“Rusiyada məxməri inqilab formasında fəaliyyətlərə lojistik dəstək verilməsi nəzərdə tutulub”- ekspert
Son vaxtlar dünya mediasında Rusiyanın gələcək taleyi və post-Putin dövrü barədə çoxlu sayda yazılar, şərhlər yazılmağa başlayıb. Rusiyaya qarşı Qərbin, əsasən də ABŞ-ın sanksiyaları genişləndikcə bu tipli yazıların intensivləşməsi suallar yaradır. Yazılanların arxasında hansısa böyük planlar dayana bilərmi və bu cür yazılar konkret planın tərkib hissəsidirmi?
Politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın iqtisadi durumu getdikcə ağırlaşır. Ölkə artıq özünün son valyuta ehtiyatlarını işə salıb. Bu valyuta ehtiyatları Rusiyanın onurğa sütunu idi və o da sıradan çıxdıqdan sonra Rusiyanı çox ağır iqtisadi böhran, maddi rifah səviyyəsinin sürətlə aşağı düşməsi gözləyir. Bunu Qərb mediası da bilir: “Rusiyanın durumunun ürəkaçan olmadığını son vaxtlar bir sıra faktlar da təsdiqləyir. Bu yaxınlarda elan edildi ki, Vladimir Putin hərbi xərclərin azaldılması haqqında göstəriş verib. Hərbi xərclər əvvəlki illərlə müqayisədə 15-20 faiz aşağı ola bilər. Bütün bunlar ABŞ, Qərbin sanksiyaları hələ işə düşməmiş bir vaxtda baş verir. Sanksiyalar işə düşəndən sonra onların gətirə biləcəyi sıxıntılar da göz önünə alınaraq indidən Qərb mediasında bir sıra proqnozlar söylənilir, post-Putin dövrü haqda yazılar meydana çıxır. Medianın yazdıqları əlbəttə ki, bəzən proqnozlar da ola bilər. Amma Qərbin Rusiya ilə bağlı konkret planlarının mövcud olduğu da yazılmaqdadır. Bu məlumatlar Rusiyanın kifayət qədər böyük olması və bu səbəbdən də hər hansı islahatlara, hətta demokratik dəyişikliklərə getməyin mümkün olmadığı qənaətindən doğur. Qərb belə hesab edir ki, Rusiya qədər böyük ərazisi olan ölkədə nə iqtisadi islahatlar aparmaq mümkündür, nə də siyasi. Prezident Putin və Rusiya siyasi elitasının böyük hissəsi isə belə düşünür ki, Rusiya yalnız sərt mərkəzləşdirilmiş prinsiplə idarə edilsə, müəyyən uğurlar qazanmaq olar. Ona görə də bu ölkədə ”dəmir əl"ə ehtiyac həmişə duyulub və əhali də bu “dəmir əl”i həsrətlə gözləyib. Həmin “dəmir əl” isə Vladimir Putin hesab olunub. İndi Qərb Putinin siyasətindəki yeni-yeni çalarları gördükcə daha da qəzəblənir və Rusiyanın mövcud vəziyyətdə qala bilməsinin mümkünsüz olduğu qənaətinə gəlib. Məsələn, Amerika kəşfiyyatı məlumat yayıb ki, Rusiyadan Talibana silah göndərilir, Talibanın ayaq üstə qalmasını təmin etmək üçün yardımlar edilir. Rusiyanın Venesueladakı proseslərə qoşulması haqqında da bəyanatlar verilib. Rusiyanın Suriyadakı göstərdiyi fəallıq da Qərbin yaddaşında pozulmayan izlər buraxıb. Qərb Ukrayna məsələsini, Gürcüstan məsələsini, Avropa Birliyini dağıtmaq ideyasını da göz önünə gətirəndə Rusiyanın indiki dövründə beynəlxalq sabitliyin bir nömrəli təhlükəyə çevrildiyini düşünür. Təbii ki, belə olan halda Rusiya ilə bağlı hələ ki ilkin addımlar atılmaqdadır".
Politoloqun sözlərinə görə, ilkin addımlar hələ ki sanksiyalardan ibarətdir. Sanksiyaların özü müəyyən bəhrələr verməkdədir. Artıq bundan sonra sanksiyaların daha sərtləşmiş forması işə düşəcək və onun ardınca yeni bir sanksiyalar formasının gəlməsi də gündəmdədir: “Yəni söhbət Rusiyanın iqtisadi cəhətdən çökdürülməsi və diz üstə qoyulmasından gedir. Qərbdə hesab edirlər ki, Rusiyanın iqtisadi cəhətdən çöküşü Putinin də hakimiyyətinin çöküşü demək olacaq. Paralel olaraq da Rusiyada siyasi dəyişiklik modelləri üzərində də düşünülür. Ona görə də artıq indidən post-Putin dövrü barədə yazılar, şərhlər mediada yayılmaqdadır. Siyasi dəyişiklik modellərindən biri Putinə qarşı müəyyən qüvvələrin səfərbər edilməsi və müxalifətin fonunda müəyyən qüvvələrin Putin əleyhinə qaldırılmasıdır. Bir məxməri inqilab formasında fəaliyyətlərə lojistik dəstək verilməsi nəzərdə tutulub. Amma müxalifətin aktiv üzvləri sıradan çıxarıldığından bu plan hələ ki ilkin təşkil formasındadır. Qərbin planlarında daha çox Rusiyadakı xalqların fəallığının artması və onlarda mərkəzdənqaçma meyllərinin gücləndirilməsidir. Rusiyada 250-yə yaxın xalq və millət yaşayır. Bu xalqlardan müəyyən qisminin formal muxtariyyəti vilayət və ya respublika şəklində mövcuddur. Lakin adları dəyişik olsa da demək olar ki, muxtariyyət forması çox aşağı səviyyəli və xalqların bir çox hüquqlarının tapdandığı bir formada mövcuddur. Moskva ilə Kazan arasında münasibətlərin gərginləşməsi bunu əyani surətdə təsdiq edir. Hətta millətçilər bir neçə ay bundan əvvəl Kazanda ”Tatarıstana müstəqillik" şüarı ilə aksiyalar keçirmişdilər. Tatarıstan Rusiyada müstəqillik uğrunda mübarizə aparan qüvvələrin mərkəzinə çevrilə bilər. Qərb yaxşı bilir ki, Rusiyada narazı xalqlar kifayət qədərdir və onlardan istifadə etmək mümkündür. Rusiyada yaşayan xalqlardan mübarizə vasitəsi kimi istifadə edilməsi Qərbin düşündüyü planlardan biridir. Bir sözlə, Rusiyanın gələcək taleyi ilə bağlı Qərbdə bir sıra planlar qurulur. Planlar tədricən işə düşə bilər. Planlara Putinin hakimiyyətinin dəyişdirilməsi də şübhəsiz daxildir. Ona görə də artıq indidən post-Putin dövrü haqqında yazılanlar heç də əsassız deyil".
E.Muxtarov