“Burada Rusiyada fəaliyyət göstərən erməni lobbisi ilə paralel Sergey Lavrovun başçılıq etdiyi şəbəkənin çox ciddi təsiri var” - politoloq
Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində noyabrın 1-də daha bir görüş baş tutdu. Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirildi.
Ekspertlər hesab edir ki, Tehran sammiti 2016-cı ilin avqustunda Bakıda keçirilən üçtərəfli sammitdə başlanan prosesi davam etdirən və sürətləndirilməsinə təkan verən zirvə kimi qiymətləndirilməlidir. Sammit iqtisadi mahiyyət daşıdığı üçün burada qəbul edilən qərarlar hər dövlətin iqtisadi yüksəlişinə xidmət edəcək. Bu istiqamətdə konkret anlaşmalar olub. Neft sahələrinin işlənməsindən, birgə investisiya fondunun yaradılmasına qədər çox ciddi qərarlar qəbul edilib. Bütün bunlar hər üç ölkədə inkişafa gətirib çıxaracaq strateji qərarlardı.
Beləliklə, bir daha sübut edildi ki, Azərbaycan-Rusiya-İran üçtərəfli formatı işlək formatdır. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatı da ən uğurlu əməkdaşlıq formatı olaraq tanınır. Bir-birinin ardınca böyük layihələr bu formatın əməkdaşlığı nəticəsində mümkün olub. Bu üçtərəfli formatlar normal şəkildə baş tutur və işlək mexanizm halındadır. Lakin Azərbaycan-Türkiyə-Rusiya formatı nədənsə alınmır. Buna mane olan nədir?
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, “SonXəbərlər”in qaldırdığı bu məsələ Azərbaycan, Türkiyə və Rusiya üçün çox böyük əhəmiyyət daşıyan, ciddi araşdırmaya ehtiyacı olan vacib məsələdir. Təkcə Azərbaycan və Türkiyə səviyyəsində deyil, həm də Rusiya səviyyəsində bu məsələyə cavab tapılmalıdır: “Bu məsələni Rusiya mediasına daşımaq, Rusiya siyasi düşərgəsinin müzakirəsinə çıxarmaq və məsələnin Kremlə qədər çatdırılmasını təmin etmək vacibdir. Çünki bu hər üç ölkənin maraqlarına cavab verən strateji bir məsələdir. Bunun tezliklə müzakirəyə çıxarılaraq həll olunmasına çalışmaq lazımdır. Bu məsələni çox ciddi surətdə həm Azərbaycanın, həm də Rusiyanın gündəminə daşımağa ehtiyac var.
Mən düşünmürəm ki, Rusiyanın geosiyasi maraqları üçlüyün qarşısını ala biləcək səviyyədədir. Əksinə, regionda çox vacib strateji ölkələr olan iki türk dövləti ilə üçlük formatında fəaliyyət göstərməsi, bütün sahələr üzrə əməkdaşlıq etməsi rusların maraqları çərçivəsindədir".
Politoloq qeyd etdi ki, bu formatın baş tutmaması Türkiyə və ya Azərbaycan dövlətinin mövqeyi üzündən deyil: “Qətiyyən belə deyil. Bu formatın baş tutmaması Rusiyanın daxilindən qaynaqlanır. Burada Rusiyada fəaliyyət göstərən erməni lobbisi ilə paralel Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi erməni şəbəkəsinin çox ciddi təsiri var. Azərbaycan prezidenti iki gün öncə Rusiya nümayəndəsinə dedi ki, biz Putinlə İranda görüşərkən bir çox məsələləri müzakirə etdik və o nəticəyə gəldik ki, Rusiya ilə Azərbaycan arasında həll olunmayacaq məsələ qalmayıb. Bu, o anlama gəlir ki, həm Azərbaycan rəhbərliyi, həm də Rusiyanın birinci şəxsi münasibətlərdə heç bir problem görmür. Belə olduğu təqdirdə son dövrlər Azərbaycana qarşı olan arzuolunmaz proseslər, təxribatlar, siyasi təzyiqlər o anlama gəlir ki, bunun arxasında Azərbaycanı sevməyən bir şəbəkə durur. Bu da Sergey Lavrovun rəhbərlik etdiyi şəbəkədir. Ona görə də Azərbaycan-Türkiyə-Rusiya üçlü formatının dəfələrlə söylənməsinə baxmayaraq hələ də fəaliyyət göstərməməsi bilavasitə erməni lobbisi və Lavrovun şəbəkəsinin fəaliyyətindən qaynaqlanır. Ona görə də məsələyə ilk növbədə bu kontekstdə yanaşmaq lazımdır. Təbii ki, bu formatın baş tutmasını, fəaliyyət göstərməsini istəməyən digər faktorlar da var. ABŞ, eyni zamanda müttəfiqi olan Avropa Birliyi və İran da belə bir formatın fəaliyyət göstərməsində maraqlı deyillər”.