Bu gün yeni Azərbaycan Xalq Cəbhəsi Partiyası Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Müxalifətin prezident seçkilərində iştirakı və perespektivlər” mövzusunda dəyirmi masa keçirib.
Tədbirə bütün müxalif partiyalar dəvət edilsələr də, onlardan bəziləri görüşə qatılmayıb. Tədbiri giriş sözü ilə açan yeni Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının sədri Rəfail Becanov deyib ki, Prezident seçkilərində hər qüvvənin və təbii ki, AXCP-nin də öz maraqları var:
“Azərbaycanda prezident üsul-idarəsi hakimdir. Bu baxımdan, prezident seçkiləri hər zaman önəmli olub. Prezident seçkilərində hər qüvvənin və təbii ki, AXCP-nin də öz maraqları var. Bu haqda partiya sədrimiz Razi Nurullayev öz fikirlərini bölüşəcək. Hakimiyyətin resursları bəllidir. Hər kəs bilir ki, hakimiyyət nə edəcək, necə seçki kampaniyası aparacaq. Bəs müxalifət nə edəcək? Bu sualın müzakirəsi üçün belə bir dəyirmi masanın keçirilməsini vacib bildik”.
Daha sonra Razi Nurullayev tədbirdə söz alıb və deyib ki, müxalifətin hər zaman seçkiyə 1 ay qalmış aktivləməşməsi müşahidə edilir və bu qısa müddət ərzində nə namizəd ortaya çıxara, nə nəticə əldə edə biliblər: “Belə bir vəziyyətdə seçkilərdən uğur gözləmək, azad və demokratik seçkilərin keçirilməsinə nail olmaq mümkün deyil. Hesab edirəm ki, heç bir halda seçkiləri boykot etmək olmaz. Bu, ən çox hakimiyyətin işinə yarayar. Əgər biz dinc yolla siyasi dəyişikliyə nail olmaq istəyiriksə, bunun yolu seçkidən keçir. Ancaq güc yolu ilə dəyişiklik etmək istəyənlər varsa, bu başqadır. Ona görə də 2018-ci ildə seçkilərə qatılmaq niyyətimiz var”.
Razi Nurullayev bildirib ki, rəhbərlik etdiyi partiya namizəd kimi məhz onu görmək istəyir: “Ancaq biz müzakirələrə hazırıq və son qərarımızı dekabrın sonunda verəcəyik. Ötən il biz 2018-ci ili siyasi dəyişiklik ili elan etmişik. Bu haqda siyasi partiyalara çağırış olunub və bir sıra şərtlər irəli sürülüb. İndi də dekabr ayının sonuna qədər bütün siyasi partiyaları müzakirələrə dəvət edirik. Bu müddətdən sonra artıq müzakirələri gecikmiş sayacaq və partiya öz namizədi ilə seçkiyə gedəcək. Seçkilərdə birlik vacibdir. İlk növbədə azad və demokratik seçki keçirilməlidir. Bu olmasa, siyasi islahatlar mümkün olmayacaq”.
R.Nurullayevin sözlərinə görə, Qarabağ və sosial məsələlərlə bağlı da partiyanın mövqeyi bəllidir: “Ancaq bütün hallarda ilk növbədə azad, demokratik seçkilərə nail olmalıyıq. Bildiyimiz kimi, ATƏT-in mandatı ləğv olundu və artıq seçkiləri müşahidə etmirlər. Azərbaycanda bir çox ölkələrin nümayəndələri və hakimiyyətin özünün dəvət etdiyi təşkilatlar seçkilərdə müşahidə aparır. Ona görə də seçkilərdə xarici təşkilatlarla da birgə çalışmaq lazımdır. Əgər demokratik seçki yoxdursa, bu, Qarabağ probleminin həllində də, sosial inkişafda da əngəllər yaradacaq”.
Partiya sədri sosial vəziyyətin yaxşılaşdırılması üçün bir sıra təkliflər səsləndirib: “Sosial vəziyyət çox ağırdır. Bahalaşma sosial vəziyyəti dəhşətli hala gətirib. Vətəndaşlar bu qiymətlərdən sonra gələcək haqda necə düşünə bilər? Əgər bir ölkənin təhsili bərbad vəziyyətdədirsə, onun həkiminə, müəlliminə inam olmaz. Hesab edirik ki, bu məsələlərinin qarşısını 2 yolla almaq olar. Biz bununla bağlı hökumətə müəyyən təkliflər vermişik. Hökumətin özünün də kağız üzərində qalan təkliflər paketi var. Hər bir ailəyə Neft Fondundan, banklardan pul ayrılarsa, həmin vətəndaşa biznes yaratmaq üçün imkan yaradılar. Bu, həm də işsizliyin azalmasına kömək edəcək. Məsələn, 1 milyard xərclənən zavodlarda 800-1000 nəfər işləyər. Ancaq həmin vəsait xırda biznesin yaradılması üçün vətəndaşa verilərsə, ən az 800 min nəfərin işlə təmin olunması deməkdir”.
R.Nurullayevin fikrincə, indiki hakimiyyətin kadrlarının ən azı 80 faizi dəyişməlidir: “Onların yerini tuta biləcək, xaricdə təhsil almış kifayət qədər kadr var. Elə sahələr var ki, ora xarici vətəndaşları təyin etmək olar. Bu, daha çox korrupsiyalaşmış, eyni zamanda dövlətə zərər verməyəcək sahələr olmalıdır”.
Daha sonra söz Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyevə verilib. T.Əliyev də müzakirə çıxarılan məsələnin aktuallığını qeyd edib: “Seçkidən öncə iqtidar və müxalifətin hansı resurslara sahib olması məsələsi əsasdır. Müxalifətin seçkiyə hazırlaşmaq üçün 2 yolu var. Bunlardan birincisi seçkiyə zamanında hazırlaşmaqdır. Təklif edirəm ki, həm siyasi qüvvələrlə əməkdaşlıq edilsin, həm də müxalifət xalqla və beynəlxalq mərkəzlərlə birgə çalışsın. Azərbaycanın Avropa İttifaqı qarşısında öhdəlik götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığa ehtiyac var. Hesab edirəm ki, dekabrın 31-i deyib vaxt çərçivəsi yaratmaq doğru deyil. Seçkinin son gününə qədər müzakirələr getməlidir”.
Müzakirələrin sonunda partiyanın sədri Razi Nurullayev söz alaraq siyasi məhbus məsələsinə toxunub: “2018-ci ildə Azərbaycan xalqı sübut edə bilər ki, Şərq dünyasına yenidən nümunə göstərilməsi mümkündür. Ümid edirəm ki, biz buna nail ola bilərik və Azərbaycanda siyasi məhbus olmaz. Bu gün də hakimiyyətə çağırış edirəm ki, siyasi məhbusların hamısını azad etsin və bu məsələ birdəfəlik bağlansın. Hesab edirəm ki, hakimiyyətin buna gücü var. Siyasi məhbusların azad olunması Azərbaycan hakimiyyəti üçün heç bir təhlükə təşkil etmir. Bu baxımdan hesab edirəm ki, hakimiyyət bu məsələyə birdəfəlik son qoyacaq”.
Qeyd edək ki, yeni AXCP 2018-ci il prezident seçkilərində iştirakını rəsmən bəyan edib.