Tanınmış politoloq: “Onun qarşısında ac erməni xalqının qarnını doyuzdurmaq gerçəkliyi dayanacaq, Dağlıq Qarabağı tanımaq qərarını vermək yox”
Sabah Ermənistan parlamentində yeni baş nazir seçkisinin keçiriləcəyi gözlənilir. Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir olmaqda israrlı görünür. Ötən həftənin son günlərində ölkənin ikinci və üçüncü iri şəhərlərində mitinq keçirən Paşinyan mayın 1-nə İrəvanda ümumrespublika mitinqi təyin edib.
Odur ki, sabah Ermənistan üçün həlledici gün ola bilər. Həmin gün Ermənistanda silahlar işə salına, ölkə qan gölünə dı dönə bilər. Siyasi təhlilçilər hesab edir ki, Rusiya Nikol Paşinyanın hakimiyyətə gələn yolunu kəsə bilməyəcəyi halda o, meydan hərəkatının, kütlənin təzyiqi ilə hakimiyyəti ələ alacaq. Proseslərin gedişindən belə görünür ki, Nikol Paşinyan öldürülməyəcəyi və xalq meydanlardan silah gücünə kənarlaşdırılmayacağı halda Paşinyanın hakimiyyətə gəlişi reallaşacaq.
Şübhəsiz ki, düşmən ölkədə baş verən digər proseslər kimi bu baş verənlər də Azərbaycan üçün maraqlıdır, izlənməlidir və geniş təhlil edilməlidir. Ən çox maraq doğuran məsələ isə şübhəsiz ki, Nikol Paşinyan və onun formalaşdıracağı hakimiyyətin Qarabağ məsələsində tutacağı xəttin necə olacağıdır.
N.Paşinyanın bioqrafiyasından məlum olduğu kimi, nəinki Qarabağda döyüşməyib, heç əsgərlikdə də olmayıb. Lakin o, Qarabağda döyüşməsə də, bu məsələdə keçmiş səhra komandirlərindən heç də az radikal mövqedə deyil. Paşinyan parlamentdə müxalifətçi siyasi lider kimi çıxışlarında bir neçə dəfə Serj Sərkisyan hakimiyyətini, parlamenti “Dağlıq Qarabağ respublikası”nı rəsmən tanımağa çağırıb. Həmçinin, 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün sonra-Qarabağdan qayıdandan sonra demişdi ki, indiki şərtlərdə atəşkəsə razılaşmaq olmaz, yaranmış vəziyyətdən çıxış yolu Azərbaycanın hansısa iri şəhərini tutmaq və onu ciddi itkilərə məruz qoymaqdır, yoxsa baş verənlər nə vaxtsa yenə təkrarlanacaq.
Bir zamanlar bu cür çıxışların müəllifi olan N.Paşinyanın Ermənistanda hakimiyyətə gələrcəyi halda bu cür radikal mövqeni davam etdirib-etdirməyəcəyi günün aktual suallarındandır. Bu barədə danışan politoloq Natiq Miri bildirdi ki, Ermənistanda proseslərin necə bitəcəyi, Paşinyanın baş nazir olub-olmayacağı hələlik qeyri-müəyyəndir: “Əvvəla, Rusiya açıq şəkildə nümayiş etdirməyə başlayıb ki, Paşinyanın baş nazir olmasını istəmir. İkincisi, parlamentdə həlledici səs üstünlüyü hakim Respublika Partiyasına məxsusdur. Serj Sərkisyanın istefaya getməsində Karen Karapetyan da ciddi təsir edib. Mitinqlərin davamlı olması və böyüməsində Karen Karapetyanın marağı var idi ki, Serj Sərkisyan istefaya məcbur olsun. Məhz buna görədir ki, Serj Sərkisyanın partiyası sayılan Respublika Partiyasının daxilində Karen Karapetyana münasibət mənfiyə doğru dəyişib. Ona görə də Karapetyanın baş nazirliyə namizəd olmayacağı bəyan edilib. Lakin bu, demək deyil ki, Respublika Partiyasının dəstəklədiyi namizəd olmayacaq. Rusiyanın baş nazir görmək istədiyi başqa bir şəxsi bu partiya müdafiə edəcək. Vəziyyət elədir ki, Nikol Paşinyan meydan hərəkatı vasitəsilə təzyiq etməklə hakimiyyətə sahiblənə bilər. Bu zaman isə hadisələrin artıq qanlı məcraya yön alması baş verə bilər. Paşinyanla digər siyasi qüvvələrin hamısının uzlaşmasının mümkün olub-olmayacağı da qeyri-müəyyən olaraq qalır”.
Politoloqun fikrincə, Nikol Paşinyan baş nazir seçiləcəyi halda müxalifətdə olduğu dövrdə Dağlıq Qarabağla bağlı səsləndirdiyi mövqeni yüzə-yüz rəsmi siyasətə, rəsmi dövlət mövqeyinə daşıyacağı gözlənilmir: “Müxalifətdə olan Nikol Paşinyan hakimiyyətə qarşı mübarizə müstəvisində etdiyi çıxışlarda ”Dağlıq Qarabağın müstəqilliyini tanımalıyıq" bəyanatını səsləndirirdisə, hesab etmək olmaz ki, hakimiyyətdə olan Nikol Paşinyan bu addımı atacaq. Çünki hakimiyyətdə olmanın diktə etdiyi şərtlər tamam başqadır. Paşinyan da o şərtlərə uymaq məcburiyyətində qalacaq. Paşinyan parlamentdəki müxalifətçiliyində radikal mövqedə olan şəxs kimi tanınıb. Ancaq müxalifətçliklə, dövləti idarə etmək tamamilə fərqli məsələdir. Unutmaq lazım deyil ki, Paşinyan hakimiyyətə gələcəyi halda onun qarşısında Ermənistan əhalisinin iqtisadi təminatı məsələsi çox böyük bir problem kimi dayanacaq. O, bu problemi həll etmək məcburiyyətində qalacaq. Çünki kütlə, xalq ondan Ermənistanı düşdüyü ağır durumdan çıxarmağı gözləyir. Paşinyan yəqin bilməmiş deyil ki, Dağlıq Qarabağıdakı separatçı rejimi dövlət səviyyəsində tanımaq Ermənistanın, xalqın iqtisadi, sosial problemlərini həll etməyə xidmət etməz. Əksinə, Ermənistanı daha fəlakətli durumla üz-üzə qoyacaq. Hər halda Paşinyan bilir ki, Dağlıq Qarabağdakı separatçı rejimi tanımaq Azərbaycanla müharibəyə başlamaq qərarını vermək deməkdir. Azərbaycanla müharibə isə Ermənistan xalqına faciə gətirəcək. Müharibənin başlanması onsuz da ağır durumda olan Ermənistan büdcəsinin tamamilə boşalmasına gətirib çıxaracaq və xalq faktiki aclıqla üz-üzə qalacaq. Ağlı başında olan adam bu qədər böyük riskləri göz altına almaz. Əgər Paşinyan belə bir ağılsızlığa yol versə, Ermənistan dövlətinin və xalqının çöküşünə imza atmış olacaq".
N.Mirinin sözlərinə görə, bütün bunları təhlil etdikdə, bu qənatətə gəlmək olur ki, Nikol Paşinyan hakimiyyətə gəlsə Dağlıq Qarabağla bağlı müxalifətdə olduğu zaman nümayiş etdirdiyi mövqeni rəsmi dövlət siyasətinə daşımayacaq:“Onun qarşısında ac erməni xalqının qarnını doyuzdurmaq gerçəkliyi dayanacaq, Dağlıq Qarabağı tanımaq qərarını vermək yox. Dağlıq Qarabağdakı separatçı rejimi tanımaq Ermənistan xalqının qarnını doyuzdurası deyil. Məxməri inqilabın onun boynuna qoyduğu yük Paşinyanı vadar edəcək ki, məsələlərə populist yanaşmasın”.
Sonxeberler.info