Elçin Mirzəbəyli: “Rusiya KİV-nin Tiflisdə baş verənləri Ermənistandakı proseslərin davamı, ”MDB məkanının destabilləşdirilməsinə cəhd" kimi qiymətləndirməsi ucuz təbliğatdır"
Gürcüstanın paytaxtı Tiflis son bir həftədə mitinqlərlə çalxalandı. Təkcə ötən həftənin son iki günündə Tiflisdə gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyalar kütləviliyinə görə ciddi vəziyyət yaratdı. Aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir. O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər. Növbəti aksiya bu həftənin şənbə gününə təyin olunub.
Qeyd edək ki, bir az əvvəl Tiflisin mərkəzində aksiyaların keçirildiyi Rustaveli prospektinə “akustik toplar”ı olan maşınlar gətirilmişdi.
Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya Tiflisdə aksiyaların keçirildiyi Rustaveli küçəsinə gələrək “Ağ səs-küy” hərəkatının üzvləri ilə parlament binasında görüş keçirib.
Görüşdən sonra hərəkatın lideri Beka Tsikarişvili aksiya iştirakçılarına müraciət edərək onları sakit olmağa çağırıb. O bildirib ki, görüşün vacib nəticələri olacaq. G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tiflis meri Kaxa Kaladze də iştirak edib.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə son günlər ölkədə baş verən hadisələrlə bağlı xüsusi brifinq keçirib. Baş nazir deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.
Lakin bütün bunlara baxmayaraq, Tiflisdə polis və etirazçılar arasında qarşıdurma olub.
Bu səbəbdən də aksiyaların keçirildiyi ərazilərə əlavə polis qüvvələri gətirilib. Parlament binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb.
Bir sıra siyasi analitiklər hesab edir ki, qonşuluqdakı Ermənistanda 1 aya yaxın davam edən məxməri inqilab və keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdacağı xəbərdarlığı Gürcüstanda siyasi hərəkətlənməyə səbəb olub. Gürcüstan KİV-i ayın 12-dən paytaxtda ictimai vəziyyətin gərginləşməsini təsadüfi hesab etmir. Düzdür, iki gündür davam edən etirazlar gecə klublarında narkotiklər əleyhinə reydlərə görədir, amma mənbələr prosesin özünə siyasi çalar əlavə edəcəyini istisna etmirlər. Hakimiyyət Saakaşvilinin gizli qiyam hazırlamasından və Ermənistandakı hadisələrin Gürcüstanda təkrarlana biləcəyindən ehtiyatlanır.
Politioloq Elçin Mirzəbəyli isə hesab edir ki, aksiya təşkilatçılarının Gürcüstanın daxili işlər naziri ilə görüşü zamanı müzakirə olunan məsələlər və görüşün nəticəsi olaraq aksiyaların dayandırılması problemin siyasi motivli olmadığını nümayiş etdirir: “Gürcüstanın müvafiq dövlət qurumları aksiya iştirakçılarına narkotiklərin dövriyyəsi ilə bağlı qanunvericiliyin yumşaldılacağına söz veriblər. Aksiya təşkilatçılarının qənaətinə görə, əgər Gürcüstan Avrointeqrasiya yolunu seçibsə, o zaman ölkə qanunvericiliyi də Avropa standartlarına uyğunlaşdırılmalıdır.
Baş verənlərlə bağlı Gürcüstanda fəaliyyət göstərən siyasi partiyaların mövqeyi, aparılan müzakirələr, ekspert rəyləri də sübuta yetirir ki, problem konkret halda narkotiklərin dövriyyəsinə radikal yanaşan, bütövlükdə isə Gürcüstanın qərb dəyərlərinə üz tutmasına münasibətdə mühafizəkar münasibət bəsləyən siyasi baxışlarla liberal dünyagörüşünün lokal qarşıdurmasından gedir. Daxili işlər nazirinin baş verənlərə görə dərhal üzr istəməsi, qanunvericiliyin liberallaşdırılması ilə bağlı vədlər verməsi də təsdiqləyir ki, Gürcüstanın mövcud hakimiyyəti mühafizəkar dönyagörüşünün yanında deyil".
E.Mirzəbəyli qeyd etdi ki, Rusiya kütləvi informasiya vasitələrinin Gürcüstanda baş verən hadisələri Ermənistandakı proseslərin davamı kimi təqdim etməsi, hətta bir az da uzağa gedərək “MDB məkanının destabilləşdirilməsinə cəhd” kimi qiymətləndirməsi ucuz təbliğatdan başqa bir şey deyil.
Sonxeberler.info