İstirahətdən qayıdan Cəmilə yeni serialla tamaşaçıların görüşünə gələcəyini deyib:
“Yay istirahətimi artıq başa vurmuşam. Anamla İstanbula getmişdik. Anam məni tək heç yerə buraxmır. Gördüm ki, icazə vermir. Onunla getdim. Yaxşı dincəldim. Artıq işə başlamışam. Avqustun 1-dən serial çəkilişlərinə start vermişik. Serial ARB-də yayımlanacaq, komediya janrındadır. Şıltaq qız obrazındayam. Sentyabrdan nümayiş olunacaq. “Myvideo” və “Günaz” televiziyasında təqdim etdiyim proqramlarım da öz yolu ilə gedir. Yeni layihəm də var. Tezliklə həyata keçirəcəyəm”.
- Gənc aktrisasınız. Arzusunda olduğunuz obrazlar hansılardır?
- O qədər obraz var ki, oynamaq istədiyim. Son zamanlar isə döyüş filmində çəkilmək istəyirəm. Düşünürəm ki, bu obrazın öhdəsindən gələrəm. Gülərüz, mehriban olsam da, kobudluq da var məndə. Uşaq vaxtı karate və taekvondo ilə məşğul olmuşam.
- Bayaq qeyd etdiniz ki, ananız xarici ölkələrə getməyə icazə vermir. Başqa hansı qadağaları var?
- Anam açıq-saçıq səhnələrə çəkilməyə, geyimlər geyinməyə icazə vermir. Mən də sözündən çıxmıram. Anam ölkədən çıxmağa icazə vermirdi. Rəfiqələrim istirahət etmək üçün müxtəlif ölkələr gəzirdi. Mən isə evdə otururdum. Nəhayət, bu il qərar verdim ki, anamla ölkə xaricinə çıxacağam. Beləliklə, bu il Türkiyəyə getdik. Mən evin bir övladıyam. Anam deyir ki, sən gedəndə narahat oluram. Deyir ki, ana olanda bilərsən, ərə gedərsən, yoldaşınla gəzərsən.
- Evin tək övladı olan insanlar adətən deyirlər ki, çoxlu uşağı olmasını istəyir. Bir övlad olmağın çətinliyini dilə gətirirlər...
- Düz deyirlər. Mən də iki-üç uşağımın olmasını istəyirəm. Böyük ailəni sevirəm. Tək övlad olanda tənbəl böyüyürsən. Hər kəs sənə qulluq edir. Mənim də ev işlərinə əlim yatmır. İnşallah, ailə qurana kimi öyrənməyi qarşıma məqsəd qoymuşam.