İşğalçı ölkənin Rusiya girovluğundan qurtulmasının yeganə yolu Azərbaycanla böyük sülh anlaşması əldə etməkdən keçir; erməni politoloq: “Ermənistan 5 səbəbdən Rusiyanın qapazaltısı olmaq zorundadır...”
Ermənistanın qəfildən Gürcüstandakı NATO təlimlərində iştirakdan imtina eləməsi hələ də işğalçı ölkədə müzakirə mövzusudur. Bu qərarın Moskvanın siyasi iradəsi əsasında baş verdiyi şübhə doğurmur təbii ki. Eyni zamanda belə bir sonuca görə Ermənistan hakimiyyəti tənqid olunmaqla yanaşı, ölkənin Rusiyadan, faktiki, girov asılılığında olduğuna da diqqət çəkilir. Yəni Serj Sərkisyan hakimiyyətinin ayrı yolunun qalmadığı da vurğulanmaqdadır.
Yeri gəlmişkən, Gürcüstanda keçirilən “Agile spirit 2017" təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağı artıq Azərbaycan bayrağı ilə əvəzlənib. Azvision.az xəbər verir ki, bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub.
“Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq”, - deyə məsələ barədə danışan Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.
*****
Bəs hakimiyyətdə tutaq ki, Serj Sərkisyan deyil, başqa birisi olsaydı, situasiya necə olardı, Ermənistan NATO təlimləri ilə bağlı Rusiya qarşısında dirəniş göstərə bilərdimi?
Sualı aktual edən bir mühüm məqam da gələn ilin aprelində Ermənistanın faktiki başçısının dəyişəcəyi ilə bağlıdır. Məlumdur ki, o vaxt işğalçı ölkə prezidentli üsul-idarədən parlamentli idarəçilik formasına keçəcək və əsas səlahiyyətlər yeni baş nazirdə olacaq. Bəzi iddialara görə, Sərkisyan bu üzdən Moskva ilə münasibətlərdə hazırkı həssas məqamda “qəzalı” vəziyyətlərdən qaçmağa çalışır, NATO təlimləri ilə qərarın arxasında həm də bu motiv dayanır.
“Rusiya prezidenti Putin üçün nə fərqi var, 2018-ci ildə Ermənistanın başçısı kim olacaq? Siz, nədir, hesab edirsiniz ki, məsələn, əgər Ermənistanın başında bu gün Rusiya təsirinə qarşı qiyam edən vətəndaş cəmiyyətindən cənab ”X" dursa, bu başçı ilk xarici səfərini hara edəcək? Əlbəttə ki, Moskvaya". Musavat.com-un məlumatına görə, bu barədə İrəvandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan 1 in.am saytına açıqlamasında “NATO təlimlərində iştirakdan imtina ilə Sərkisyan 2018 ərəfəsində Moskvanın gözündə öz mövqeyini gücləndirmək istəməyib ki” sualına münasibət bildirərkən deyib.
Erməni politoloqun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətləri 5 faktora görə qaçılmazdır: “Bu, Dağlıq Qarabağ konflikti, coğrafi mövqe, Türkiyə ilə sərhədlərin bağlı qalması, Azərbaycanla qonşuluq və təhlükəsizlik zərurəti ilə bağlıdır. Hakimiyyətə başqa şəxs gəlsə də, bu reallıqlar dəyişməyəcək. Və o, kim olur-olsun, onunla işləyəcəklər. Belə olub, belə də davam edəcək”, - deyə politoloq əlavə edib.
*****
Əslində bu, özlüyündə işğalçı ölkənin gerçəkdən də Rusiyadan vassal asılılıqda və çıxılmazda olduğunun acı etirafıdır. Həm də onun etirafıdır ki, belə bir asılılıqdan qurtulmaq Ermənistana asan olmayacaq. Bundan ötrü İsgəndəryanın sıraladığı 5 faktordan ən azı üçü aradan qaldırılmalıdır. Söhbət Dağlıq Qarabağ məsələsində İrəvanın, nəhayət, konstruktiv mövqe tutmasından, Türkiyə ilə sərhədlərin açılmasından və Azərbaycanla böyük sülh sazişi imzalanmasından gedir.
Bu üç faktorun qayəsində isə əlbəttə ki, Dağlıq Qarabağ məsələsi durur. Qarabağ məsələsi həll olarsa, yerdə qalan sonuncu şərt - Ermənistanın təhlükəsizliyi sarıdan əndişəsi də avtomatik aradan qalxmış olacaq.
Göründüyü kimi, Ermənistanın Rusiya vassallığından uzaqlaşması müstəsna olaraq Qarabağ münaqişəsinin həllindən keçir. Əfsus ki, işğalçı tərəf hələ də illüziyalarla yanaşır, tarixdən ibrət dərsi götürmək istəmir. Elə zənn edir ki, Rusiyanın yanına olsa, Dağlıq Qarabağı Azərbaycandan qopara biləcək.
Ancaq 30 ilə yaxındır ki, bu xülya elə xülya olaraq qalıb. Qalacaq da. Çünki dəfələrlə yazdığımız kimi, Kreml postsovet məkanında Qarabağ ixtilafı da daxil, heç bir etnik-ərazi konfliktinin ədalətli həllində maraqlı deyil. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu xüsusda son bəyanatı da növbəti dəfə təsdiqlədi ki, Moskva həmin münaqişələri müstəsna olaraq, həmsərhəd postsovet ölkələrinin Qərbə, NATO-ya inteqrasiyasını əngəlləmək üçün düşünüb, körükləyib.
*****
Bu arada Ermənistandan Azərbaycana ünvanlı növbəti təxribatçı bəyanat səslənib. Belə ki, ölkənin keçmiş baş naziri Qrant Baqratyan haqqin.az-a açıqlamasında Ermənistanın nüvə silahına malik olduğunu iddia edib. Onun sözlərinə görə, atom silahı sovet dönəmindən qalıb. Qeyd edək ki, o, əvvəllər də belə qalmaqallı bəyanatlar vermişdi. Bəs belə bir şey mümkünmü?
“Ermənistanda müasir tipli nüvə döyüş başlıqları Rusiya tərəfindən buraya gətirilməsi mümkündür”. Musavat.com-un məlumatına görə, bu sözləri axar.az -a eks-dövlət müşaviri Qabil Hüseynli Qrant Baqratyanın İrəvanda nüvə silahı olması barədə açıqlamasını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Rusiyanın işğalçı ölkəyə gətirdiyi silahlar onun tabeliyində olur.
“Ermənistan Rusiyaya güvənərək, onun vasitəsilə Azərbaycan və Türkiyəni təhdid altında saxlamağa çalışır. Ermənistanda nüvə texnologiyası yoxdur. Nüvə silahının yaradılması üçün nəinki elmi-texniki baza, həmçinin geniş zavodlar kompleksi lazımdır ki, bunu acından ölən Ermənistan həyata keçirmək iqtidarında deyil. Ermənistanda Metsamor AES-in tullantıları var. Bundan isə sadəcə olaraq, çirkli bomba yaradıla bilər. Amma bu çirkli bombanın nüvə silahının əsas komponenti olan dağıdıcı və yandırıcı qüvvəsi yoxdur. Çirkli bombalar yalnız məhdud bir sahədə radioaktiv fon yarada və bundan əhalinin lokal bir ərazidə zəhərlənməsi üçün istifadə edilə bilər. Onun mövcudluğu və döyüş silahı halına gətirilməsi mümkün deyil. Ona görə də Baqratyan kimilərin belə açıqlaması sadəcə, Azərbaycanın artan gücündən doğan narahatlığa qarşı təbliğat cəhdlərdir. Nüvə komponentlərinin Ermənistandakı Rusiya bazalarında saxlanılmasını isə inkar etmək olmaz. Ona görə ki, Rusiya artıq Yaxın Şərqə açılmaq istəyir və üstəlik, NATO ilə həmsərhəddir. Doğrudur, SSRİ zamanında Azərbaycanda da nüvə silahı olub, amma o, Moskvanın tabeliyində olub. Bu nöqteyi-nəzərdən Baqratyanın söylədiklərinin hamısı Rusiyanın bu bölgədəki hərəkətlərinə söykənilərək verilən vədlərdən ibarətdir”, - deyə politoloq qeyd edib.
Q.Hüseynlinin fikrincə, Azərbaycan istənilən halda beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiyalar tələb etmək ixtiyarındadır: “Azərbaycan istənilən halda bu açıqlamaya görə, hətta Rusiyanın Ermənistanda nüvə silahları yerləşdirməsinə görə MAQATE və BMT-dən sanksiyalar tələb edə bilər. Ən azından bu bölgədə konflikt var və Ermənistan konflikt tərəflərindən biridir. Rusiyanın bəyan etmədən Ermənistan ərazisinə nüvə silahı yerləşdirməsi nüvə silahının saxlanması və yayılması haqqında beynəlxalq konvensiyaların kobud şəkil pozulması deməkdir. Bu məsələ mütləq beynəlxalq qurumlar qarşısında - BMT və MAQATE-də qaldırılmalıdır. Bunun gələcəkdə barıt çəlləyinə bənzəyən bölgədə təhdidlər yaradacağı faktının araşdırılması və buranın nüvəsiz bölgəyə çevrilməsi tələb edilməlidir”.