Elman Nəsirov: “Korlanmış Türkiyə-İsrail münasibətlərinin yenidən bərpa edilməsində Azərbaycanın potensialı genişdir”
ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsindən sonra İsrail əsgərlərinin fələstinlilərin qətliamını həyata keçirməsi bölgədə vəziyyəti gərginləşdirib. Regionun böyük dövləti olan Türkiyənin yaranmış vəziyyətdə fələstinliləri müdafiə etməsi İsraillə Türkiyə münaisbətlərinin də sürətlə gərginləşməsi ilə müşayiət olunmaqdadır. Artıq Türkiyə İsraildəki səfirini geri çağırıb. Türkiyə həmçinin İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb. İsrailin Ankaradakı səfiri Eitan Naeh dünən Türkiyəni tərk edib.
İsrailin İstanbuldakı baş konsulu Yosef Levi Sfari də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Baş konsuldan bir müddətliyinə öz ölkəsinə qayıtmaq tələb edilib.
Baş konsulun ölkədən çıxarılmasının əsas səbəbi kimi Qəzza zolağında baş vermiş gərginlik və fələstinlilərin İsrail əsgərləri tərəfindən qətl edilməsi göstərilib.
Siyasi mənbələrə görə, Türkiyənin bu addımı Qüdsdəki baş konsul Gürcan Türkoğlunun İsrail Xarici İşlər Nazirliyinə çağırılaraq Türkiyəyə qayıtmağı tələb olunması ilə bağlı olub.
İsrail Türkiyəyə idxalı dayandırıb.
Türkiyə-İsrail münasibətlərinin hansı həddə qədər gərginləşə biləcəyi barədə deputat, politoloq Elman Nəsirov şərhində bildirdi ki, Yaxın Şərq partlamaq üzrə olan barıt çəlləyinə bənzəyir. Yaxın Şərq deyərkən assosiasiya olaraq ilk növbədə İsrail-Fələstin münaqişəsi yada düşür. 60 ildən çoxdur ki, bu münaqişə davam edir. Bir neçə dəfə intibah müşahidə edilib, lakin nəticə hasil olmayıb. İstənilən vaxt həmin o barıt çəlləyi partlaya bilər. Son günlər yaşanan hadisələr də bunu təsdiqləyir: “Həqiqətən də ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi ətrafında yaranmış gərginlik artıq münaqişənin yenidən hərbi fazaya keşməsini labüd edib. Yaranmış gərginlikdə diqqəti ən çox cəlb eləyən məqam Türkiyə ilə İsrail arasında vəziyyətin dramatikləşməsi ilə bağlıdır. Türkiyə ilə İsrail arasında bir neçə il öncə də son dərəcə gərgin vəziyyət yaranmışdı. Gərginlik hətta səfirlərin geri çağırılması, bütün iqtisadi, diplomatik münasibətlərin kəsilməsinə qədər gərginləşmişdi. Sonradan müəyyən yumşalma başladı. Bu yerdə mən bir faktı vurğulamaq istəyirəm ki, keçən əsrin 40-cı illərinin sonunda İsrailin müstəqilliyi elan edilərkən müsəlman dövlətləri içərisində İsrailin müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə olmuşdu. Uzun illər boyunca Türkiyə ilə İsrail arasında münasibətlər strateji xarakter kəsb edib. Lakin təxminən 10 ilə yaxındır ki, bu iki dövlət arasında münasibətlər daha çox ziqzaqvari xarakter kəsb edir. Ən çox da Fələstin-İsrail münaqişəsi kontekstində bu iki dövlət arasında vəziyyət gəginləşir. Son hadisələr fonunda isə vəziyyət kifayət qədər mürəkkəbləşib. Tərəflər bir-birini ittiham edirlər, münasibətlər pozulur. Bu prosesin hansı məntiqi sonluğa gətirib çıxara biləcəyinə gəlincə, burada iki variant üzərində düşünmək olar. Birinci variant kimi artıq tərəflərin bir-birinə düşmən kimi yanaşmağa başlamasıdır. Məsələn, İsrail-İran münasibətləri kimi. Bu, ən qorxulu ssenaridir. Çünki Türkiyə ilə İsrail bir-birinə düşmən gözü ilə baxdıqda bu münasibətə uyğun da addımlar atıla bilər. Bu addımlar isə çox böyük təhlükələr vəd edə bilər. Bu, arzulanmayan ssenaridir”.
E.Nəsirovun fikrincə, ikinci variant isə əvvəllər baş vermiş ssenarilərin təkrarıdır: “Yəni tərəflər bir-birinə ittiham edirlər, amma bir-birinə qarşı sərt real addımların atılmasında məhdudiyyətlər tətbiq edilir, bir-birinə qarşı sanksiyalar tətbiq etmirlər, barışıq üçün də yer qoyurlar. Hesab edirəm ki, bu yolun seçilməsi gözləniləndir və arzu ediləndir. Türkiyə ilə İsraili birləşdirən bir amil var. O da ABŞ-dır. Türkiyə ABŞ-la strateji müttəfiqdir, hər ikisi NATO ölkəsidir. İsrail isə Yaxın Şərqdə ABŞ-ın müttəfiqidir. ABŞ Yaxın Şərqdə öz maraqlarının təminatı məsələlərində məhz İsrailə stavka edir. Bu reallıq fonunda Türkiyə ilə İsrailin münasibətlərinin kritik həddə çatması və körpülərin yandırılması az ehtimal olunan variantlardan biridir. Hesab edirəm ki, Türkiyə və İsrailin xüsusilə hərbi təhlükəsizlik qurumları çox sıx əməkdaşlıq edirlər. Belə olan təqdirdə düşünürəm ki, münasibətlərin tam kəsilməsi və düşmənçilik səviyyəsinə gəlib çıxması ən az ehtimal olunan variantlardandır”.
Yaranmış vəziyyətdə Azərbaycanın necə davranmasına gəldikdə, E.Nəsirov qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. İsraillə Azərbaycan arasında münasibətlər inkişaf tempinə malikdir:“Hər kəsə bəllidir ki, Azərbaycan prezidenti İlham Əliyev müstəqil siyasət həyata keçirir. Bizim İsraillə olan münasibətlərimiz qətiyyən bu ölkə ilə soyuq münasibətlərdə olan ölkələrə qarşı deyil. Bizim Türkiyə ilə də, İsraillə də xüsusi münasibətlərimizin olması nəticə etibarilə bu iki dövlət arasında gərginliyin aradan qaldırılması işinə kifayət qədər yararlı ola bilər. Azərbaycanın bu sahədə çox gözəl təcrübəsi var. Heç kəsə sirr deyil ki, bir neçə il əvvəl Türkiyə ilə Rusiya arasında kritik həddə gəlib çatmış münasibətlərin bərpasında Azərbaycan prezidentinin müstəsna xidmətləri var. Azərbaycanın müstəqil xarici siyasətinə dünyada böyük etimad göstərilir. Korlanmış Türkiyə-İsrail münasibətlərinin yenidən bərpa edilməsində Azərbaycanın potensialı genişdir”.
Sonxeberler.info