ABŞ-ın son viza qərarı Türkiyəni cəzalandırmaq məqsədi güdür; Ankaranın qarşılıq verməsi də vəziyyətin yaxın zamanda dəyişəcəyinə ümid yaratmır
ABŞ hökuməti Türkiyədə fəaliyyət göstərən bütün Amerika diplomatik quruluşlarında qeyri-immiqrant viza xidmətlərini dayandırıb. Bəlli olmayan müddətə qədər ABŞ diplomatik nümayəndəlikləri yalnız qaçqın və ya mühacir kimi müraciət edən Türkiyə vətəndaşlarının ərizələrinə baxacaq. Sonradan məlum olub ki, qərara səbəb ABŞ-ın İstanbul Baş Konsulluğunun işçisi Metin Topuzun FETÖ üzvü və casusluq ittihamı ilə həbs olunmasıdır.
Qeyd edək ki, bu qərar Türkiyədə sərt reaksiya doğurub. ABŞ səfirinin ədliyyə naziri ilə görüş istəyi rədd edilib. Bazar günü isə Türkiyənin Vaşinqtondakı səfirliyi bəyanat yayaraq ABŞ vətəndaşlarına viza verilməsi prosesinin dayandırıldığını bildirib. Sitat: “Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin Türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi. Bu qiymətləndirmə davam edərkən ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərini dərhal dayandırdıq”.
Türkiyənin bəyanatı ABŞ-ın bəyanatı ilə eyni olub, yalnız ölkənin adı dəyişdirilib. Bu hadisə onsuz da soyuq olan ABŞ-Türkiyə münasibətlərini yenidən gərginləşdirib. Məsələ ondadır ki, 15 iyul 2016-cı il qiyam hadisələrindən sonra Ankarada bəzi dairələrin Vaşinqtonu hədəf göstərməsi ilə iki ölkə münasibətləri daha da soyudu. Bunun ardınca Ankaranın Fətullah Güləni tələb etməsinə Vaşinqton müsbət cavab vermədi. Bunun ardınca Suriyanın şimalında kürdlərin dəstəklənməsi mövzusunda Ankara-Vaşinqton münasibətləri yenidən gərginləşdi. Bunun fonunda isə Türkiyə Rusiya ilə yaxınlaşmağa başladı. May ayında Vaşinqtonda səfərdə olan Türkiyə prezidentinin mühafizəçiləri ilə PKK-nı dəstəkləyən etirazçı qrup arasında baş verən əlbəyaxa davadan sonra iki ölkə münasibətləri daha da soyudu. Baxmayaraq ki, ötən ay BMT Baş Assambleyasının toplantısında ABŞ və Türkiyə prezidentləri çox səmimi söhbət etdilər. hətta Türkiyə mediası iki ölkə hökumətləri arasında tam anlaşmanın olduğunu yazdı.
Ancaq Vaşinqtonun son qərarı göstərir ki, iki ölkə arasında ciddi problemlər var. Aydın məsələdir ki, İstanbul konsulluğunda bir əməkdaşın həbs olunması bütövlükdə Türkiyədəki diplomatik korpusun viza xidmətlərinin işinə mənfi təsir edə bilməzdi. Üstəlik, konsulluq işçisi Türkiyə vətəndaşıdır və iki ağır cinayətdə ittiham olunur. Səfirlik ən azı bu məsələ aydınlaşana qədər viza verilməsini məhdudlaşdırmamalıydı. Lakin bir işçinin həbsinə dərhal bu qədər nümayişkaranə surətdə reaksiya verilməsi viza qərarının həm də Türkiyə hökumətinə təzyiq olduğunu göstərir.
Məsələ ondadır ki, ABŞ prezidentinin Ərdoğanı “dostum” adlandırmasından bir ay keçməmiş belə bir reaksiyanın arxasında təzyiq elementləri var. İndi əsas sual odur ki, ABŞ NATO müttəfiqi, Yaxın Şərqdə ən yaxın tərəfdaşlarından biri ilə antiterror müharibəsinin davam etdiyi bir zamanda nədən bu cür gərginliyə daxil olur?
Həm Türkiyənin Rusiya ilə yaxınlaşması, həm də Suriyada kürd məsələsi və nəhayət, Rza Zərrab olayı, Türkiyə prezidentinin mühafizəçiləri barəsində ABŞ-da axtarış qərarı çıxarılması kimi səbəblər Ankara və Vaşinqton arasında soyuqluğun əsas və necə deyərlər, görünən səbəbləridir. Görünən odur ki. Vaşinqton bir şəkildə Türkiyə hakimiyyətini cəzalandırmaq, yerini göstərməyə çalışır. Türkiyə hakimiyyəti isə geri çəkilməyib, əksinə, qarşılıq verdikcə böhran daha da böyüyür. Yeri gəlmişkən, ötən gün baş nazir Binali Yıldırım deyib ki, baş verənlərin cavabı veriləcək. Ancaq bu cavab Türkiyə və ABŞ-ı nəinki barışdırmayacaq, əksinə, böhranı daha da dərinləşdirəcək. Ərdoğanən geri çəkilməməsi, əksinə, Qərbdən gələn təzyiqlərə qarşı sərt reaksiya verməsi barışıq və anlaşma ehtimalını azaldır. Digər tərəfdən, hər iki tərəfin tələblərinin reallaşması indiki halda qeyri-mümkün göründüyü üçün kiçik problemlər həll olunsa da. Yaxın dövrdə aradakı soyuqluğun tamamilə aradan qaldırılması mümkünsüz görünür.