Qabil Hüseynli: “Müəyyən dairələr kürdlərdən maşa kimi istifadə edir”; Məmmədli: “Bərzaninin ən düzgün qərarı istefa vermək idi”
İraqdakı Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib. Yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər. Kürdlərin müstəqillik referendumundan sonra İraq ordusu kürdlərin nəzarətindəki ərazilərin bir hissəsini ələ keçirdikdən sonra yerli müxalifət Bərzaninin istefasını tələb edib.
Bərzani 2005-cü ildən muxtariyyətə rəhbərlik edir. İndiyə qədər parlament onun səlahiyyət müddətini iki dəfə uzadıb. İndi qanunverici orqanın onun istefasını qəbul edəcəyi daha real görünür. Ekspertlər Bərzaninin gedişinin kürdlərə nə vəd edəcəyi barədə fikirləri birmənalı deyil.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Bərzani referendum addımı atmaqla kürd muxtariyyətini çətin durumda qoyub: “Kürdlər demək olar parçalanıb. Tələbaninin partiyası ilə Bərzaninin partiyası arasında çox böyük bir uçurum əmələ gəlib. Hətta aradabir toqquşmalar da baş verir. Proseslər onu göstərir ki, Bərzani heç də kürd xalqını sevən bir şəxs deyil. Şəxsi istəklərini, maraqlarını vətənin qayğılarından üstün tutur. Türkiyənin ”Şəfəq" qəzetində gedən və Bərzaninin ən yaxın adamlarından birinin verdiyi məlumatda onun varidatının həcminin 22 milyard dolları ötüb keçdiyi deyilir. Dünyanın bir sıra yerlərində Bərzanilər ailəsinə məxsus biznes strukturları uğurla fəaliyyət göstərir. Bir kürd jurnalistinin dediyi kimi, Səddam Hüseyn devriləndən sonra Bərzanilər ailəsinin gəlirləri ölçüyə gəlməyəcək dərəcədə artmasına baxmayaraq, sıravi kürdün həyatında heç bir dəyişiklik olmayıb. Əhalinin böyük hissəsi əvvəlki kimi yoxsulluq içərisində yaşayır. Səddam Hüseyn dönəmindən sonra Bərzani və onun yaxınları yaranan fürsətdən istifadə etməklə yanaşı, həmin bölgədə yaşayan türkmənlər, ərəblər və türklərlə kürdlər arasında qarşıdurmalar yaradıblar.
Bu nöqteyi-nəzərdən Bərzanilər ailəsinin kürdlər arasındakı nüfuzu son dərəcə aşağı düşüb. Hətta bu nəslin nümayəndələrinin ölkədən çıxarılması haqqında fikirlər də səslənir. Bərzani bəzi super-dairələrin təsiri altında müstəqillik referendumu keçirməklə özü və ətrafı haqqında fikirlərin senzuradan çıxmasına, ictimai rəyin dəyişməsinə şərait yaratdı. Bu gün Bərzanilər ailəsi kürdlərin qanını soran, kürdlərə xəyanət edən bir nəsil kimi tanınmaqdadır. Güman edirəm ki, parlament iki dəfə onun hakimiyyətdə qalmaq şanslarını uzatmaqla kürdlərin vəziyyəti yaxşılaşmayıb, əksinə daha da pisləşib. Məncə, parlamentdə müzakirələr zamanı bu məqamlar xüsusilə vurğulanacaq".
Politoloq Bərzaninin gedişinin kürdlərə nələr verəcəyinə də toxundu: “Zənn etmirəm ki, Bərzaninin gedişi kürdlərin müstəqilliyə gedən yollarını möhkəmləndirəcək. Kürdlər bir neçə ölkənin ərazilərinə səpələniblər. Onların mühacirət etməyi, bir ölkədən digərinə getməyi, köçəri halında yaşayan bir xalqa məxsus olan keyfiyyətləri özündə yaşatdıqlarından, ayaqlarını qoyduqları ərazilərin onlara məxsus olduğunu təsdiq etmələri çox çətindir. Əgər kürdlərin bir ucu İranda məskunlaşıbsa, digər ucu Aralıq dənizinə qədər çatan Suriya çöllərinə dirənir. Vaxtilə Atatürkün dövründə Van ətrafındakı məhdud bir ərazidə yaşayan kürdlər indi əzəli Azərbaycan torpaqları olan Diyarbəkir, Şanlıurfa kimi ərazilərdə məskunlaşıblar. Hətta Ankara, Trabzon və İstanbul kimi şəhərlərdə daha çox məskunlaşmağı bacarıblar. Məskunlaşdıqları ərazilərin onlara məxsus olması barədə fikirlərini deyə bilirlər. Bərzani dövründə kürd ərazilərinin üç dəfəyə qədər artması məhz bu yayılma və başqa xalqların ərazilərinə göz dikmə hallarına görə əmələ gəlib. Eyni proseslər müxtəlif ölkələrdə baş verir. Müəyyən dairələr var ki, kürdlərdən maşa kimi istifadə edir, onlara müxtəlif vədlər verərək, onları həmin bölgədəki digər xalqlarla qarşıdurmaya sürükləyirlər. Düşünürəm ki, kürd muxtariyyətinin rəhbərliyi, onların içərilərindən çıxmış ziyalılar mövcud reallığı nəzərə alıb, qonşularla dinc yaşamaq xəttini milli şüurlarında möhkəmləndirməlidirlər”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Bərzaninin ən düzgün qərar verdiyini düşünür: “Bərzani ağıllı və praqmatik siyasətçidir. İndiki situasiyada onun ən düzgün qərarı istefa vermək idi. Bərzanini dəstəkləyən qüvvələr onu yarı yolda qoydu. Və Bərzani də anladı ki tək başına Türkiyə, İran və İraqla bacara bilməz. Bunun üçün də ən düzgün qərar verərək istefa etdi. İraq Kürdüstanının yeni hökuməti Bağdadla danışıqlara gedib hələlik müstəqillikdən imtina edəcəklər. Bu da Bağdaddan qorxduqları üçün deyil, Türkiyə və İranla üz-üzə gəlməmək üçün ediləcək. Üstəlik də ABŞ, Avropa və İsrailin kürdləri yarı yolda qoymasından baş verəcək. Əvvəllər dediyim kimi, Şimali İraqda ABŞ kürdlərə görə Türkiyə və İranla açıq savaşa girən deyil”.