Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri müalicə müddətində yaşadıqlarından yazdı
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Ankaradakı müalicə prosesi və səhhəti ilə bağlı son durum haqda sosial şəbəkədə status yazıb.
İ.Qəmbər statusunu "Yola davam" başlığı ilə yazıb. Statusu təqdim edirik: "Dostlar, salam.
Sizin üçün çox darıxdım.
Bilirəm ki, siz də mənim üçün darıxmısınlz.
Xəstələndiyim və müalicə aldığım günlərdə hər an dəstəyinizi hiss etdim.
Azərbaycan və Türkiyə həkimlərinə, tibb işçilərinə təşəkkürümü bir daha bildirirəm.
Bu müddətdə ziyarətlərinizə, xoş arzularınıza, dualarınıza və köməyinizə görə var olun!
Hacettepe klinikasında olduğum üç həftə ərzində birinci həftə dəyərli dostlarım Arif Hacılı (o həm də məni Bakıdan Ankaraya çatdırdı) və İsa Yaşar Tezel, ikinci həftə xanımım Aida Qəmbər, üçüncü həftə oğlum Turqut Qəmbər bir an belə başımdan ayrılmadılar.
Heç kimin zəhmət çəkməməsini təkrar-təkrar xahiş etməyimə baxmyaraq dəyərli böyüyümüz Cemil Ünal başda olmaqla Azərbaycan Kültür Dərnəyi üzvleri, soydaşlarımız və Türkiyənin önəmli dövlət və siyasət adamları məni bir gün belə yalnız buraxmadılar.
Bütün adları qeyd etmək mümkün deyil, amma övladları ilə birgə məni az qala hər gün yad edən Hanım Halilovanı və köhnə dostumuz Könül Şamilqızını qeyd etməliyəm".
İ.Qəmbər eyni zamanda qeyd edib ki, onu Bakıdan ziyarət etmək istəyənlərin əksiriyyətinin qarşısını ala bilsə də əski dostu Pənah Hüseyn gəlib və iki gününü onunla keçirib: "Yenə də hamını qeyd etməyim mümkün deyil. Gözləyə biləcəklərimdən başqa heç nə gözləmədiyim insanlardan da diqqət və dəstək gördüm, sağ olsunlar.
Ötən müddət ərzində Novruz Bayramı əsas olmaqla yaxşı nə baş veribsə hər biriniz və xalqımız üçün xeyirli-uğurlu olsun!
Pis nə olubsa keçmiş olsun!
Bu günlərdə keçdiyim son müayinədə həkimin səviyyəsinə əmin olduqdan sonra ona sual verdim:
"Həkim, mənim sağlamlığımın bərpa olunması ehtimalı nə dərəcədədir?"
Həkim səmimi və inamlı tibbi cavab verdi: "İsa bəy, siz artıq bərpa olunmusunuz, sadəcə hərəkətə keçməlisiniz". Demək, yola davam!"
