İşğalçı ölkə Gürcüstandakı hərbi təlimlərə qatılmaqdan son anda imtina etməklə hətta çoxlarını şoka saldı; politoloq: “Əks halda, Moskva Sərkisyanı cəzalandıra bilərdi”
Ermənistan son anda NATO-nun Gürcüstanda keçirdiyi “Agile Spirit 2017" ("Çevik ruh 2017") hərbi təlim məşqlərində iştirak etməkdən imtina edib, Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Giorgi Kaçaravaya istinadən Ermənistan mediası xəbər verib.
Ermənistan Müdafiə Nazirliyi qabaqcadan razılıq verdiyi NATO hərbi təlimində iştirak etməmək qərarını şərh etməkdən də imtina edib. Lakin sonradan erməni tərəf iddia edib ki, onlar NATO təlimlərində iştirak qərarı verməyiblərmiş. Ancaq medianın da yazdığı kimi, görünür, Ermənistanın bu qərarı son anda qəbul olunub və gözlənilməz olub ki, Ermənistan bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib. Bu barədə BBC Azərbaycancanın İrəvan müxbiri Alexey Manvelyan bildirib. Ermənistan bayrağı ilə yanaşı “Agile Spirit 2017" nişanı üzərində təlimdə iştirak edən Gürcüstan, ABŞ, Rumıniya, Ukrayna, Latviya və Azərbaycanın bayraqları da təsvir olunub. Yalnız son anda Ermənistan bayrağı yığışdırılıb. Erməni tərəfin iddialarından biri budur ki, onlar adətən, Türkiyə və Azərbaycanın iştirak etmədiyi tədbirlərə qatılırlar. ”Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək “Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin, təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi”. Bunu isə cənab Kaçarava deyib və ermənilərin iddialarını faş edib. O, Ermənistandan təlimlərdə cəmi 3 hərbi həkimin iştirak edəcəyinin nəzərdə tutulduğunu deyib və onların iştirak etməməsinin təlimlərə heç bir təsiri olmayacağını qeyd edib.
NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərindən son anda imtina edərək hətta yerli ekspertləri şoka salan Ermənistan hakimiyyəti qəfildən Rusiya ilə birgə təlimlərə qatılmaq qərarı verməklə faktiki olaraq öz-özünü ifşa edib. Belə ki, sentyabrın 4-də Ermənistan ordusunun hava hücumundan müdafiə idarəsinin rəisinin rəhbərliyi ilə işçi qrupu Rusiyaya səfər edib. Onlar Rusiyada MDB ölkələrinin hava hücumundan müdafiə məsələlərinə, həmçinin birgə döyüş atışlarında iştiraka həsr olunan tədbirlərə qatılacaqlar. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, nümayəndə heyəti 7 sentyabrda Ermənistan silahlı qüvvələrin baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə döyüş atışlarının final mərhələsində iştirak edəcək. Ermənistan müdafiə nazirinin müavini Artax Zakaryan son açıqlamasında bildirib ki, Ermənistan üçün təhlükəsizlik önəmlidir və ölkə təhlükəsizliyinin qarantı kimi KTMT-ni görür.
Bundan əvvəl Ermənistan 2009-cu ildə son anda NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak etməkdən imtina etmişdi.
Müşahidəçilərin fikrincə, erməni tərəfinin son anda təlimlərdə iştirak etməmək qərarları Moskvanın təzyiqlərinin nəticəsi kimi anlanıla bilər.
“Ermənistan hərbi təlimdə iştirak etməyəcəyini qabaqcadan bəyan etsəydi, bütün tərəflər bu qərara normal yanaşardı. Bu halda isə, müxtəlif fikirlər yaranır. Bu, Rusiya tərəfindən təzyiq kimi yozula bilər”, - Lester Universiteti kəşfiyyat, təhlükəsizlik və strateji tədqiqatlar departamentinin elmi işçisi Eduard Abramyan deyib. Eyni zamanda, təhlilçi hesab edir ki, erməni tərəfinin NATO tədbirlərində “həddən böyük fəallığı Rusiya ilə gərginliyə səbəb ola bilər, çünki, onun sözlərinə görə, Moskva özünü NATO və blokun yaxın müttəfiqləri (Ukrayna və Gürcüstanla) ilə qarşıya qoyur və hətta sırf sülhməramlı və müdafiə xarakterli tədbirlər belə Moskva tərəfindən öz regional maraqlarına təhlükə kimi qəbul olunur.
“Agile Spirit 2017" hərbi təlimləri sentyabrın 3-də saat 12:00-da Gürcüstanın Axalsixe bölgəsində yerləşən poliqonda başlayıb və sentyabrın 11-dək davam edəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Gürcüstanda start götürən çoxmillətli “Agile Spirit 2017" çoxmillətli hərbi təlimlərdə iştirakdan imtinanın arxasında açıq-aşkar Rusiyanın tələbi dayanır: ”Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılışı mərasiminə qatılmadılar. Halbuki Ermənistan bu təlimlərdə iştirakını əvvəlcədən təsdiq etmişdi. Demək qatılmamaq qərarı İrəvanda verilməyib. Onu buna məcbur ediblər. Maraqlıdır ki, NATO-nun hərbi təlimlərə qatılmamaq qərarını Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan əvvəlcə şərh verməkdən imtina edib. Ancaq bir neçə gün sonra qatılmamaq qərarının böyük rezonans doğurduğunu anlayan rəsmi İrəvan nə isə demək məcburiyyətində qalıb və Ermənistanın müdafiə naziri Artaj Zakaryanın dili ilə bəyan ediblər ki, guya planlarının dəyişməsində heç bir siyasi səbəb yoxdur. Sual olunur: siyasi səbəb yoxdursa, hərbi təlimlərdən niyə imtina etmisiniz? Axı, NATO-nun Gürcüstandakı hərbi təlimlərdə iştirakınıza dair əvvəlcədən razılığınız olub. Məsələ aydındır. Moskva İrəvana qulaqburması verib".
E.Şahinoğlu xatırlatdı ki, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini aylar öncə proqnozlaşdırmışdı: “Məndən məsələyə münasibət öyrənən jurnalistlərə hər zaman eyni cavabı söylədim: Ermənistanın NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirakından böyük nəticələr çıxarmaq lazım deyil. İrəvan bu təlimlərdə iştiraka görə Moskvadan icazə alıb. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmayacaq. İndi bu sözlərimin təsdiqi kimi Ermənistan hakimiyyəti son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimlərində iştirakdan imtina edib və bunun səbəbini izah etməyib. Səbəbi aydındır. Moskva bu dəfə İrəvana qadağan edib”.
Politoloq burada Soçi görüşünün təsirini də istisna etmədi: “Ermənistan prezidenti bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin hüzuruna çağırılmışdı. Serj Sərkisyan bir neçə gün öncə verdiyi açıqlama dedi ki, Soçidə Putinlə Qarabağdan danışmayıblar, elə-belə qısa fikir mübadiləsi olub. Qarabağdan danışmayıblarsa, bəs, onda nədən danışıblar? Böyük ehtimalla Putin Sərkisyana NATO təlimlərində iştirakdan imtinaya çağırıb, əks halda, bunun Ermənistan üçün hansı ağır nəticələr olacağını diplomatik dildə anladıb. Sərkisyan da biabırçı şəkildə NATO təlimlərindən imtina qərarını verib. Sərkisyanın başqa çıxış yolu olmayıb. Əks halda, Moskva Sərkisyanı cəzalandıra bilərdi”. Politoloq qeyd etdi ki, Ermənistanda gələn il prezidentin funksiyaları baş nazirə keçməlidir və Sərkisyan prezident kreslosunu baş nazir kreslosuna dəyişmək istəyir: “Sərkisyan özünü yaxşı aparmasa, Moskva Sərkisyana yox elə indiki baş nazir Karen Karapetyana üstünlük verə bilər. Onsuz da Karapetyan Ermənistana elə Moskvadan göndərilib. Bu baş verməsin deyə Serj Sərkisyan NATO-nun təlimlərinin yerinə ənənəvi olaraq Rusiya ilə birgə hərbi təlimlərə qatılacağını açıqlayıb”.
E.Şahinoğlu qeyd etdi ki, NATO-nun Gürcüstandakı hərbi təlimlərində bir sıra dövlətlərlə yanaşı Azərbaycan da iştirak qərarı verib: “Rəsmi Bakı doğru addım atıb. Ermənistandan fərqli olaraq biz kimsənin diktəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur. Azərbaycan öz ordusunu NATO standartlarına uyğun inkişaf etdirməlidir. Elə Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsi də bundan xəbər verir. Türkiyə NATO-nun ən fəal üzvüdür. Ona görə də biz NATO təlimlərində fəal iştirak etməliyik”.
Göründüyü kimi, Ermənistan müəyyən manevrlər etdikdən sonra yenidən öz ağasının yanına döndü. Ancaq maraqlıdır, Qərb növbəti dəfə Ermənistanın riyakar siyasətinin üstündən keçib onunla əməkdaşlığa maraq göstərəcəkmi?