Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Asif Yusifli və Məmməd İbrahim polis tərəfindən saxlanılaraq Xətai Rayon 37-ci polis bölməsinə aparılıb.
Bu bərədə AzadlıqRadiosuna Yusiflinin özü bildirib. Onun sözlərinə görə, Xocalı abidəsinin ziyarətindən sonra yolda polis tərəfindən saxlanılıblar. "Məmməd bəyin böyrəyində sancılar başlayıb və biz xəstəxanaya gedirdik. Polislər maşını saxlayıb bildiriblər ki, yollar bağlıdır və oradan keçmək olmaz. Maşında xəstə adam olduğunu nə qədər desək də, bizə bu yolla getməyə icazə vermədilər. Əvvəl mehriban danışıblar, Məmməd İbrahimin isə "günah onlarda deyil, onlara tapşırıq verənlərdədir" deyəndən sonra aqressivləşiblər. Biləndə ki, biz AXCP üzvüyük harasa zəng vurublar, sonra isə bizi bölməyə aparıblar. Məmməd İbrahimin bölmədə ikinci dəfə böyrəyin sancısı tutub, Təcili yardım maşını gəlib, həkimlər ona ağrıkəsici iynə vurub".
Yusifli əlavə etdi ki, onun anket məlumatlarını alandan sonra sərbəst buraxıblar, Məmməd İbrahim isə bölmədə qalıb. "Çox güman ki, məhkəməyə aparacaqlar".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. (Turan.az)