Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu günlərdə beynəlxalq mətbuat SOCAR-ın Şahdəniz-2 yatağından çıxan qazın gəlirindən 1,7 milyard dollar vəsait oğurlaması haqqında silsilə yazılar paylaşdı. SOCAR bu oğurluğu məhz bu məqsədlə yaratdığı iki şirkət üzərindən həyata keçirib. Korrupsiya faktının gerçəkləşməsi ilə eyni vaxtda SOCAR şirkətlərinin rəhbərlərinin birinin xanımı Miyamidə 10 milyon dollara villa alıb, digər lüks əmlaklara sahiblənib.
1,7 milyard dolların nə qədər böyük vəsait olduğunu təsəvvür edirsinizmi?
Məsələn, bu pulla Azərbaycanda yaşayan 0-18 yaş arası bütün uşaqlara bir il ərzində uşaqpulu vermək və üstəlik çörəyin qiymətinin artımını kompensasiya etmək olardı.
Bu yalnız iki şirkət vasitəsilə oğurlanan puldur!
Bu günlərdə BP Azərbaycanın karbohidrogen yataqlarının istismarından 2021-ci ildə əldə etdiyi xalis mənfəətin miqdarını açıqladı- 7 milyard dollardan çox! Azərbaycanın payını, bütün vergiləri ödəyəndən sonra BP-nin qazancı budur!
Bəs, görəsən, SOCAR nə qədər mənfəət əldə edib? Yəqin ki, 0 dollar! Çünki, SOCAR-ın BP-dən fərqli olaraq, yetimləri çoxdur. SOCAR öz yetimlərinə Londonda yüz milyonluq mülklər almalıdır, yetimlərinin daha fağırına Miyamidə 10 milyonluq, ən fağırına Türkiyədə və Dubayda 4-5 milyonluq villalar almalıdır, tifillərinin qoluna 3-4 milyonluq saatlar bağlayıb İbizalara göngərməlidir, SOCAR-ın dərdi heç açılıb-büküləsi dərd deyil! Bu qədər yetimi dolandırdığı üçün özü də hər il əl açıb dövlət büdcəsindən- pensiyaçıdan, evdar qadından, əlildən, işsizdən pul dilənir, yüz milyonlarla dotasiya alır.
Hökumət 2020-ci ildə kibercinayət törədib Milli Şuranın ZOOM konfranslarını oğurlayıb yayanda bizə qarşı ən böyük ittiham neftin qiymətinin azalmasına sevinməyimiz olmuşdu.
Mən indi də gizlətmirəm: ən böyük arzularımdan biri neftin qiymətinin düşməsidir! Məhz neftin qiyməti düşəndə avtoritar rejimlər iflas edir! Məhz neftin qiymətinin 8 dollara düşməsi Sovetlər İmperiyasının məhvinə, bizim isə müstəqilliyimizə qovuşmağımıza nədən oldu! Hələ heç bir diktatura rejimində neft öz xalqına xoşbəxtlik gətirməyib!
Gəlin görək neftin 14 dollardan satıldığı 2020-ci illə az qala 100 dollara satıldığı 2022 il arasında insanlarımız neft qiymətindəki bu 6 dəfəlik artımı öz həyatlarında hiss etdilərmi?! Əlbəttə, etdilər! Amma necə!
-Suyun qiyməti artdı
-İşığın qiyməti artdı
-Benzinin qiyməti artdı
-Dizel yanacağının qiyməti artdı
-Dövlət rüsumları artdı
-Gömrük rüsumları artdı
-Məhkəmə rüsumları artdı
-Çörəyin qiyməti artdı
-Dərmanların qiyməti artdı
-Ərzaq məhsullarının qiyməti hər gün artır
-Pensiya yaşı artdı
-211 min insanın müavinəti kəsildi
-100 mindən çox insanın pensiyası kəsildi
-Uşaq pulu verilmədi…
Artmayan, 1997-ci ildən bəri dəyişməz qalan yalnız şəhidlərə görə verilən 11 min manat qanpuludur! Lənətə gəlsin belə idarəetməni də, belə ədaləti də!
…Və əgər bir sahədə olan artımdan danışmasaydım, ədalətsiz olardım! Son illər polisin, prokurorluq və məhkəmə sistemi əməkdaşlarının əməkhaqları bir neçə dəfə artıb!
Polisə daha çox əmək haqqı verirlər ki, başımıza dəyənəyi daha ürəklə çırpsınlar!
Prokurorlara daha çox əmək haqqı verirlər ki, günahsız insanları daha həvəslə şərləsinlər!
Hakimlərə daha çox əmək haqqı verirlər ki, daha böyük həvəslə qanunsuz, əsassız və vicdansız hökmlər çıxarsınlar!
Odur ki, məni bağışlayın, mən hakimiyyətin troll oldusuna və onlara züy tutan adlı trollara qoşulub neft qiymətlərinin artmasına sevinə, azalmasına kədərlənə bilməyəcəyəm!
Kim yüksək neft qiymətləri sayəsində hakim ailənin Londonda 700 milyon dollarlıq mülklər almasına, İzzətxanım Cavadovanın “halal” diskoteka, Cavanşır Feyziyevin “halal” dərman biznesi hesabına Londonu və digər Avropa paytaxtlarını fəth etməsinə sevinirsə sevinsin, SOCAR rəhbərliyin arvadlarının Miyami sərvətləri, oğullarının İbiza, Yunanıstan macəraları ilə qürur duyursa, duysun, özü bilər.
Məncə, bunlara görə sevinmək yox, utanmaq lazımdır!
Mən hələlik bu xalqa ancaq bədbəxtlik gətirən nefti sevmədim.
Neft nə zaman bu xalqın olacaqsa, onun qiymətinin artmasına da o zaman sevinəcəyik!
O, kəskin bıçaq kimidir. Caninin əlində bədbəxtlik gətirir, can alır. Mahir cərrahın əlində həyat verir.
Bəs siz necə, neftin qiymətinin 6 dəfə artmasını öz həyatınızda hiss etmisinizmi?!
2020-ci il ilə müqayisədə bu gün daha yaxşı yaşayırsınız, yoxsa daha pis?!