Ermənistanın gələcək prezidenti xarici dilləri bilən, həm diaspora arasında, həm də Ermənistanda geniş əlaqələrə, müsbət reputasiyaya malik, ən vacibi qərəzsiz, əvvəllər heç vaxt siyasətlə məşğul olmayan və heç vaxt hər hansı partiyada təmsil olunmayan şəxs olmalıdır.
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan bunları yanvarın 16-da ziyalıların nümayəndələri ilə görüşdə deyib.
S.Sarkisyan qeyd edib ki, son illərdə o, ziyalıların nümayəndələri ilə daim görüşlər keçirib. Təklif edib ki, onlar açıq və səmimi danışsınlar, Ermənistanın gələcəyi ilə bağlı məsələləri müzakirə etsinlər. Bildirib ki, yeni idarəetmə sistemi şəraitində, xüsusən də konstitusiya dəyişikliklərindən sonra, ziyalıların fikirlərini və təkliflərini, mövcud problemlər üzrə onların qiymətləndirmələrini eşitmək istəyir.
Görüş iştirakçıları soruşublar: onun fikrincə, Ermənistanın gələcək prezidenti necə olmalıdır?
Serj Sarkisyan bildirib ki, həmin şəxs zəngin keçmişə, böyük həyat təcrübəsinə malik olmalı, həm Ermənistanda, həm də xaricdə məşhur şəxs kimi tanınmalıdır ki, Ermənistanı beynəlxalq səviyyədə təmsil edə, yəni öz funksiyalarını istər ölkə daxilində, istərsə də onun hüdudları xaricində ləyaqətlə yerinə yetirə bilsin.