SON DƏQİQƏ

Ölkədə minlərlə insan vəkilsiz qala bilər: yeni qanun

Tarix:20-10-2017, 11:00

Fazil Mustafa: “Belə qərar verilən zaman vətəndaşların vəziyyətini yüngülləşdirəcək mexanizmlərin tapılmasının tərəfdarıyam”; Əsabəli Mustafayev: “Azərbaycan hələ buna hazır deyil”

Fiziki şəxslərin məhkəmədə vəkil olmayan hüquqi nümayəndələr tərəfindən müdafiə edilməsinə qadağa qoyula bilər. Belə ki, 6 oktyabrda Milli Məclisdə Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Vəkil və vəkillik fəaliyyəti haqqında” Qanuna nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı təklif müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.

Təklif edilən layihədə bütün məhkəmə işlərində fiziki şəxslərin təmsilçiliyinin (nümayəndəliyinin) Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslara verilməsi, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmə təmsilçiliyinin ləğvi nəzərdə tutulur.

Bu qərara vəkillər də narazılıqlarını bildiriblər. Belə ki, bir neçə vəkil vəkillik fəaliyyəti haqqında qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə mətbuat konfransı keçirib. Konfransda tanınmış hüquqşunaslar Ramil Süleymanov, Fərhad Mehdiyev, Xalid Bağırov və digərləri iştirak ediblər. Hüquqşunaslar bildiriblər ki, qanun layihəsində nümayəndəlik institutunun ləğvi nəzərdə tutulur ki, bu da məhkəmələrdə çıxış edən vəkillərin fəaliyyətini məhdudlaşa bilər.

Mövzu ilə bağlı “SonXəbərlər”ə danışan deputat Fazil Mustafa bildirib ki, qərara əsasən, nümayəndəlik institutu ləğv olunur: “Bu da müəyyən dərəcədə nümayəndə heyətinin vəkilliklə əvəz olunmasına gətirib çıxaracaq. Təbii ki, burada müəyyən problemlər yaşanacaq. Çünki elə insanlar var ki, onlar heç müdafiəçi tutmaqda maraqlı olmurlar. Sadəcə olaraq, öz nümayəndələri vasitəsilə müdafiə olunmağa üstünlük verirlər. İndi isə bu, problem yaradacaq. Hər halda, bu məsələ Milli Məclisdə müzakirə edilən zaman fikirlərimizi bildirəcəyik. Prinsip olaraq bu qərar verilən zaman vətəndaşların vəziyyətini yüngülləşdirəcək mexanizmlərin tapılmasının tərəfdarıyam. Ləğvlə məsələ yekunlaşmır. Çünki nümayəndəlik bir çox hallarda vəkillikdən daha fərqli bir vəziyyətdə anlaşılır. Ona görə də vətəndaşa daha geniş imkanlar yaradır. Buna görə də daha düşünülmüş addım atılmalıdır. Şəxsən mən bütövlükdə ləğvetmənin tərəfdarı deyiləm. Proseslərdə müəyyən məhdudlaşmalar ola bilər. Lakin tam olaraq vətəndaşın təmsilçilik imkanlarının tanınması, bunun asanlaşması baxımından nümayəndəliyin olması lazımdır. Vəkillər Kollegiyasının üzvü olmayanlar mülki işlərə çıxa bilməyəcəklərsə, bu, böyük çətinliklər yaradacaq. Çünki bizdə vəkillərin sayı çox deyil. Nəticədə qiymətlər də bahalaşacaq”.

Image result for Vəkil Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev ölkədəki mövcud durumu şərh edərək, bəhs etdiyimiz qərarın ciddi problemlərə yol aça biləcəyini söyləyib: “Bu proses müxtəlif ölkələrdə fərqli formalardadır. Məsələn, bəzi Avropa ölkələrində məhkəmələrdə ancaq vəkillər iştirak edirlər. Elə ölkələr də var ki, orada nümayəndələr də olur. Bir sıra ölkələrdə bu nümayəndələr heç bir qurumda təmsil olunmurlar, ancaq bəzi ölkələrdə hansısa vəkillər kollegiyasının bir strukturu kimi fəaliyyət göstərirlər. Yəni iki cür vəkil olur: nümayəndə kimi iştirak edənlər və bütün işlərə qoşulanlar. Əgər hökumət bu cür qərar verirsə ki, məhkəmələrdə ancaq kollegiyanın üzvləri iştirak etsinlər, o zaman bunu da mərhələli formada etmək lazımdır. Hazırda ölkədə 800-dən bir qədər artıq vəkil, 10 mindən də çox nümayəndə var. Deməli, mülki işlər üzrə böyük bir yükü bu nümayəndələr aparırlar. Birdən-birə bu nümayəndəliyin ləğv edilməsi o deməkdir ki, həmin işlərə də vəkillər çıxmalıdırlar. İndiki halda isə vəkillər bu yükün öhdəsindən heç cürə gələ bilməzlər. Digər tərəfdən də onlar çoxsaylı işləri üzərlərinə götürsələr, deməli, əhaliyə keyfiyyətli yardım məsələsindən danışmaq mümkün deyil. Əhali özü də böyük çətinliklərlə üzləşəcək. Birincisi, nümayəndələr daha ucuz qiymətə gedirlər. Çünki onların ödədiyi vergilərin məbləği azdır. Vəkillər isə təxminən 36 faiz vergi verirlər. Eyni zamanda nümayəndələr daha əlçatandır. Məsələn, Sumqayıtda hüquq məsləhətxanası bir yerdədirsə, nümayəndələrə hər mikrorayonda rast gəlmək olur”.

Ə. Mustafayev xatırlatdı ki, Azərbaycanda elə rayonlar var ki, orada bir vəkil belə yoxdur: “Bəs bu rayonların məsələsi necə olacaq? İnsanlar ancaq vəkillərə müraciət etməli olsalar, maddi durumu aşağı olanlar bu hüquqdan istifadə edə bilməyəcəklər. Nəticədə isə hüquqi yardımsız qalacaqlar. Ən bəlalı məsələ də budur ki, bizdə hələ pulsuz hüquqi yardım sistemi qurulmayıb. Yəni insanlar xüsusilə mülki və inzibati-icraat qaydasında olan işlərdə pulsuz hüquqi yardım ala bilmirlər. Ona görə də belə görürəm ki, hökumət əgər bu sistemi sadaladığımız problemlərə baxmayaraq seçərsə, o zaman vəkillərin sayını 4-5 dəfə artırmaq lazım idi. Bundan başqa, indiyə qədər pulsuz hüquqi yardım sistemini də yaratmaq gərəkirdi. Vəkilliyə qəbulu sadələşdirmək, heç olmasa, hər il qəbulları həyata keçirməyə ehtiyac olacaq. Bütün bunlar edilərdisə, daha sonra bəhs etdiyimiz qərar barəsində düşünmək olardı. İndiki mərhələdə isə hesab edirəm ki, bu, əhalinin maraqlarına olduqca ciddi mənfi təsir edəcək”.

Vəkil bu cür dəyişikliyə hansı səbəbdən gedildiyinə də münasibət bildirib: “Hesab edirəm ki, buna ona görə getdilər ki, 800 nəfər vəkili idarə etmək daha asandır. Özü də bir məsələ də var ki, nümayəndələr eyni strukturda birləşməyiblər. Ona görə də nümayəndələrə təsir etmək imkanları çətindir. Vəkillərlə bağlı isə məsələ bu cür deyil. Hər bir vəkilin hansısa hüquq məsləhətxanasında adı gedir. Həmin məsləhətxananın isə təbii ki, rəhbəri var. Bundan əlavə, kollegiya, kollegiyanın da ayrıca rəyasət heyəti var. Bu baxımdan, vəkilləri asan idarə edirlər. Ola da bilər ki, məsələ qanunla bağlıdır. Yəni kimlərsə hesab edə bilər ki, işə çıxanlar vəkillər, peşəkar hüquqşünaslar olsunlar. Ancaq bugünkü gündə belə sistemə keçmək çox ziyanlı qərar olacaq. Çünki Azərbaycan hələ buna hazır deyil”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN