SON DƏQİQƏ

Sosialist inqilabı-faciələrin başlanğıcı, yoxsa xilas...

Tarix:8-11-2017, 11:00

Nəsiman Yaqublu: “Oktyabr sosialist inqilabı Rusiyanı da, digər xalqları da  inkişafdan geri qoydu”

Noyabrın 7-də 1917-ci ildə Rusiyada baş verən bolşevik inqilabının 100 il tamam oldu. 1991-ci ilə qədər bu hadisəni “Böyük Oktyabr Sosialist İnqilabı” adlandırır, az qala dünyanın yarısında, eləcə də Azərbaycanda təntənəli şəkildə qeyd edirdilər. Artıq 26 ildir sovetlər birliyi yoxdur və “oktyabr sosialist inqilabı” heç bir dövlət tərəfindən qeyd edilmir. Bu günü hazırda olsa-olsa hansısa kommunist təşkilatlarının üzvləri öz aralarında qeyd edirlər. Lakin hələ də Azərbaycanın özündə belə şəxslər tapılır ki, ara-sıra ortaya çıxıb oktyabr sosialist inqilabını tərifləyirlər, bu hadisənin xalqlara xoşbəxtlik, azadlıq gətirdiyini, elmin-təhsilin inkişafına təkan verdiyini, fəhlə-kəndli dövləti qurduğunu bəyan edirlər.

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu bu cür iddiaların əsassız olduğunu faktlara əsaslanaraq söyləyir. “SonXəbərlər”ə açıqlamasında Nəsiman Yaqublu bildirdi ki, oktyabr sosialist inqilabı yalnız bolşeviklərin hegemonluğunun əsasını qoydu, xalqlara fəlakət gətirdi: “Oktyabr sosialist inqilabının elm, təhsil, texniki tərəqqiyə verdiyi töhfələrdən danışılırsa, məgər oktyabr sosialist inqilabı və onun yaratdığı sovet rejimi olmasaydı elm, təhsil inkişaf etməyəcəkdi? Onların verdiyi töhfəni Qərb dövlətləri verə bilməzdi? Müqayisə etsək, sovetlər birliyində inkişaf güclü idi, yoxsa Avropada, ABŞ-da? Bütün istiqamətlərdə inkişaf baxımından Qərb dövlətlərinin modelinin daha düzgün, inkişafa aparan olduğu aydın şəkildə görünür. Bu ölkələrdə daha böyük inkişaf olub, nəinki sovetlər birliyində. Təbliğat aparırdılar ki, bizdə ”İliç lampaları" yanır, işıq lampalarını bizə oktyabr inqilabı gətirib. Məgər o zamanlarda ABŞ-da, Avropada, digər ölkələrdə işıq yanmırdı, avtomobil yox idi? Var idi və sovetlərdəkindən də yüksək səviyyədə idi. Yəni sovet rejiminin apardığı həmin təbliğat da əsassız idi".

Image result for Nəsiman Yaqublu

N.Yaqublu vurğuladı ki, SSRİ əgər güclü potensiala malik bir dövlət və sistem idisə məğlub olmamalı idi: “Bu gün SSRİ adlı dövlət yoxdur və onun mövcudluğu uğrunda da kimsə mübarizə aparmır. Oktyabr inqilabı iflasa uğrayan bir ideoloji sistem gətirmişdi özü ilə. Bu, bir imperiya idi. İşğal edilmiş xalqların siyasi azadlığını əlindən almış bir amansız quruluş idi. İşğal altında olan respublikalarda siyasi azadlıqdan söhbət gedə bilməzdi. Sosializm deyilən quruluş sovet dövlətində özünü doğrultmadı. Çünki bunun başqa bir formada modelləri ayrı-ayrı dövlətlərdə yaşadı, qaldı. Məsələn, Çin dövlətində sosializm sistemi qala bildi. Bolşeviklər elan edirdilər ki, bizim qurduğumuz dövlət fəhlə-kəndli sinfinə əsaslanır. Onda ortaya sual çıxır ki, bəs ziyalı sinfi nə etsin? Belə çıxır ki, ziyalılar, elita üçüncü dərəcəli insanlara çevrilirdilər. Quruluşa fikir verin, bütün varlı təbəqənin var-dövlətini, zavod, fabriklərini alıb savadı, siyasi şüuru olmayan fəhlələrin nəzarətinə verdilər. Nəticədə sənaye iflasa uğradı. Çünki savadsız fəhlələr savadlı kapitalistlərin müəssisələrini işlədə bilmədilər. Kənd təsərrüfatı sistemində qolçomaq adı ilə bütün imkanlı adamların torpaqlarını alıb verdilər kəndliyə. O baş verdi ki, kəndli o torpaqlardan istifadə eləyə bilmədi və 1920-ci, 1930-cu illərdə bütün SSRİ-ni aclıq bürüdü. Eləcə də mədəni sahədə acınacaqlı durum yaratdılar. 1920-ci illərin sonlarında bütün Azərbaycanın mədəniyyətinə, tarixinə aid kampaniya başladı. Bizim milli musiqi alətimiz olan tara qarşı kampaniya başladılar ki, tar yad alətdir. Hətta tanınmış şairlərimizdən biri ”Oxuma tar, oxuma tar. Səni sevmir proletar" yazdı. Mikayıl Müşfiq də onun əleyhinə “Oxu tar, oxu tar, səni kim unudar” yazdı. Mikayıl Müşfiq mədəniyyətimizə qarşı başladılan kampaniyaya bu cür cavab vermişdi. Məsələnin digər ən ciddi tərəfi bundan ibarət idi ki, oktyabr inqilabının yaratdığı sistem 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətini işğal etdi".

Tarixçi alim onu da qeyd etdi ki, oktyabr inqilabı Rusiyanın özünü də inkişafdan geri qoyub. Digər xalqların da inkişafının qarşısını kəsib: “Məsələn, Pribaltika xalqları həmişə mərkəzə etiraz edirdilər, deyirdilər ki, bizim inkişafımız sizdən yüksəkdir, siz imkan vermirsiniz biz daha da inkişaf edək. Dediyim odur ki, oktyabr inqilabı olmasaydı, Rusiyanın da, digər respublikaların da inkişafı daha sürətlə gedərdi. Bu gün sovetlər birliyində olmuş respublikalar inkişafda Qərb dövlətlərinə çata bilmir. Hər sahədə onlar bizdən inkişaf ediblər. Bizim onlara çata bilməməyimiz sovetlər birliyində inkişafın olmamasından, məhdud, qapalı sistemin olmasından irəli gəlir. İmkan vermədilər ki, cəmiyyət inkişaf eləsin. Oktyabr sosialist inqilabı bolşeviklərin zorla, insanları qətlə yetirmə yolu ilə hakimiyyətə gəlməsi idi. Yəni bunu xalq özü tələb etməyib, xalq arzulamayıb. 1917-ci ildən 1960-cı ilə qədər SSRİ-də 62 milyona qədər adam sistem tərəfindən qətlə yetirilib. Sovet dövləti həmişə müharibələrin başlamasının ocağı olub. Bunlar hamısı oktyabr sosialist inqilabından qaynaqlanırdı. Bu dövlət işğalçı bir imperiya idi. Buna heç bir haqq qazandırmaq mümkün deyil".     

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN