SON DƏQİQƏ

Türkiyədə Səadət Partiyasının gizli gücü

Tarix:3-05-2018, 09:23

Ərbakanın partiyası hansı səbəbdən 2018-ci il seçkilərində ciddi rol ala bilər?

Türkiyədə 4 müxalifət partiyası seçki ittifaqı qurur. Mayın 3-də elan olunacaq seçki ittifaqına ana müxalifət CHP, İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası daxil olacaq. Yeni seçki ittifaqının mayın 6-na qədər ittifaq protokolunu Mərkəzi Seçki Qurumuna təqdim etməsi lazımdır.

Qeyd edək ki, iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərdə müxalifətin ittifaq axtarışları uzun müddətdir davam edir. Bu seçkilərdə ən çox diqqətləri üzərinə çəkən Səadət Partiyası olub. Partiyanın sədri Təməl Karamollaoğlu seçkilərdən əvvəl ciddi fəaliyyətlərə başlayıb, seçki ittifaqı, müxalifətin vahid namizədinin müəyyən olunması üçün danışıqlar aparıb. Son olaraq Səadət Partiyası eks-prezident Abdulla Gülün vahid namizədliyi üçün həm onun özü, həm də müxalifət partiyaları ilə danışıqlar aparsa da, nəticə uğursuz olub, eks-prezident seçkilərdə iştirak etməyəcəyini bildirib.

Yeni qurulan seçki ittifaqında da Səadət Partiyasının ciddi rolu var. Yeri gəlmişkən, yeni blok parlament seçkilərini əhatə edəcək. Prezident seçkilərində isə Demokrat Partiyasından başqa digər 3 partiyanın öz namizədi var. Hələlik yeni seçki ittifaqının adı məlum deyil. Demokrat Partiyası isə İYİ Partiyanın namizədi Meral Akşenerin namizədliyini dəstəkləyəcək.

saadet partisi ile ilgili görsel sonucu

Bu seçkilərdə Səadət Partiyasının açar rolunun olması ilə bağlı Türkiyədə ciddi dairələrdən iddialar irəli sürülüb. Hələ fevral ayında SONAR Araşdırmalar Mərkəzinin rəhbəri Hakan Bayrakçı bildirmişdi ki, Səadət Partiyası növbəti seçkilərə (o zaman hələ növbədənkənar seçki məlum deyildi - K.R.) İYİ Partiya və digər müxalifət partiyaları ilə ittifaqda gedərsə, bu, AKP-nin ciddi səs itkisinə səbəb ola bilər. Bu səbəbdən də siyasi analitik seçkilərin həlledici partiyasının Səadət olduğunu deyib.

Əcəba, Səadət Partiyasını bu qədər önəmli edən səbəb nədir? Doğrudanmı, sonuncu parlament seçkilərində, 0,68 faiz səs almış (2015-ci il iyun seçkilərində 2,06, noyabrda keçirilən təkrar seçkilərdə isə 0,68 faiz səs alıb - K.R.) bir partiya bu seçkilərin taleyini həll edə bilər? Məsələ ondadır ki, hazırkı iqtidar partiyası olan AKP və parlamentdə təmsil olunan 4 partiyadan biri olan MHP 24 iyun seçkilərində “Cumhur İttifaqı” adlı seçki bloku ilə gedəcəklər. 2015-ci ilin noyabrın 1-də keçirilən seçkilərdə AKP 317, MHP isə 40 mandat qazanıb. Ancaq bu dəfəki seçkilərdə sürpriz olması və iqtidar koalisiyasının ciddi səs itkisi yaşaması ehtimal olunur. Bunun əsas səbəbkarı rolunda isə Səadət Partiyası gedir. Səadət Partiyasının AKP üçün ciddi problem olması bir neçə amillə izah olunur.

saadet partisi ile ilgili görsel sonucu

Qeyd edək ki, Səadət Partiyası 2001-ci ildə yaradılıb. Partiyanın qurucusu və aralıq dövrlərdə (2003-2004 və 2010-2011-ci illərdə - K.R.) sədri keçmiş baş nazir Nəcməddin Ərbakan olub. Səadət Partiyası Ərbəkanın qurduğu və siyasi islamın əsas ideoloji cərəyanı olan “Milli Görüş” Hərəkatının siyasi qoludur. Daha əvvəl Milli Səlamət, Rifah və Fəzilət partiyalarını quran, 1996-97-ci illərdə baş nazir postunu tutan Nəcməddin Ərbakan hazırkı iqtidar partiyası olan AKP-nin də daxil olduğu siyasi islam xəttinin əsas lideri hesab olunur. AKP-nin qurucuları, o cümlədən hazırkı prezident Ərdoğan, eks-prezident Abdulla Gül, o cümlədən mədəniyyət naziri Numan Kurtulmuş Ərbakanın rəhbərlik etdiyi Rifah və Fəzilət partiyalarında təmsil olunub, yüksək siyasi postlar tutublar. Ancaq Səadət Partiyası Ərbakanın digər partiyaları qədər uğur qazana bilməyib. Bunun bir səbəbi də partiyadakı “yenilikçi” qanadı Ərdoğan və Gülün rəhbərliyi ilə ayrılaraq yeni partiya qurmaları olub. 2001-ci ildə Fəzilət Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən qapadılmasından sonra partiyanın “klassik” qanadı Səadət Partiyasını təsis edir. Fəzilət Partiyasından deputat seçilən 105 deputatın yarıya qədəri Səadət Partiyasına keçir. Ancaq 2002-ci ildə keçirilən növbədənkənar seçkilərdə Səadət Partiyası yalnız 2,5 faiz səs ala bilib. Amma eyni düşərgədən ayrılmış AKP həmin seçkilərdə 34 faiz səs alaraq təkbaşına hökumət quracaq qədər mandat əldə etdi. Bununla da Türkiyənin yeni tarixində AKP dönəmi başladı.

saadet partisi ile ilgili görsel sonucu

Mütəxəssislərin bu seçkilərdə AKP üçün əsas problemin Səadət Partiyası ola biləcəyini deməsinin arxasında dayanan əsas səbəb məhz hər iki partiyanın eyni “kökdən” gəlməsi ilə izah olunur. Yuxarıda qeyd etdiyim kimi, hər iki partiya, həm Səadət, həm də AKP Ərbakanın “Milli Görüş” şinelindən çıxıb. AKP-nin parlaq dövrlərində Səadət Partiyası hər dəfə seçkilərdə baryeri aşaraq parlamentə düşə bilməyib. İndi isə müşahidəçilərə görə, daha həssas bir dönəm gəlib. Ötən il keçirilən referendum göstərdi ki, AKP-nin səsləri heç də əvvəlki qədər deyil, üstəlik ölkə əhalisinin böyük bir qismi hökumətin fəaliyyətindən razı deyil. Xüsusən də parlamentar sistemin prezidentlik üsul-idarəsi ilə əvəzlənməsi Türkiyə cəmiyyətində birmənalı qarşılanmayıb.

saadet partisi ile ilgili görsel sonucu

Ehtimal olunur ki, Səadət Partiyasının İYİ Partiya və CHP ilə birlikdə ittifaqa daxil olub seçkilərə getməsi AKP-nin mümkün səslərini böləcək. İYİ Partiyanın MHP-nin səslərini bölməsi, Səadətin isə AKP-nin xitab etdiyi dindar-mühafizəkar elektoratın səslərini alması riski var. Son anketlər də göstərir ki, İYİ Partiya böyük ehtimalla parlamentə keçə biləcək. Bu isə o deməkdir ki, iqtidar koalisiyası əvvəlki seçkilərdə olduğu kimi çoxluğu götürə bilməyəcək. Yəni Səadət Partiyası bu prosesdə əsas güc olmasa da, “bardağı daşıran son damla” ola bilər.

Məhz bu səbəbdən heç zaman siyasi riskləri gözə almayan AKP iqtidarı bir müddət Səadət Partiyası ilə gizli danışıqlar aparıb. Ancaq görünən odur ki, Səadət Partiyası rəhbərliyi də indi həlledici rolunu düşünür.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN