2018-ci il iyulun 3-də baş vermiş Gəncə hadisələrinə görә hәbs olunmuş Aydın Qurbanov bu gecə – iyulun 10-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Bu barədə AzadlıqRadiosuna məhbusun həyat yoldaşı Mәhbubә Məmmədova məlumat verib.
«Hal-hazırda morqun qarşısındayam, bir saata mənə təhvil verilməlidir», – həyat yoldaşı deyir.
Penitensiar Xidmətdən bu hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, həbsdə olarkən onkoloji xәstәlikdәn әziyyәt çəkdiyi aşkarlanıb.
Hələ iyulun 8-dә həyat yoldaşına Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş çəkdiyini deyən M.Məmmədova 15 dəqiqə davam edən görüş zamanı Qurbanovun qan qusmağa başladığını və koma vәziyyәtinә düşdüyünü bildirmişdi. Onun sözlərinə görə, həkimlər Aydın Qurbanovun bir neçə gün ömrü qaldığını bildiriblər. Bundan sonra rəsmi qurumlardan yoldaşının evə buraxılmasını xahiş edib: «Dedim, heç olmasa, son nəfəsini evində versin, əli balalarının əlinə dəysin. Vermədilər. Dedilər ki, məhkəməni gözləyin».
A.Qurbanovun işinin başqalarından ayrılaraq iyulun sonlarında keçirilməsi gözlənilirdi.
Xatırlatma
Rəsmi məlumata görә, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb.
İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları hər iki hadisəni radikal dini yönümlü şəxslərin törətdiyi terror aktı olduğunu bildiriblər.
Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nəfər əməliyyatlar zamanı öldürülüb.
Gəncə hadisәlәrinә görә təqsirləndirilənlərin çoxu özünü günahkar saymayıb, onlar istintaq zamanı işgәncәlәrә məruz qaldıqlarını bildiriblәr.
«Gəncə işi» üzrə dörd qrupun məhkəməsi başa çatıb, həmin şəxslər 5-9 il həbs cəzası alıblar. Y.Səfərov daxil olmaqla iki qrupun məhkəməsi hələlik başlamayıb. (Basta)