Azərbaycan prezidenti İƏT sessiyasında müsəlman ölkələrinə “Müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” çağırışını edib
Ötən həftənin sonunda Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində keçirilən “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiyada iştirak və çıxış edib.
Dövlət başçısı İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan İƏT-in fəal üzvüdür, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib: “Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib”.
İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimizin dağıdıldığını bildirən ölkə başçısı deyib ki, Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur: “Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.
Siyasi ekspertlər bildirirlər ki, Azərbaycan prezidentinin İslam Əməkdaşlıq Təşkilatına ciddi önəm verməsinin ciddi əsasları var. Eyni zamanda prezident İlham Əliyev yaranmış fürsətdən istifadə edərək haqlı olaraq bəzi müsəlman ölkələrinə iradını “Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” bəyanatını səsləndirməklə çatdırmış olub. Bu yaxınlarda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq yaratmışdı və Azərbaycanın prezidenti müsəlman ölkələrini, xüsusən də türk dövlətlərini işğalçı ilə yaxınlaşmamağa bu şəkildə çağırıb.
Astanada Azərbaycan prezidentinin Qazaxıstan, Türkiyə, İran prezidentləri ilə görüşü olub. Siyasi təhlilçilər hesab edir ki, İƏT-ə əhəmiyyət verilməsinin səbəblərindən biri odur ki, Azərbaycanın əsas strateji müttəfiqlərimiz məhz müsəlman dövlətləri arasındadır. Üç strateji müttəfiqimiz var ki, Ermənistanla diplomatik münasibət qurmayıb. Bunlar Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanıdır. Bu üç dövlət İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Ona görə, biz bu məkandan mümkün qədər istifadə etməliyik. Bu təşkilat hər dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini vurğulayan açıqlamalar verir. Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu rəsmi sənədlərlə dəfələrlə bəyan edən və Azərbaycanı bu məsələdə birmənalı dəstəkləyən ən böyük beynəlxalq təşkilat məhz İƏT-dir.
İƏT Azərbaycana müsəlman ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə sıx əməkdaşlığın qurulmasında ciddi stimul rolunu da oynayır.
İƏT sülhməramlı fəaliyyəti ilə tanınan və bu sahədə öz missiyasını davam etdirən böyük beynəlxalq təşkilatdır. Onu “müsəlman dünyasının BMT-si”də adlandırırlar.
Qeyd edək ki, İƏT yarandığı 25 sentyabr 1969-cu il tarixindən 2011-ci il iyunun 28-nədək İslam Konfransı Təşkilatı (İKT) adını daşıyıb.
Azərbaycan Respublikası 25 ildir ki, İƏT kimi mötəbər bir qurumun üzvüdür. Əməkdaşlığın son 13 ili ərzində dinamik münasibətlər müşahidə olunur. İƏT-in sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada islam həmrəyliyinin möhkəmlənməsinə də ciddi əhəmiyyət verir.