Şahin Cəfərli: “Nə qədər ki, münaqişə davam edir və sülh əldə olunmayıb, hərbi əməliyyatların başlaması riski hər zaman var”; Arzu Nağıyev: “Biz belə vəziyyətin yarana biləcəyinə hərtərəfli hazırıq, istər ordu, istər diplomatik kanallar, istərsə də Azərbaycan vətəndaşları”
“Mən kəşfiyyat xidmətlərinin açıq hesabatlarına çox da böyük əhəmiyyət verilməsinin tərəfdarı deyiləm. Real durum adətən qapalı hesabat və raportlarda əksini tapır”.
Politoloq Şahin Cəfərli bu fikirləri ABŞ Milli Kəşfiyyat direktorunun Qarabağda dağıdıcı müharibənin olacağı ilə bağlı hesabatını şərh edərkən bildirib. Ekspertin fikrincə, ABŞ Milli Kəşfiyyat direktorunun açıqladığı və 2018-ci il üçün dünyada təhdidlərin qiymətləndirildiyi hesabat hadisələrin mümkün inkişafına dair proqnozların, ehtimalların, mümkün ssenarilərin yer aldığı analitik sənəddir: “Orada yazılanların yüzdə-yüz gerçəkləşəcəyini düşünmək yanlış olar. Məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılanlara baxaq. Bildirilir ki, münaqişə irimiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər. Doğrudur, nə qədər ki, münaqişə davam edir və sülh əldə olunmayıb, hərbi əməliyyatların başlaması riski hər zaman var. Bunu bilmək və anlamaq üçün ABŞ və ya hansısa xarici kəşfiyyatın hesabatına ehtiyac yoxdur.
Hesabatda qeyd olunur ki, müharibə başlayarsa, Ermənistanın müttəfiqi Rusiya da bu ixtilafa cəlb oluna bilər. Bu da sirr deyil, Rusiyanın Ermənistanda hərbi bazaları var, iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqdir, hətta birləşmiş qoşun qruplaşması da yaradıblar. Münaqişə alovlanarsa, Rusiyanın baş verənləri kənardan izləyəcəyini düşünmək sadəlövhlük olardı, Moskva ən azı siyasi səviyyədə olaya müdaxilə edəcək. Necə ki 2016-cı ilin aprelində biz bunu gördük: ”Rusiyanın müdaxiləsi olmasaydı, böyük ehtimalla Azərbaycan ordusu daha böyük əraziləri azad edəcəkdi. Yəni amerikalıların açıqladığı sənəddə qeyri-adi və bizim təxmin edə bilmədiyimiz məqamlar yoxdur".
Bu il müharibənin baş verməsi ehtimalının nə dərəcədə real olmasına gəldikdə isə ekspert “mən bunu istisna etməməklə bərabər, belə bir ehtimalın yüksək olmadığını düşünürəm” deyə qeyd etdi: “Əksinə, Azərbaycandakı prezident seçkilərindən və Ermənistanda idarəetmə sistemi dəyişikliyinin qüvvəyə minməsindən sonra sülh danışıqlarında növbəti intensivləşmə mərhələsi gözlənilir, bunu Azərbaycan Xarici İşlər Nazirliyi də bəyan edib. Bu danışıqların nəticə verib-verməyəcəyi isə başqa söhbətin mövzusudur”.
Politoloq Arzu Nağıyev isə bildirib ki, ABŞ kəşfiyyat rəhbərinin hesabatı son vaxtlar artıq bir-birinə zidd olan iki xəbərdarlıqdan biridir: “Təbii ki, belə xəbərdarlıqların edilməsi hansısa fakta söykənməli, səbəb və məqsədi aydın bilinməlidir. ABŞ Kəşfiyyatının belə bir məlumatı təbii ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir kompromisə getməyəcəyindən, Ermənistanın isə cinayətkar hakimiyyəti saxlamaq üçün status-kvonu qorumaq üçün danışıq proseslərindən, daha doğrusu, mərhələli danışıqlardan qaçmaları ilə bağlı ola bilər. Bundan başqa, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nüfuz savaşı davam etməkdədir. ABŞ nümayəndələrinin regiona intensiv səfərləri, ATƏT-in Minsk Qrupunda təmsil olunan amerikalı həmsədr Endrü Şoferin qaçqınlarla görüşü - tanışlıq adı altında keçsə də - buna bir sübutdur. Bundan başqa, Rusiya analitikləri ABŞ-ın bu xəbərdarlıqlarını məhz özlərinin müharibə başlamaq istəyi ilə izah edirlər və təbii ki, burada da əsas məqsədlərdən birinin məhz Rusiyanı bu müharibəyə sövq etməkdən ibarətdir. Bütün təhlillər göstərir ki, müharibə, ümumiyyətlə, istənilən vaxt başlana bilər”.
Lakin A.Nağıyev onu da qeyd etdi ki, regionda məhz seçkilər ili olduğu üçün bunu heç kim arzulamır: “Təbii ki, supergüclər də bunu istəmir. Sadəcə olaraq, regiondan çox da uzaq olmayan ərazilərdə gedən müharibələrin müəyyən təsirləri də ola bilər. Burada ABŞ-İran, ABŞ-Rusiya qarşıdurması, Türkiyənin Suriyada apardığı antiterror əməliyyatları mühüm əhəmiyyət kəsb edən amillərdir. Ermənistana qalsa bu müharibə ilk növbədə ona lazım deyil və bütün təhlillər göstərir ki, uduzan o olacaq. Çünki ictimai-siyasi rəy bu gün orada hakimiyyətin əleyhinə işləyir”.
Bəs xəbərdarlığın reallığa əsaslandığı halını götürsək, Azərbaycan xalqı, diplomatiyası və hərbi qüvvələri bütün cəbhələrdən hücuma keçib hərbi-diplomatik və ideoloji məkanda torpaqlarını azad etmək gücündədirmi?
A.Nağıyev nikbindir: “Azərbaycana gəldikdə, biz belə vəziyyətin yarana biləcəyinə hərtərəfli hazırıq, istər ordu, istər diplomatik kanallar, istərsə də Azərbaycan vətəndaşları. Çünki bu proseslərin sonu olmalıdır və artıq yenidən deklorativ bəyanatları eşitmək istəyi heç kimdə qalmayıb. Hərbi yolla münaqişənin həlli bir variant kimi gündəmdən çıxmayıb”.
Sonxeberler.info