SON DƏQİQƏ

“Oğlunun Araz Əlizadəyə müavin seçilməsi kriminal olay deyil”

Tarix:19-10-2017, 12:45

Deputatın atdığı addıma fərqli reaksiyalar; partiya sədrlərindən “bu, kənardan gələn təkliflə edilib” deyən də var

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin oğlu Səməd Əlizadənin atasına müavin seçilməsi mediada və sosial şəbəkədə fərqli yanaşmalara səbəb olub. Bir çox insanlar partiya sədrinin oğlunun ona müavin gətirilməsini qınayır və bunun demokratiyaya uyğun olmadığını iddia edirlər. Qeyd edək ki, mediada Səməd Əlizadənin A.Əlizadəyə sədr tərəfindən müavin təyin edildiyi yazılıb. Amma A.Əlizadə deyib ki, oğlu bu posta seçilib.

Bəs partiya sədrləri bu hadisəyə necə yanaşırlar, onlar da övladlarını özlərinə müavin təyin edərlərmi?

ADP sədri Sərdar Cəlaloğlu bir partiya sədrinin övladını özünə müavin təyin etməsini və ya seçdirməsini normal hal hesab etmədiyini  bildirdi. S.Cəlaloğlu deyir ki, ölkədə müşahidə olunan tendensiya belə bir halın ortaya çıxmasına səbəb olub: “Öncə deyim ki, partiya üzvü partiyanın sədrinin oğludursa, onun hüquqlarını məhdudlaşdırmaq olmaz. Partiya sədrinin oğlu əgər partiyanın üzvü kimi özünü ciddi şəkildə doğrulda və partiya daxilində dəstək qazana bilibsə, onun partiyada vəzifəyə seçilməsi normaldır. Mən bilmirəm Araz Əlizadənin partiyası fəaliyyət göstərir, yoxsa yox. Eyni zamanda bilmirəm ki, oğlu siyasi fəaliyyətlə məşğul olub, ya yox.  Mən bu hadisəni təsadüfən baş vermiş və təkcə Araz Əlizadənin istəyindən doğan hadisə kimi qəbul etmirəm. Əksər dövlət və hökumət qurumlarında rəhbər şəxslərin yaxın qohumları, övladları onların yanında işləyir. Hər kəs öz kreslosunda özündən sonra övladını görmək istəyir, buna çalışır. İndi bu tendensiya, deyəsən, siyasi partiyaların sədrlərinə də sirayət eləməkdədir. Övladını ”əvvəlcə özünə müavin gətir, sonra sədr et" yanaşması işə düşür. Bu, ölkə miqyasında gedən tendensiyaya haqq qazandırmaqdır, təsadüfən baş vermir. Çox güman ki, Araz Əlizadəyə bu addımı atmağı təklif ediblər. O da reallaşdırıb".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, hər bir partiyanın həyatı ölkənin həyatından ayrı deyil. Partiyaların da həyatı ölkənin ictimai-siyasi həyatının tərkib hissəsidir: “Bunu nəzərə alsaq, partiya sədrinin oğlunun partiyanın sədr müavini gətirilməsi gözlənilən bir hadisədir. Hər bir partiya üzvünün partiya sədrinin oğlu olsa belə, hansısa vəzifəyə təyin edilmə, seçilmə hüququ şübhəsiz ki, var. Partiyadaxili demokratik şərait olsaydı, demokratik prinsiplər tam gözlənilsəydi, kimliyindən asılı olmayaraq layiq olan şəxsin təyinatı  normal qəbul olunardı. Amma partiyaların daxilində demokratik şərait olmadığına, olanlarda da çox məhdud olduğuna görə cəmiyyətin diqqətini bu cür hallar cəlb edir və müsbət qarşılanmır. Təbii ki, hər bir gerçək demokrat çalışar ki, belə məsələdən uzaq olsun. Çünki bu, ilk növbədə şəxsi siyasi reputasiyasına, həm də partiyasının reputasiyasına mənfi təsir göstərir”.  

Image result for VİP sədri Əli Əliyev

VİP sədri Əli Əliyev qeyd etdi ki, Araz Əlizadənin oğlunun ona müavin seçilməsi qərarı məxsusi qərardır: “Azərbaycanda bunun baş verməsi təbii qarşılanmalıdır. Mənə görə, bu əməldə kriminal bir iş yoxdur. Əgər həmin gənc qabiliyyətlidirsə, niyə də olmasın? Oğulun atasının peşəsini mənimsəməsi normal hadisədir və düzgün işdir. Bütün dünyada bu belədir. Dünya nəhəngi şirkətlər, maliyyə qrupları var ki, orada sülalə prinsipi ilə idarəçilik var. ABŞ-da siyasi klanlar var - Kennedi, Buş və s. Əgər cəmiyyət rəqabət əsasında formalaşıbsa, proteksiya toplumun hərəkətverici qüvvəsidirsə, belə nəsil davamçılığında ziyanlı heç nə yoxdur. Rəqabət və bərabər şərtlər cəmiyyəti idarə etməlidir. Rəqəmsal texnologiyaların liderliyinin ABŞ-a məxsus olmasını şərtləndirən amil "İBM"lə "Apple"ın, Geytslə Cobsun amansız rəqabəti olub. Təəssüf ki, bu, normal cəmiyyətlərin daxili reallığıdır.

Bizim cəmiyyətdə belə təyinatlara ona görə qıcıqla yanaşılır ki, eybəcər nümunələr var. Misal üçün, mən elə yüksək vəzifələrə təyin edilmiş övladlar tanıyıram ki, iş otağında mebel dəyişdirmək və avaraçılıqdan başqa iş bilmir. Fikrimcə, Araz Əlizadənin oğlunun müavin təyinatı bu cür səbəblərdən süngü ilə qarşılanır. Bəlkə də o gənc qabiliyyətli birisidir. Mənə gəldikdə, əgər övladım siyasətlə məşğul olmaq istəsə, hər hansı partiyadaxili posta layiq olsa, təyinatdan çəkinmərəm. Amma təyinata qədər o, özünü partiyada təsdiq etməli, layiqliyini sübut etməlidir".

ASDP sədri, deputat Araz Əlizadə isə bildirib ki, oğlunu o, müavin təyin etməyib, bu, təyinat deyil, seçki yolu ilə həyata keçirilmiş addımdır: “Oğlunu niyə müavin təyin edir?” deyənlərin partiya sistemindən xəbəri yoxdur. Bizim partiyada heç kim heç kimi vəzifəyə gətirmir. Oğlum Səməd Əlizadə Azərbaycan Gənclər Təşkilatının da, partiyanın da üzvü olub. 2014-cü ildən o, təyinatla partiyanın beynəlxalq katibidir və beynəlxalq tribunada bizi təmsil edib. Bu dəfə onun müavin vəzifəsinə namizədliyi irəli sürüldü və səsvermə yolu ilə seçildi".

Səməd Əlizadənin siyasətçi deyil, iqtisadçı olmasına gəlincə, deputat deyib ki, oğlu siyasəti də yaxşı bilir: “Səməd öz işlərinin öhdəsindən müvəffəqiyyətlə gəlir. Partiyada, partiyanın beynəlxalq məsələlərində mənə kömək edir. Artıq partiya üzvləri onun çox yaxşı işlədiyinə qərar verib və seçildiyi vəzifənin başına keçə bilər. Amma öz ixtisasının da arxasınca gedəcək, doktorantura təhsili alır və dissertasiya da yazır. Partiyada demək olar, maaş yoxdur, Səməd ailəsini də dolandırmalıdır. Lakin partiya işi ilə ailəsini dolandıra bilməz”.

Qeyd edək ki, ASDP-nin XIII qurultayı olub. Məlumata görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib. Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub. Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN