Çərşənbə günü məktəbli Elina Hacıyevanın işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı, təqsirləndirilən Sevinc Abbasovanın azadlığının 2 il 6 ay məhdudlaşdırılmasını istəyib.
Zərərçəkmiş tərəfin vəkilləri isə BBC News Azərbaycancaya dövlət ittihamçısının tələb etdiyi cəza ilə razılaşmadıqlarını bildiriblər.
2019-cu ilin aprelin 4-də məktəbli Elina Hacıyeva özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib. O, sonradan aparıldığı xəstəxanada vəfat edib. Onun ölümü ilə bağlı açılmış cinayət işinin istintaqında yalnız məktəbin keçmiş direktoru Sevinc Abbasova təqsirli bilinib.
Sevinc Abbasova BBC News Azərbaycancaya açıqlamasında özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmədiyini bəyan edib.
Səbail Rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesində dövlət ittihamçısı bildirib ki, “iş üzrə tam obyektiv araşdırma aparılıb və təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyənləşdirilməyib”.
“İttiham üzrə təqsirləndirilən şəxsin günahı sübuta yetirilib. Laqeyd münasibət nəticəsində xidməti vəzifəsini yerinə yetirməmiş, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş Sevinc Abbasova “təhlükədə qoyma və səhlənkarlıq” maddəsinə görə qazancından 20 faiz tutulmaqla, bir illik islah işlərinə cəlb olunsun”, – dövlət ittihamçısı öz çıxışında deyib.
O, məhkəmədən tələb edib ki, Sevinc Abbasovaya 3 il pedaqoji fəaliyyətlə məşğul olmaq qadağan edilsin, məktəb direktorluğu və təhsil və idarəetmə sahəsində rəhbər və digər inzibati vəzifə tutmaq hüququndan məhrum edilsin.
Prokuror Sevinc Abbasovaya 3 il 6 ay müddətinə cəza istəyib, amma əlavə edib ki, o, artq 6 aydır ev dustağıdır, ona görə də keçmiş məktəb direktoru 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin.
Zərərçəkmiş tərəfin vəkilləri BBC News Azərbaycancaya dövlət ittihamçısının tələb etdiyi cəza ilə razılaşmadıqlarını bildiriblər.
“Elina Hacıyeva işi” üzrə Sevinc Abbasova Cinayət Məcəlləsinin “təhlükədə qoyma və səhlənkarlıq”, “zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddələriylə ittiham olunub.
“Elina Hacıyeva işi” ilə bağlı Sevinc Abbasovaya qarşı ilk olaraq “özünü öldürmə həddinə çatdırma” maddəsiylə cinayət işi açılsa da, istintaq zamanı həmin maddə onun üzərindən götürülüb.
Nə baş verib?
Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.
O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.
Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin “özünü intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.
Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.
Sevil Hüseynova ölümlə bağlı “məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət” etdiklərini deyib.
Sevinc Abbasova özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmir. (Basta)