SON DƏQİQƏ

Mədinə: “Sevirəm” deyənlərin çoxu onlara pis gözlə baxır”

Tarix:3-08-2017, 16:45

Prodüser Mədinə Məlik Sonxeberler.info saytının suallarına cavab verib.

Prodüserlə söhbətə rəhbəri olduğu “Kristal” qrupunun yaradıcılıq yenilikləri ilə başladıq: “Mayın sonunda “Profilaktika” adlı mahnımız işıq üzü gördü. Mahnıya klip çəkdirmək istəyirdik, amma müəyyən səbəblərə görə qaldı. Qrup mənim istədiyimi vermədiyi üçün gözlədim. Mən rejissorlara hörmət edirəm, onları incitmək istəmirəm. Mənim üçün vacibdir ki, rejissor rahat olsun. “Öndər fondu” mahnısına çəkilən klip də hazırdır. Amma orada qrup qızlarının görüntüləri yoxdur. Bunun də səbəbi qızların tez-tez dəyişməsidir. Qızlar ailə qurur, solo karyera başlayır. Ona görə də onların görüntülərini çəkmədik”.

- Siz prodüserliklə yanaşı müğənnilik də edirsiniz. Sizin fəaliyyətinizdə hansı yeniliklər olacaq?

- Mənim fəaliyyətimə gəldikdə isə “Həsrət küləyi” mahnısı böyük səs-küyə səbəb oldu. Mahnının aranjemanında Alim Qasımovun musiqiçiləri iştirak edib. Onlara təşəkkür edirəm. O mahnıya klip çəkməyi təklif ediblər. Amma ekran işinin film kimi olmasını istəyirəm. Bütün işləri hazırladıqdan sonra təqdimat mərasimi təşkil edəcəyəm. Mən təmtəraqlı məclisləri, təqdimatları sevirəm. “Öndər fondu”, “Şərikli çörək” və “Həsrət küləyi” mahnılarının klipləri hazır olsa, media nümayəndələrini bir araya yığacağam”.

- İllərdir ki, bu sahədəsiniz. Adətən təcrübəli prodüserlər sözünü demiş müğənni ilə çalışır ki, asan olsun. Siz isə daim gənclərlə çalışırsınız. Bu sizi yormur?

- Bişmiş müğənni ilə çalışan prodüser prodüser deyil. Mən prodüserliyimi qoruyub saxlamaq istəyirəm. Populyar müğənninin yanında nənəm də getsə, işini görəcək. Populyar müğənni ilə işləmək asandır...

- Bəlkə, populyar müğənni ilə işləməməyinizin bir səbəbi də öz məşhurluğunuzu qorumaqdır?

- Müğənnimin məndən populyar olmasını istəmirəm. Həm də mənə gənc müğənni ilə daha maraqlıdır. Onu öz yolumla apara bilirəm. Mən o prodüserlərdən deyiləm ki, zəng gələndə “Gözlə, müğənnidən soruşum”deyim. O artıq prodüser deyil. Bizdə qərarı özüm verirəm.

- Son illər tez-tez “Şou-biznesdə durğunluq var” ifadəsi işlənir. Siz indiki müğənnilərin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Durğunluq var. Bunun da səbəbləri var. Mən istəyirəm ki, işimizə qiymət verilsin. Məsələn, qrupumda biri işləməyəndə mən həvəsdən düşürəm. Tək əldən səs çıxmaz. Biz komanda olaraq çalışmalıyıq. Qrup üzvlərim daim işləməlidir. Qrupumda eqoist qızlar olub, daha çox öyrənmək, inkişaf etmək istəyiblər. Elə insanlardan xoşum gəlir. Aralarında sağlam rəqabət olmalıdır.

- Rəqabəti sevdiyinizi dediniz. Bəs qrup üzvləri arasında sağlam rəqabət mənfi tərəfə yönələndə nə edirsiniz?

- Belə hal olmayıb. Aralarında dava olsa da, küsmürlər. Demişəm ki, probleminizi həll edə bilməyəndə mənə deyin. Bəzən düşünürəm ki, qızları bezdirirəm. Çünki onlara çoxlu qadağalar qoymuşam. Tez-tez maraqlanıram. Bəzən deyirəm ki, görüntülü zəng edin, görüm doğrudan evdəsiniz? Onlara ana kimi davranıram.

- Onlara bu qədər qadağa qoymağınızın səbəbi nədir?

- Qızlar mənə əmanətdir. Gələcək ailələrinin də əmanətidir. Heç bir xanım namusunu ata, anası üçün saxlamır. Namusu özü, gələcək ailəsi və övladları üçün qoruyur. Qadın ana olandan sonra səhvlərini anlayır. Mən oğul anasıyam. Qız anaları daha məsuliyyətli olmalıdır. Bəzən qızlar bezir, küsür. Qızlardan birinin qardaşı bizə gətirəndə maşının önündə oturmuşdu. Qızın gözünü deşirdim. Dedim ki, camaat nə bilir qardaşındır? Ona görə elə gəzin-dolanın ki, adınıza ləkə gəlməsin. Müğənnilərə qara tez yapışır. Bunun səbəbi isə özləridir. Bəzi şou-biznes nümayəndələri səhv addımları ilə digərlərinin də adını batırır. Qızlara demişəm ki, “sevirəm” deyən, dalınızca düşənlərin 99 faizi sizə pis gözlə baxır. Mənim qrup qızlarımın çoxu ailə qurub, övladları var. Mən onları düz yoldan çıxmamağı öyrədirəm. Onlar düz yolda olmasalar, ailələri də olmaz. Ətrafda nələr baş verdiyini yaxşı görürük.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN