Seçkidə «exit-poll» keçirəcək təşkilatlar bəlli olub; prezidentliyə namizəd: “Hər çıxış üçün bir gün tam hazırlaşıram”
11 aprel prezident seçkisi ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Sechki-2018.az saytının xəbərinə görə, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisi və MDB-nin qısamüddətli müşahidəçiləri bu siyahıya daxil deyil.
Ümumilikdə, 47 ölkənin vətəndaşları Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün MSK-ya müraciət edib. Prezident seçkisi ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib. Seçkini müşahidə etmək üçün MSK-da 969 yerli müşahidəçi qeydiyyatdan keçib.
Prezident seçkisi ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınan təşkilatların “exit-poll” keçirəcəyi dairələrin sayı da dünən məlum olub. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els” Müstəqil Araşdırmalar Mərkəzi 118 və “RƏY” Monitorinq Mərkəzi 48 seçki dairəsində monitorinq keçirəcək.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq. M. Pənahov deyib ki, KİV-lərlə bərabər, sosial şəbəkələr də diqqət mərkəzində olacaq. MSK sədri dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib: “Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir. Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Səsvermə Prosesini Müşahidə Missiyasının nümayəndələri isə prezidentliyə namizədlərlə görüşlərə başlayıb. Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidmətindən verilən məlumata görə, partiyanın mərkəzi qərargahında keçirilən görüşdə müşahidə missiyasından siyasi məsələlər üzrə analitik Dan Redford, seçki məsələləri üzrə analitik Goran Petrov və siyasi məsələlər üzrə köməkçi Vüqar Əhmədov iştirak ediblər. Aparılan müzakirələrdə ölkədəki seçki mühiti və namizədlərə yaradılmış şərait barədə fikir mübadiləsi aparılıb. Görüşdə müxalifət partiyasının prezidentliyə namizədi kimi Fərəc Quliyevin namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyası, təbliğat-təşviqat prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Fərəc Quliyev təşviqat materiallarının yayılması və təbliği ilə bağlı görülən işlərdən və seçicilərlə keçirilən görüşlərdən danışıb. O, Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılmış yerlərdə seçicilərlə görüşlər keçirdiklərini və görüşlərin keçirilməsi üçün normal şəraitin yaradıldığını bildirib. Sumqayıt şəhərində seçicilərlə keçirilən görüşə toxunan Fərəc Quliyev görüşün geniş auditoriya ilə və yüksək səviyyədə keçdiyini, seçicilərlə canlı ünsiyyətdə olmanın təbliğatda müstəsna rol oynadığını və seçki mühitinə müsbət təsir etdiyini deyib. Təbliğat materiallarının təbliği istiqamətində isə Fərəc Quliyev əksər ərazilərdə bunu həyata keçirməyə nail olduqlarını bildirdi və müşahidə missiyasının nümayəndələrinə bu istiqamətdə görülmüş işlər barədə məlumatlar verib.
Görüşdə qonaqlarla seçki prosesi ilə yanaşı, ölkədəki ümumi ictimai-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Prezidentliyə namizəd Razi Nurullayev isə seçki kampaniyasının gedişi və İTV-də namizədlərin debatı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, seçki kampaniyası mövcud resurslar çərçivəsində normaldır: “Məncə, ölkəyə səsimizi çatdıra bilmişik. Ən azından proqramımıza daxil olan bir neçə mövzu var ki, onlar nəinki Azərbaycanda, həm də dünya mətbuatında işıqlandırılıb. Qarabağ münaqişəsinin həlli ilə bağlı, sosial vəziyyətin yaxşılaşdırılması üçün hər ailəyə 10 min manatın verilməsi, normal müxalifətçiliyin, sivil mübarizə metodlarının formalaşdırılması, Azərbaycanda barış və stabillik üçün üç şəxsiyyətin-Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin və Heydər Əliyevin adlarının bərabər əbədiləşdirilməsi. İTV çıxışlarımdan razıyam. Çünki hər çıxış üçün bir gün tam hazırlaşıram. Ən azından hər kəs mənim çıxışlarımın fərqli olduğunu və namizədlərdən fərqləndiyimi deyir. İnanıram ki, daha yaxşı çıxışlar öndədir. Populizm etmək, sərt danışmaq və sərt tənqid nəticə vermədiyinə görə bu ritorikadan imtina etmişik. Çünki o ritorika indiki şəraitdə Azərbaycan xalqına xidmət etmir. Biz reallıqları nəzərə alaraq siyasi mübarizə aparırıq və mütləq nəticəsi həm müxalifət üçün, həm ölkə üçün, həm də xalq üçün yaxşı olacaq. Azərbaycanda yeni baxışlı və fərqli düşüncəli müxalifət formalaşacaq”.
Sonxeberler.info