Ağ Evin gizli məktubu üzə çıxdı; Vaşinqton açıq kartla oynamağa başladı
ABŞ-ın dövlət katibi Reks Tillersonun məlum referenduma 2 gün qalmış İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzaniyə göndərdiyi məktubun tam mətni ortaya çıxıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tillerson məktubda Bərzaninin Bağdadla bağlı ABŞ-ın da dəstək verdiyi müzakirələrə son bir şans tanımasını təklif edib.
“ABŞ BMT-nin dəstəyi ilə nəzərdə tutulan bir illik danışıq müddətində sizə kömək etməyə hazırdır” - deyə məktubda qeyd edilir. Bundan başqa, məktubda Ərbil ilə Bağdad arasındakı gəlir və torpaq anlaşmazlıqlarının aradan qaldırılması, Kərkükdə də referendumu nəzərdə tutan konstitusiya maddəsinin tətbiq olunması vəd edilir.
“Görüşün, anlaşa bilməsəniz, referendumu tanıyacağıq”
Məktubun ən diqqətçəkici məqamı isə ABŞ-ın dövlət katibinin verdiyi vəddir. Tillerson yazır ki, İraq ilə İKMV arasında aparılacaq danışıqlar sonrasında razılıq əldə olunmasa, ABŞ kürdlərin keçirdiyi referendumu tanıyacaq: “Əlbəttə, bu prosesin sonunda danışıqlar nəticəsiz qalarsa, istənilən nəticəyə çatılmazsa və ya rəsmi Bağdad tələblərinizə qarşı çıxarsa, keçirilən referendumu tanıyacağıq”.
Bu, ABŞ-ın Türkiyəyə qarşı oyununun artıq açıq şəkildə üzə çıxması və Kürdüstan proyektinin arxasında ABŞ-ın dayandığının sübutudurmu? Artıq indidən söyləmək olarmı ki, heç bir ciddi razılaşma olmayacaq və Vaşinqton bəhanə edib referendumu tanıyacaq? Referendumu tanımaq isə Kürdüstanınmüstəqilliyini tanımaq deyilmi?
Politoloq Elşən Mustafayev bildirdi ki, İraqın Kürdüstan bölgəsində referendum keçirilməsinə reqionda marağı olan dövlətlərin qeyri-rəsmi “yaşıl işıq” yandırması öncədən bəlli idi: “Hətta demək olar ki , indiki məqamda Bərzanini buna həvəsləndirmişdilər. Bu layihəyə Səddam Hüseyn rejimi devriləndən dərhal sonra start verilmişdi. ABŞ hərbiçilərinin İraqı tam nəzarətə götürməsindən sonra İraq prezidentliyinə kürdlərin liderlərindən biri olan Cəlal Təlabaninin gətirilməsi o zaman çox şeydən xəbər verirdi. ABŞ və Avropada bu proseslərə hər mənada dəstək verən güclər mövcuddur. Artıq illərdir ki, müxtəlif ölkələrdə keçirilən müxtəlif səviyyəli beynəlxalq tədbirlərə İraqın Kürdüstan muxtariyyətinin siyasətçiləri, ictimai sektor nümayəndələri dəvət olunurlar, onlara çıxış etmək imkanları yaradılır və s. Yəni bu referendumun keçirilməsinə Qərb və ABŞ-ın ictimai siyasi elitası psixoloji cəhətdən hazır idilər. Amma dövlətlər səviyyəsində məlum səbəblərdən bunun əleyhinə olduqları ilə bağlı bəyanatlar səsləndi. Buna baxmayaraq qatar yerindən tərpənib. Bu gün ABŞ-da olan böyük güclərə regionda kürdlərlə əməkdaşlıq sərf edir. Bunun həm iqtisadi həm də siyasi tərəfləri var”.
Bununla belə ekspert hesab edir ki, proses hələlik indiki halında qalacaq, maraqlı qüvvələr referendumun nəticələrini tanımaqla bağlı qərarlar verməyəcəklər: “Eyni zamanda Bərzani ilə də münasibətlərini əvvəlki səviyyədə saxlayacaqlar. Region dövlətlərinin hansı şəkildə, necə və nə vaxta qədər təpki verəcəkləri izləniləcək. Xüsusilə Rusiyanın bu məsələdə mövqeyi də əsas olacaq. Bu gün Rusiya Əsəd rejimi ilə hərbi müttəfiqdir, İran ilə strateji tərəfdaşlığı var, Türkiyə ilə isə son zamanlar isti münasibətlər qurub. Bu isə regionun sərhədlərinin yenidən çəkilməsinin qarşısında dura biləcək gücdür”
Politoloq Əhəd Məmmədli bildirdi ki, Kürdüstan projesinin arxasında ABŞ, Avropa, İsrailin durması bu məktub olmadan da məlum məsələ idi: “Məktubun ortaya çıxması isə Amerikanın əlini bu işdə açıq şəkildə göstərdi. ABŞ Türkiyəyə qarşı bütün cəbhələrdə savaşmaqdadır. Lakin vaxt uzandıqca ABŞ-ın regionda imkanları tükənməkdədir. Axırıncı kartları qalıb və bu kartdan da istifadə etmək istəyirlər. Kartın adı bəlli, Kürdüstandır. Kürdüstanı Amerika da, Avropa da, İsrail də tanıya bilər. Lakin bu, hələ o demək deyil ki, onlar tanıyan kimi Kürdüstan öz müstəqilliyini qoruyub saxlaya biləcək. Regionun iki ən güclü ölkəsi Türkiyə ilə İran bu projenin qəti əleyhinədirlər. Üstəlik, ABŞ-ın müttəfiqi İraq da buna qarşıdır. Bu halda ortaya sual çıxır, əgər Qərb Kürdüstanın müstəqilliyini tanısa və belə olan halda Türkiyə, İran və İraq birlikdə Kürdüstana hücum etsə, həmin Qərb öz müttəfiqlərini qoruya biləcəkmi? Təbii ki, qoruya bilməyəcək. Çünki onda Qərb Türkiyə və İranla Kürdüstan uğrunda açıq müharibəyə girməlidir, bunu da onlar edən deyillər. Ona görə edən deyillər ki, artıq regionda tək ABŞ söz sahibi deyil. Və buna görə də Tillerson Bərzaniyə deyir ki, çalış Əl İbadi ilə razılığa gəl”.
M.Quliyev