SON DƏQİQƏ

Elxan Şahinoğlu: “Türkiyə Avrasiya İqtisadi Birliyinin assosiativ üzvü ola bilər”

Tarix:31-08-2017, 09:15

Əhəd Məmmədli: “Avrasiya Birliyinə Türkiyənin daxil olması inandırıcı deyil”


“Türkiyənin Avrasiya İqtisadi İttifaqının Gömrük Birliyinə daxil olması məsələsi dəyərləndirilir”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, bu, iqtisadi məsələdir: “Təbii ki, siyasi tərəfləri də var. Hər halda, bunlar dəyərləndirilib, yekun qərar veriləcək”.


Qeyd edək ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi az öncə Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olmaq üçün bu il müraciət edəcəklərini bildirmişdi. Türkiyənin bu addımı ölkəmizdə də ciddi müzakirələrə səbəb olub. Çoxları Rusiyanın hegemonluq etdiyi bir quruma rəsmi Ankaranın heç zaman üzv olmayacağını düşünür və bu məlumatların reallığı əks etdirmədiyini qeyd edirlər. Deyilənlərin əksinin baş verəcəyi təqdirdə isə Türkiyənin Qərb dünyasından qopacağı dilə gətirilir.
Lakin politoloq Elxan Şahinoğlu Türkiyənin Ermənistanla bir iqtisadi məkanda təmsilçiliyinin sual doğurduğu qənaətindədir: “Türkiyə ilə Qərb arasında münasibətlər soyuduğundan Ankara xarici siyasətdə alternativlər axtarışına çıxıb. Bunlardan biri Rusiyanın təsisçisi olduğu Avrasiya İqtisadi Birliyinə üzvlükdür. Ancaq bunun bir istəklə reallaşacağını zənn etmirəm.

Image result for Elxan Şahinoğlu

Ermənistan əngəli var. Türkiyənin Ermənistanla diplomatik münasibətləri yoxdur, sərhəd qapalıdır. Belə olan halda Türkiyə ilə Ermənistanın birgə iqtisadi məkanda varlığı sual doğurur. Demək, Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olması üçün Ermənistanla münasibətləri normallaşdırması lazımdır. Bunun üçün isə Ermənistan Azərbaycanın işğal altında saxladığı rayonları boşaltmalıdır. Fikrimcə, indiki şərtlər altında Türkiyə Avrasiya İqtisadi Birliyinin yalnız assosiativ üzvü ola bilər. Türkiyənin Avrasiya İqtisadi Birliyinə tamhüquqlü üzvlüyü Azərbaycanın da maraqlarına cavab vermir.

Belə çıxacaq ki, Ankara Dağlıq Qarabağ amilini nəzərə almadan Ermənistanla iqtisadi əlaqələrə razılıq verir. Bu, bir növ ”Sürix protokolları"nın təkrarı ola bilər. 2009-cu ildə də Ankara ilə İrəvan münasibətləri normallaşdırmağa yaxın idi və bu, Bakıda xoş qarşılanmadı. Ona görə də Ankara son anda İrəvanla sazişi ratifikasiya etməkdən vaz keçdi. Bu dəfə də Ankaranın Bakının maraqlarını nəzərə alacağını zənn edirəm. Türkiyə ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə yalnız birgə üzvlüyü mümkündür. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Image result for Əhəd Məmmədli


“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Qərbdən uzaqlaşmağı Türkiyə çoxdan göz altına alıb: “Avrasiya İttifaqına Türkiyənin daxil olması inandırıcı deyil. Çünki bu qurum Rusiya tərəfindən postsovet məkanına yönəlik yaradılıb. Məsələn, Şanxay birliyi var, ora iqtisadi-siyasi baxımdan daha miqyaslı və imkan dərəcəsi yüksək birlikdir. Həmin birlikdə Çin də var, bu quruma Türkiyənin daxil olmaq istəyi, məncə, daha real görünür. Avrasiya İttifaqının Gömrük Birliyi isə Tacikistandan başlayaraq, Belarusda bitir. Bu cür iqtisadi birlik Türkiyəyə nə iqtisadi, nə də siyasi divident qazandırır. Sadəcə, Türkiyə 20-ci əsrin əvvəllərində olduğu kimi, Rusiyaya yönəlik jestlər edir ki, dünya ilə özü arasında qarşıdurma cəbhələrinin birinin azalmasına nail olsun. Diqqət edin, oxşar proseslər İrana da yönəlik aparılır. Son zamanlar Türkiyə-İran yaxınlaşması müşahidə olunur. Və Türkiyə tərəfinin bu cür diplomatik addımlarını doğru hesab edirəm. O ki qaldı Qərb-Türkiyə münasibətlərinə, Türkiyə Gömrük Birliyinə üzv olsa da, Qərb-Türkiyə münasibətləri böyük ölçüdə bitməyəcək, lakin Türkiyə Avropadan daha da uzaqlaşacaq.

Proseslər onu göstərir ki, Türkiyə onsuz da Avropadan uzaqlaşmasını göz altına alıb və bu, Gömrük Birliyinə daxil olmadan da baş verəcək. Türkiyə Gömrük Birliyinə daxil olsa, bu, ilk öncə Rusiyanın iqtisadi uğurundan daha çox siyasi uğuru olacaq. Türkiyənin bu addımı Azərbaycanı da Avrasiya İttifaqına yaxınlaşdıracaq. Ermənistan üçün isə bu cür gedişat heç də arzulanan deyil. Rus-türk birliyi sağlam olsa, region üçün sabitlik, əmin-amanlıq və nəhayət ki, bizim üçün Qarabağ münaqişəsinin Azərbaycanın hüdudları çərçivəsində həll olunmasına gətirib çıxarar. Amma yenə vurğulayıram, Türkiyə-Rusiya münasibətləri bir-birinə inam əsaslarında qurulsa, yuxarıda qeyd etdiklərim uğurla həyata keçə bilər. Hesab etmirəm ki, Rusiya iqtisadi bataqlıqdadır, bunun baş verməsi üçün Qərb daha ciddi və hələ çox çalışmalıdır. Türkiyənin Gömrük Birliyinə daxil olması təbii ki, Rusiyaya əlavə iqtisadi dividentlər və üstünlüklər gətirəcək. Qərbin sanksiyalar siyasətinə ciddi zərbə vuracaq. Əgər Rusiya PKK-PYD və ümumilikdə Kürdüstan məsələsində tam Türkiyənin yanında olsa, Türkiyəyə dəstək versə, Amerikanın Kürdüstan qurmaq istəyinin qarşısı alınsa, Suriyada Əsəd tərəfi də Türkiyəyə yönəlik güzəştlərə getsə, Türkiyə bu şəraitdə Gömrük Birliyinə daxil ola bilər”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN