Fazil Mustafa Surət Hüseynovun hansısa qüvvələr tərəfindən idarə edildiyi qənaətindədir
Neçə vaxtdır izi-tozu bilinməyən sabiq baş nazir Surət Hüseynov son günlər sosial şəbəkələr və mətbuatda peyda olub. Dərhal da onunla bağlı müzakirələr başlayıb. Xüsusilə facebook səhifəsində özü barədə yerləşdirdiyi məlumat ciddi etiraz doğurub.
Adına olan profildə S.Hüseynov Azərbaycanın xalq qəhrəmanı, Qarabağ müharibəsi komandiri və Azərbaycanın o zamankı gerçək prezidenti kimi təqdim olunub. Bu da ciddi etirazla qarşılanıb. Qəflətən sabiq nazirin gündəmə çıxmasının təsadüf olmadığı, onun xarici dairələrin, xüsusilə Rusiyanın əli ilə aktivləşdirildiyi barədə iddialar səslənir. Hətta Rusiyanın gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərində ondan alət kimi istifadə edib, ölkə iqtidarına təzyiq etmək niyyətinin olduğu vurğulanır.
Sabiq baş nazir status və şəxsi fotolarının altındakı rəylərdə sərt tənqidlərə məruz qalır, ünvanına ciddi ittihamlar səslənir.
Doğrudur, S.Hüseynov ölkə.az-a müsahibəsində facebookda adına açılan profilə aydınlıq gətirərək, bunun özü tərəfindən edilmədiyini bildirib: “Sosial şəbəkədə adıma profilin yaradılmasından sonra xəbər tutmuşam. Həmin səhifədə mənim yeni fotolarım da yerləşdirilib”.
Türk dilində S.Hüseynov adına olan profildə “halk kahramanı” kimi təqdim edilsə də, əslində Azərbaycanın Milli Qəhrəmanı kimi nəzərdə tutulduğu ehtimal olunur. Lakin hamıya məlumdur ki, 1992-ci ildə sabiq prezident Əbülfəz Elçibəy tərəfindən ona verilən bu ad ondan 1994-cü ildə Milli Məclisin qərarı ilə alınıb. Həmin vaxtlar S.Hüseynov “vətən xaini” ittihamı ilə həbsdə idi...
Məsələ ilə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın fikirlərini öyrəndik. Partiya sədri bunları dedi: “Bu olduqca ciddi məsələdir. Bu proseslərin onun öz dünyagörüşü, ağlı ilə aparılması inandırıcı görünmür. Necə ki, 1993-cü ildə də öz ağlı ilə hansısa bir prosesi irəli aparmamışdı. Müəyyən qüvvələrin əlində alətə çevrilərək bunları etmişdi. İndi də görünür ki, müəyyən qüvvələrin bu istiqamətdə çalışmaları var. Hər halda, burada müəyyən dərəcədə araşdırma aparılıb, belə bir problemin ona məxsus olub-olmadığı dəqiqləşdirilməlidir. Başqa şəxslər tərəfindən də bunlar edilə bilər. Dəqiqləşəndən sonra buna hüquq-mühafizə orqanları reaksiya verməlidir”.