SON DƏQİQƏ

İlin ən mühüm hadisəsi-azərbaycanlıları qırğına verən İŞİD-ın məhvi...

Tarix:29-12-2017, 08:47

Nəzakət Məmmədova: “80-dən çox ölkədən 35 minə yaxın insan bu təşkilatda vuruşub”

2017-ci ilin bitməsinə üç gün qalır. Bu il dünya və Azərbaycan üçün bir sıra əlamətdar günlər və tarixi hadisələrlə yadda qaldı. Ən əsas hadisələrdən biri də bütün dünyanı terror aktları ilə ağuşuna alan, çoxsaylı ölkələrin vətəndaşlarının tərkibində olduğu İraq Şam İslam Dövlətinin (İŞİD) məhv edilməsi oldu.

2004-cü ildə öz müstəqilliyini elan edərək meydana çıxan və bundan tam 10 il keçəndən sonra yeni xilafət yarandığını açıqlayaraq, həmin vaxtdan etibarən İŞİD dünya üçün əsas təhdid mənbəyinə çevrilmişdi. Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən, dünyanın bir sıra qabaqcıl ölkələrində saysız-hesabsız terror aktları həyata keçirən və çoxsaylı insanın ölümünə bais olan təhlükəli terror təşkilatına son sarsıdıcı zərbələrin vurulması bu ilə təsadüf etdi. Belə ki, ilin əvvəllərindən başlayaraq, artıq NATO ölkələri, Rusiya başda olmaqla, İŞİD-ı birdəfəlik sıradan çıxarmaq yolunu tutdular. Doğrudur, bəzi dövlətlərin Suriyada maraqları toqquşduğu üçün İŞİD-lə bağlı əməliyyatlarda müəyyən problemlər yarandı ki, bu da terror qruplaşmasının ömrünün bir qədər uzanmasına səbəb oldu.

Azərbaycanda da bu proseslər çox diqqətlə izlənir. Səbəb kimi də daha çox İŞİD-in tərkibində vuruşan azərbaycanlıların da olmasıdır. Sağ qalan hər bir terrorçunun öz ölkəsi üçün təhlükə mənbəyi olduğu məlumdur. Bu baxımdan müxtəlif yollarla Azərbaycana qayıdan İŞİD-çi azərbaycanlıların zərərsizləşdirilməsi istiqamətində aidiyyəti qurumlar ciddi tədbirlər görür.

3 ay öncə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev Azərbaycanı rahat edə biləcək açıqlamalar vermişdi. Həmin açıqlamanı yenidən təqdim edirik: “Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu. Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həbsdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib”.

Amma bununla belə, təhlükənin hələ də sovuşmadığı qeyd olunur.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, yeni dünya nizamının qurulması məsələsində böyük güclər, hətta dövlətlər tərəfindən terror təşkilatlarından istifadə özünü İŞİD-in timsalında ən qabarıq şəkildə bir daha göstərdi: “İŞİD məsələsi həm də böyük dövlətlərin bir-birini bu təşkilatı yaratmaqda və maliyyələşdirməkdə ittiham etməsinə səbəb oldu. Hər halda, Rusiya və Türkiyə dövlət başçıları rəsmi şəkildə ABŞ-ı bunda ittiham edirlər. Lakin istisna olunmur ki, İŞİD daxilində bir çox böyük dövlətlərin öz agentura şəbəkəsi olub və bu təşkilatdan hərə öz məqsədi üçün yararlanıb. Qəribədir ki, Suriya münaqişəsində maraqlı olan hər kəs - ABŞ və koalisiya qüvvələri, Səudiyyə, Əsəd ordusu, kürd peşmərgələri, PYD/YPG, PKK, Rusiya hərbi-kosmik qüvvələri, Türkiyə, İran, Hizbullah İŞİD-ə qarşı vuruşduqlarını iddia etsələr də, sonda təşkilat məğlub edildikdə onun sağ qalan üzvləri ərazidən çıxarıldı. Demək, onu yaradan qüvvələrin konfidensial əməkdaşlığa cəlb edərək uzun müddət təlim keçdikləri, silahlandırdıqları terrorçuları ehtiyat qüvvə kimi saxlayaraq lazım olanda digər bölgələrdə istifadə edəcəyi istisna olunmur”.

26105660_1568940359837944_392350887_n.jpg (70 KB)

Xanım politoloq terror təşkilatlarının məhv edilmədiyini düşünür: “Terror təşkilatları məhv edilmir, yaxud məhv olmur, terrorçular başqa ad altında dünyanın digər yerlərində peyda olurlar. İŞİD-in özünün «əl-Qaidə»nin bazasında yarandığı, habelə köhnə BƏƏS-çilərdən ibarət olduğu, Səddam ordusunda xidmət edən zabitlərdən formalaşdığı, hətta Səddamın qızı tərəfindən maliyyələşdirilməsi versiyası da var. Yəni terrorçuların da yenidən başqa bir təşkilatda birləşəcəyi, şaxələnərək dünyanın bir çox ölkələrində müxtəlif örtük adları altında peyda olacaqları təhlükəsi var. Nə qədər ki, onların sponsorları öz maraqlarını bu vasitə ilə həyata keçirməkdən imtina etməyib, bu təhlükə qalmaqda davam edəcəkdir. Azərbaycan da öz enerji resurslarına, yeritdiyi müstəqil siyasətə, geosiyasi mövqeyinə görə bir çox böyük güclərin diqqətindədir. Hər bir ölkə kimi, ölkəmiz də terrordan sığortalı deyil. Terrorçulara qoşulan vətəndaşların ölkəmizə qayıdaraq burada öz əməllərinə davam etməsi təhlükəsi də var. Azərbaycana həm daxildən - terror təşkilatına qoşulan vətəndaşlarından, həm də Xəzər qonşumuz, Orta Asiya və şimal sərhədlərimizdən gələ bilər. Üstəlik, Gürcüstan vətəndaşı olan azərbaycanlılardan da az sayda da olsa, orada vuruşanlar olub. Suriyada vuruşan çeçenlərin əksəriyyəti vaxtilə Rusiyaya qarşı vuruşmuş və Gürcüstanın Pankisi dərəsində gizlənmiş şəxslər idi. Onlar da geri qayıdarsa, təbii ki, federal axtarışda olduqları Rusiyaya yox, Gürcüstana qayıda bilərlər. Məlumatlara görə, 300-ə qədər Azərbaycan vətəndaşı orada vuruşub. Ölkəmizdə müvafiq qanun qəbul edilib və qeyri-qanuni silahlı birləşmələr tərkibində vuruşan şəxslərin cəzalandırılması nəzərdə tutulur. Eyni zamanda onların vətəndaşlıqdan məhrum edilməsi halları da var. Bu, doğru addımdır, həm milli təhlükəsizlik, həm də beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərdən doğru yanaşmadır. Terror təşkilatına qoşulan insan ümumbəşəri dəyərlərə qarşı çıxmaqla yanaşı, həm də öz ölkəsi, insanlar böyük təhdidə çevrilir. Hazırda bu məsələ bütün dünya üçün aktual mövzu olaraq qalır. Çünki dünyanın 80-dən çox ölkəsindən 35 minə yaxın insan bu təşkilatda vuruşub. Onların sağ qalanlarının və ailə üzvlərinin statusu, məsuliyyəti qanunla müəyyən edilməli, diqqətlə araşdırma aparılmalıdır”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN