SON DƏQİQƏ

“Hərbi əməliyyatlar başlasa, Ermənistan qısa zamanda böyük itkilərə uğrayacaq”

Tarix:11-10-2017, 15:44

Azərbaycan prezidentinin işğalçı ölkəyə xəbərdarlığından çıxan əsas nəticə; politoloq: “Bu, Bakının danışıq xətrinə danışıq aparmayacağını nümayiş etdirir”

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Qarabağ məsələsindən də bəhs olunub. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev münaqişə ilə bağlı məsələyə toxunarkən problemin həlli istiqamətində son vaxtlar danışıqlarda heç bir irəliləyişin olmadığını bildirib.

Ölkə rəhbərinin hökumətin iclasında səsləndirdiyi fikirlər ötən illərdə qapalı şəraitdə aparılan, son zamanlar isə işğalçı ölkənin qeyri-konstruktivliyinin nəticəsində dalana dirənmiş danışıqlar prosesinin heç bir nəticə vermədiyini, heç bir irəliləyişin əldə olunmadığını ortaya çıxardı. Dövlət başçısı İrəvanın sülh prosesinə əngəl olduğunu da dedi. Rəsmi məlumata görə, Azərbaycan prezidenti vurğulayıb ki, bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. “Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir” - ölkə başçısı əlavə edib.

Azərbaycan prezidentinin bu fikirləri işğalçı ölkəyə ciddi mesajdır. Dövlət başçısı bununla bir daha xalqımızın ümumi fikrini ifadə edərək ərazi bütövlüyümüzün toxunulmaz olduğuna, Bakı ilə şərt dilində danışmağın mümkünsüzlüyünə, danışıqların pozulacağı halında hərbi əməliyyatların gündəmə gəlməsinin zərurətə çevriləcəyinə diqqət çəkib.

Xatırladaq ki, Azərbaycan prezidenti BMT  Baş Assambleyasındakı son çıxışında da Ermənistanı 2016-cı ilin aprel döyüşlərindən dərs çıxartmağa çağırmışdı, bununla həm də işğalçı ölkəni himayə edənlərə düzgün mövqe tutmaq xəbərdarlığını etmişdi.

Politoloq Elçin Mirzəbəyli “SonXəbərlər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan prezidenti öz çıxışında bir neçə istiqamətə diqqət çəkib: “İlk olaraq danışıqlar prosesində irəliləyiş olmadığını bildirib və qeyd edib ki, Ermənistan danışıqların bərpası üçün müəyyən şərtlərlə çıxış etsə də, işğalçı ölkənin iddiaları qəbul olunmayıb. Şübhəsiz ki, bu şərtlərin nədən ibarət olduğu barədə dəqiq məlumata malik deyilik və bu barədə yalnız ehtimallarımızı dilə gətirə bilərik. Ermənistan siyasətçilərinin və ekspertlərinin açıqlamalarından da belə görünür ki, işğalçı ölkə danışıqların bərpası üçün ilk növbədə aprel döyüşlərinin nəticələrinin aradan qaldırılması və silahlı qüvvələrimizin aprel döyüşlərindən öncəki mövqelərinə qayıtması şərtini irəli sürüb. Ermənistanın şərtlərindən biri də hərbi əməliyyatların yenidən başlamaması ilə bağlı öhdəliyin götürülməsi və ərazidə müşahidəçilərin sayının maksimuma çatdırılması ola bilər. Cənab prezidentin də bəyan etdiyi kimi, bu şərtlərin heç biri qəbul edilməyib və Ermənistan faktiki olaraq danışıqların bərpasına razılıq verib. Xarici işlər nazirləri arasında keçirilən görüşlər də bunu sübuta yetirir. Dövlət başçısının Ermənistanın aciz, zəif və asılı dövlət olması barədə fikirləri də məhz buradan qaynaqlanır”.

Politoloq qeyd etdi ki, Azərbaycan prezidentinin diqqət çəkdiyi məqamlardan biri də silahlı qüvvələrimizin təmas xəttində üstün mövqeyə sahib olması ilə bağlıdır: “Bu isə o deməkdir ki, hərbi əməliyyatlar başlayarsa, Ermənistan qısa zaman ərzində çox böyük itkilərə məruz qalacaq. Bu baxımdan prezident İlham Əliyev bildirir ki, Ermənistan özü danışıqlarda maraqlı olmalıdır. Əks təqdirdə acı nəticələrlə qarşı-qarşıya qalacaq. Çünki Azərbaycan təmas xəttində çox böyük üstünlüklərə malikdir”.

E.Mirzəbəylinin sözlərinə görə, prezidentin sərt xəbərdarılığının səbəbi rəsmi Bakının danışıq xətrinə danışıq aparmayacağını nümayiş etdirir: “Bu, Ermənistana da, vasitəçilərə də açıq mesajdır. Yəni Ermənistan qısa zaman ərzində işğala son qoymalıdır, vasitəçilər də işğalçı ölkəni buna məcbur etməlidirlər. Əks təqdirdə hərbi əməliyyatlar hər an başlaya bilər”.

Hələ vaxtı dəqiqləşdirilməyən prezidentlərin görüşündən öncə Azərbaycanın dövlət başçısının xəbərdarlıq xarakterli çıxışından ATƏT-in Minsk Qrupunun həmsədrləri və “ağa”sının dəstəyinə arxayın olan İrəvanın düzgün mövqe sərgiləmək üçün zamanı var. Amma ötən illərin təcrübəsi bunu deyir ki, işğalçının doğru-dürüst seçim edəcəyi inandırıcı deyil. Azərbaycanın növbəti silah partiyasının alınması istiqamətində hərəkətə keçməsi isə hərb variantına ciddi hazırlığın əlamətidir. Seçim etmək növbəsi işğalçı ölkənindir...

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN