növbənin Dağlıq Qarabağ münaqişəsinə gələ biləcəyini düşünür: “Bu, ilk dəfə deyil və hər iki ölkənin maraqlarının olduğu Cənubi Qafqazdakı bu ixtilafın həlli məsələsi ötən illərdə zaman-zaman Rusiya-Türkiyə dialoqunda gündəmə gəlib. Lakin hər hansı nəticə əldə olunmayıb. Səbəb odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ayrıca beynəlxalq format var və bu məsələ Rusiya-Türkiyə münasibətləri və digər ikitərəfli müstəvilərdə, eləcə də başqa beynəlxalq qurumlarda detallı şəkildə müzakirəyə çıxarılaraq həlli oluna bilməz. Bəzən belə fikirlər eşidirik ki, Putin Ərdoğan vasitəsilə Azərbaycana mesaj göndərəcək və yaxud münaqişənin həllinə dair öz şərtlərini Türkiyə vasitəsilə Bakıya ötürəcək və s... Bu fikirlərə qatılmıram. Rusiya öz mövqeyini Azərbaycana çatdırmaq üçün vasitəçiyə niyə ehtiyac duysun ki? İki ölkə arasında normal münasibətlər var və tez-tez rəsmi, qeyri-rəsmi görüşlər keçirilir. Rusiya istənilən məsələ ilə bağlı mövqeyini Bakıdakı səfiri, yaxud bura göndərəcəyi emissarlar vasitəsilə problemsiz şəkildə çatdıra bilər. Eləcə də, çox vacib məsələlər xarici işlər nazirlərinin, prezidentlərin telefon danışıqları, üzbəüz görüşləri zamanı qaldırıla bilər”.

Politoloq bu məsələdə Rusiyanın gizli məqsədinin olması ehtimalına da münasibət bildirdi: “Nəzəri cəhətdən belə bir variant da mümkündür ki, Rusiya münaqişənin həlli ilə bağlı irəli sürdüyü hansısa planın - məsələn, məşhur Lavrov planının - Azərbaycan tərəfindən qəbul olunması üçün Türkiyənin rəsmi Bakı üzərindəki təsir imkanından yararlanmağa çalışsın. Yəni ola bilər ki, Putin Ərdoğandan Azərbaycanı həmin təkliflərə razı salmaq üçün öz nüfuzundan istifadə etməsini istəsin. Belə bir ehtimalı istisna etmirəm, lakin bu, elə də ağlabatan versiya deyil, çünki Türkiyə Azərbaycanın qəbul etmədiyi və etməyəcəyi bir planı, təklifi dəstəkləməz. Amma istənilən halda, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyəli görüş və danışıqlarda gündəmə gəlməsi, müzakirə mövzusu olması müsbət haldır. Ən azı, dünya vaxtaşırı görməli və anlamalıdır ki, belə bir problem də var və onu həll etmək lazımdır”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN