Aktivlik gözlənilir?
11 aprel prezident seçkilərindən sonra müxalifət partiyalarının fəaliyyəti demək olar ki, nəzərə çarpmır. Qarşıdan isti yay aylarının gəlir müxalifət düşərgəsinin passivlikdən çıxması üçün partiyaların planında nələrin olduğunu araşdırdıq.
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, prezident seçkilərindən sonra partiyanın yenidən təşkilatlandırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq işlər davam etdiriləcək: “Həmin plana görə, ilk öncə Bakı şəhəri üzrə yerli təşkilatlarımızın yenidən qurulması və təşkilatlandırılması həyata keçirilməlidir. Sonra isə bu prosesin kənd rayonlarında davam etdirilməsi nəzərdə tutulub”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, yerlərdə təşkilatlanmanın daha da gücləndirilməsi, gözlənilən növbədənkənar parlament seçkilərinə hazırlıq işləri qarşıdakı yay aylarında VİP-in planlarında olan işlərdir.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, iş planlarını fəsillərə uyğun deyil, partiyanın hədəflərinə uyğun qurmağa çalışırlar: “Yəni bizim yay aylarında görəcəyimiz işlər artıq əvvəlcədən müəyyənləşdirdiyimiz işlərdir. Bu aylarda biz yenə partiyanın təşkilatlanması istiqamətində işləri davam etdirəcəyik, eyni zamanda AĞ Partiyanın cəmiyyətə təqdimatı və PR məsələləri istiqamətində də işlərimizi intensivləşdirmək niyyətindəyik. Biz onu da nəzərə alırıq ki, siyasi arenada növbədənkənar parlament seçkiləri mövzusu da gündəmdədir və bu prosesə də hazırlıq işləri yürüdəcəyik. Ola bilsin bu hakimiyyət növbədənkənar parlament seçkiləri keçirməsin, ancaq parlamentə boşalan 6 yer üçün seçki keçirilməsi şərtdir. Biz AĞ Partiya olaraq burada da tam gücünüzlə iştirak etmək niyyətindəyik. Bütün bu sadaladıqlarımı nəzərə alanda deyə bilərəm ki, yay ayları da bizim üçün çox aktiv fəaliyyət dönəmi olacaq. Həmçinin digər müxalif partiyalarla da əməkdaşlıq istiqamətində bəzi addımlar atırıq və partiyamızın daxili və xarici əlaqələrini gücləndirməklə məşğuluq. Güman edirəm ki, nəzərdə tutduğumuz planları həyata keçirə bilsək, AĞ Partiyanın yeni siyasi aktyor kimi siyasi arenadakı çəkisi kifayət qədər artacaq”.
KXCP-nin qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Xəzər Teyyublu isə məlumat verdi ki, qarşıdakı dövrdə planlarında xeyli işlərin həyata keçirilməsi var: “Xalq Cümhuriyyətinin 100 illiyi, Əbülfəz Elçibəyin 80 illiyi münasibətilə tədbirlər keçirilməsi nəzərdə tutulub. Qurultaya hazırlıq işləri davam edəcək. Təşkilati işlər də davamlı aparıldığı kimi yenə də aparılacaq”.
Sonxeberler.info