SON DƏQİQƏ

Rusiya üçün sınaq ili – bir neçə aya ölkə qarışa bilər

Tarix:18-10-2017, 12:33

Qabil Hüseynli: “Putinin yeganə qorxusu xaosun baş verməsi ilə bağlıdır”

2018-ci il martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca dünyanın diqqəti Moskvaya yönəlir. Hazırda indiki prezident Vladimir Putinin növbəti dönəm üçün - dördüncü dəfə prezidentliyə iddiaçı olub-olunmayacağı müzakirə mövzusudur.

İndiyə qədər Kreml rəhbərinə yaxın çevrələrdən onun namizədliyini irəli sürəcəyi ilə bağlı bəzi açıqlamalar verilib. Bir sıra ekspertlər bildirir ki, Putinin rəsmi namizədliyi verilməyənə qədər bu haqda danışmaq tezdir.

Bir qism ekspertlər isə seçkiyə qədər Rusiya daxilində çox ciddi proseslərin başlaya biləcəyini ehtimal edirlər. Xüsusilə, 4 ilə yaxındır Qərbdən gələn sanksiyaların rus xalqını artıq təngə gətirdiyi və buna görə Putini günahkar hesab etdikləri vurğulanır. Bu səbəbdən marta qədər şimal qonşumuzda kütləvi etiraz aksiyalarının başlanacağı ehtimalı da yüksəkdir. Məhz bu baxımdan Putinin bir-birinin ardınca qubernatorları istefaya göndərdiyi və mərkəzi hakimiyyətini gücləndirdiyi vurğulanır. Konkret olaraq, söyləmək mümkündür ki, Putin növbəti dönəm üçün prezidentliyini rahatlıqla, qansız-qadasız rəsmləşdirmək istəyir.

Onun prezident postunda qalacağı təqdirdə bunun dünyaya və regiona xoş heç nə vəd etmədiyi, yaratdığı münaqişə ocaqlarının qalacağı, hətta yeni-yeni savaş bölgələrinin meydana çıxacağı barədə müxtəlif fikirlər var.

Politoloq Qabil Hüseynli Putinin yenidən namizədliyini irəli sürəcəyinə heç kimdə şübhənin olmadığını düşünür: “Onun indiki hərəkətlərindən bu aydın görünür. Qubernatorları, nazirləri dəyişir, ciddi kadr dəyişiklikləri aparır. Bu yeni prezident seçkilərinə hazırlaşan şəxsin hərəkətlərinə bənzəyir. Putin ambisiyalı bir vaxtında hakimiyyətdən heç cür imtina etməz. Üstəlik o, dünyanın ən varlı prezidenti hesab olunur. Əlində çox böyük vəsaitləri var. Bu vəsaitləri müxtəlif şəxslərin adına rəsmiləşdirib. Belə bir şəraitdə onun hakimiyyətdən getməsi özü üçün xoşagəlməz nəticələrlə bitə bilər. Bu nöqteyi-nəzərdən Putin növbəti 7 il üçün prezident seçiləcək. Qalib gələcəyinə şübhə etmirəm. Rus xalqı Putinə səs verə bilər. Yəqin ki, insanlar könüllü səs verməsələr belə vətəndaşları ona səsverməyə məcbur edəcəklər. Putinin Krım və Gürcüstanın bir sıra ərazilərini işğal etməsi, Qərblə burun-buruna dayanması, Suriyadakı uğurlu gedişi, hərbi xərclərə daha böyük diqqət ayırması ilə rus xalqının dinc yaşamasına nail olması Putinə olan məhəbbəti artırır. Sadaladığım amillər rus xalqının yaşamını çətinləşdirsə də, Putinə sevgini azaltmır. Putin bu hərəkətləri ilə SSRİ dövründə olan fövqəlgücü dirçəldir. Təbii ki, Rusiyada hamı bu cür düşünmür. Rusiyanı indiki vəziyyətə salan, korrupsiya və rüşvətxorluqda boğan, ölkənin milli gəlirinin böyük hissəsini boşuna hərbi xərclərə sərf edən Putini bəyənməyənlər də az deyil. Onlar hesab edirlər ki, bu gəlirləri əhalinin maddi durumuna sərf etmək daha yaxşı olardı. Əhalini narahat edən amillər də az deyil. Bu cür təcavüzkar siyasətin Rusiyanın gələcəkdə xeyrinə işləməyəcəyindən çəkinənlər də var. Bu hallar həqiqətən də Rusiyanı çox çətin bir vəziyyətə sala bilər. Kommunist Partiyasının tərəfdarları hesab edirlər ki, SSRİ-ni sürətli silahlanma dağıtdığı kimi Rusiyanı da silahlanmaya çox xərc çəkməsi yıxa bilər. Üstəlik Rusiyada kapitalizmin ”vəhşi kapitalizm" deyilən bir forması bərqərar olub. Burada sosial dövlət anlayışından danışmaq çox çətindir. Çünki Putin və onun çevrəsinə yaxın bir qrup ölkənin milli sərvətlərinin böyük hissəsinə yiyələnib. Milli sərvətin böyük bir hissəsi ölkədən çıxarılaraq, offşor zonalarda, xarici banklarda yerləşdirilib. Putinin bu siyasətinin Rusiya üçün nələr gətirdiyini başa düşən insanlar ondan imtina edib, Qərbsayağı bir dövlət qurub, Rusiyanın gəlirlərinin əhalinin yaxşı yaşamasına, iqtisadiyyatın inkişafına yönəldilməsini tələb edirlər. Doğrudur, belə düşüncə sahibləri azlıqdadırlar. Amma ölkənin intellektual kəsimindirlər. Onlar ölkənin inkişafını başqa ərazilərə təcavüz etməməkdə, eləcə də, köhnə SSRİ-nin bərpası kimi xam xəyallara qatılmamaqda görürlər".

Image result for Politoloq Qabil Hüseynli

Politoloq hazırda Rusiyada azlıqda qalan millətlərin nümayəndələrinin də Putindən çox narazı qaldıqlarını qeyd etdi: “Milli azlıqların nümayəndələri hər an Rusiyada qarşıdurma yarada bilərlər. Bunların içərisində çeçenlər, altaylar, başqırdlar və digərləri daha fəaldırlar. Onlar ayrılaraq, öz müstəqil dövlətlərini qurmaq istəyirlər. Rusiya kimi böyük bir ərazini idarə etmək çox çətindir.  Bu baxımdan Putin dövründə hakimiyyətin  mərkəzləşdirilməsi, Kremlin bütün səlahiyyətlərə malik olması bu gün pislənilməkdədir. Ölkənin problemləri həddindən artıq çoxdur. Xarici siyasətdə Amerika ilə ciddi konfliktlər mövcuddur, NATO ilə ciddi qarşıdurma yaşanır. Bu sarıdan Rusiyanın gələcəyi haqqında bədbin fikirlərə daha çox rast gəlirik. Hətta onun parçalanacağı ilə bağlı fikirlər də söylənilir. Belə bir şəraitdə Putinin yenidən prezident seçilmə ehtimalları olduqca yüksəkdir. Çünki rus xalqının böyük bir hissəsi imperialist təfəkkürə malikdir. Putin kimi müharibələrə meylli, ərazilərini genişləndirməyə can atan birinin hakimiyyət başında qalmasını onlar istəyirlər, hətta bunu sevinclə qarşılayırlar. Bu nöqteyi-nəzərdən gələn ilin martına qədər Putinin yeganə qorxusu ölkədə xaosun baş verməsi ilə bağlı ola bilər. Putin hesab edir ki, bu xaosu xarici dövlətlərin xüsusi xidmət orqanları həyata keçirə bilər. Ona görə də həm qubernatorları dəyişdirir, həm də ölkədə milli təhlükəsizlik sisteminin daha yaxşı işləməsi üçün əlavə tədbirlər görür. Ölkə gərgin, əsəbi günlərini yaşayır. Bu əsəbilik özünü hər addımda büruzə verir. Belə görünür ki, 2018-ci ilin martında keçiriləcək prezident seçkiləri heç də asan olmayacaq və Rusiya üçün ciddi sınaq ili olacaq”.

M.Quliyev.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN