“Onun dövründə Rusiya XİN işçilərinin 30 faizə qədəri erməni mənşəli məmurlardan təşkil olunub, bu məmurlar da Rusiya xarici siyasətinin formalaşmasında Lavrov başda olmaqla önəmli rol oynayırlar, onların gedişi...”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski xarici işlər naziri Sergey Lavrovun istefaya göndərilməsi məsələsini qaldırıb. Jirinovski deyib ki, beynəlxalq problemlər hələ də qalır. Rusiya daha sərt xarici siyasət yürütməlidir. Bunun üçün də Sergey Lavrov dəyişdirilməlidir: “Əgər mən prezident olsaydım, hər şeyi xarici işlər nazirinin dəyişdirilməsindən başlayardım. Bu gün ondan daha yaxşı olan insan bizə lazımdır”.
Qeyd edək ki, Sergey Lavrov mənşəcə ermənidir və uşaqlıq dövründə soyadı Kələntəryan olub. Atasının erməni olduğunu Lavrov özü də dəfələrlə dilə gətirib və erməniləri sevdiyini deyib. Qarabağ məsələsi ilə bağlı açıqlamalarında da Ermənistanın xeyrinə olan açıqlamaları dəfələrlə onun dilindən eşitmişik. Məsələn, bir müddət öncə o bəyan etmişdi ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil.
Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. XİN rəhbəri olaraq Lavrov Rusiyada Qarabağ məsələsi ilə birbaşa məşğul olan ən yüksək rütbəli dövlət yetkilisidir.
Bəs Sergey Lavrovun vəzifədən getməsi Rusiyanın xarici siyasətində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə dəyişikliyə səbəb ola bilərmi?
Politoloq Qabil Hüseynli “SonXəbrlər”ə açıqlamasında bildirdi ki, Sergey Lavrovun dövründə Rusiya Xarici İşlər Nazirliyinin işçilərinin 30 faizə qədəri erməni mənşəli məmurlardan təşkil olunub. Bu məmurlar da Rusiya xarici siyasətinin formalaşmasında Lavrov başda olmaqla önəmli rol oynayırlar. Sözsüz ki, Dağlıq Qarabağ probleminin həll edilməməsində bu məsələ ən başlıca maneələrdən biridir: “Lavrov bu yaxınlarda çıxış edərək dedi ki, guya Dağlıq Qarabağ probleminin həlli ilə bağlı pozitiv layihələr var imiş Qərb mane olub. Ardınca isə ABŞ-ın bu yaxınlarda Dağlıq Qarabağın həlli ilə bağlı olan mövqeyini heç bir yenilik olmayan mövqe kimi qiymətləndirdi. Halbu ki, həmin mövqedə kifayət qədər pozitiv məqamlar var. İstənilən pozitiv mövqeni bu şəxs dərhal vurur.
Lavrov Rusiyanın bir sıra dövlətlərlə münasibətlərinin korlanmasında və Rusiyanın təklənməsində ən məsuliyyət daşıyan siyasi fiqurlardan biridir. Jirinovski onu loyal siyasətçi hesab edir, lakin zahirən gülümsəmə və loyal görünmə hələ siyasətçinin loyallığına dəlalət eləmir. Rusiyanın xarici siyasət idarəsinin yürütdüyü siyasət kifayət qədər maksimalist, qarşıdurma yaradan siyasətdir. Burada Lavrovun çox böyük rolu var. Rusiya əgər dünya dövlətləri ilə münasibətlərini qaydaya salmaq istəyirsə, xüsusilə postsovet məkanındakı dövlətlərlə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq istəyirsə bəsit və millətçilik azarı ilə zəhərlənmiş Lavrov tipli adamları və Xarici İşlər Nazirliyində kök atmış bu cür erməniləri oradan təmizləməlidir".
Politoloq hesab edir ki, Rusiya XİN-ə Rusiyanın maraqlarına uyğun siyasəti formalaşdırmağı bacaran, dünyada gedən dəyişiklikləri, postsovet məkanındakı reallıqları nəzərə almağı bacaran şəxsin rəhbər gətirilməsinə böyük ehtiyac var: “Lavrov müəyyən təcrübəyə malik olsa da erməni milli mənsubluğu ona Rusiyanın maraqlarına uyğun siyasət yürütməyə mane olur. Bu, özünü Dağlıq Qarabağ məsələsində bütün çılpaqlığı ilə nümayiş etdirir. Lavrov Dağlıq Qarabağ məsələsinin həllinə mane olur. Bu məsələdə Lavrov Ermənistanın xarici işlər naziri kimi davranır. Lavrov vəzifədən getsə Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiya XİN-in yanaşma tərzi müəyyən qədər dəyişə bilər. Ona görə də Lavrovun dəyişilməsinə və onu tolerant, obyektiv bir diplomatın əvəzləməsinə ciddi ehtiyac var”.
Qeyd edək ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bu yaxınlarda mediaya müsahibəsində Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələr olduğunu açıqlayıb və həmin qüvvələrə Lavrovun rəhbərlik etdiyini deyib: “Həmin üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Prezidentlərin görüşündə də bunun müzakirə olunan çox vacib bir məsələ olduğu haqda xəbərlər var. Bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur. Bilirsiniz ki, ictimaiyyət tərəfindən onun mövqeyi ciddi şəkildə tənqid olunur və mən də onun tənqidçilərindən biri idim. Hesab edirəm ki, etnik mənsubiyyət qeyri-balanslaşmış bir mövqeyə gətirib çıxarıb. Təbii ki, bu da öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində böyük bir maneə olub”.