Artıq yayın isti günlərini yaşayırıq. Peşəsindən, tutduğu mövqedən asılı olmayaraq hər kəs öz büdcəsinə uyğun olaraq istirahət etməyə çalışır. Kimisi regionlara, kimisi isə ölkə xaricinə üz tutur.
Maraqlıdır, bəs sənətçilər bu il yay tətilini harada və necə keçirməyi düşünür? Mövzu ilə bağlı bir neçə sənətçi arasında sorğu keçirdik.
Müğənni Səməd Səmədov hələ ki, Bakıda olduğunu dedi: “Bu günlərdə 4 nəvəm Moskvadan gəlib. Oğlumun artıq 4-cü qızı olub, beləliklə 7-ci dəfə baba olmuşam. Hələ ki, Bakıdayam. Orucluq ayını yaşadıq. Bu aylarda hərdən toy, tədbirlər olur... Mənim bağım da istirahət üçün çox yaxşıdır, üstəlik dənizə yaxındır. Bununla belə hər il Türkiyəyə istirahətə gedirik. Rayonlara da mütləq gedəcəm”.
Müğənni Mətanət İskəndərli adəti üzrə bölgələrdə dincələcəyini dedi: “Bölgələrimizdə dincələməyi çox sevirəm. Səfalı yerlərdə özümü çox rahat hiss edirəm. Buna görə də yay-qış fərqi yoxdur, vaxt tapdıqca bölgələrdə dincəlirəm. Bu il də vaxt ayırıb ailəm ilə birlikdə bölgələrdə istirahət edəcəyik”.
Müğənni Nadir Qafarzadə artıq yay istirahətinə başlayıb. O, xanımı ilə birgə İstanbulda dincəlir.
Müğənni Günay İbrahimli hələ ki, istirahət etməyi düşünmədiyini bildirdi: “Bir neçə tədbirlərim var. Lakin təxminən 10 gün sonra rəfiqələrim ilə birlikdə bir neçə günlük İstanbula istirahətə gedəcəm”.
Müğənni Elariz Məmmədoğlu artıq istirahət etdiyini dedi: “Orucluqda bir ay oruc tutdum. Həmin ərəfədə Azərbaycanın bir çox istirahət mərkəzlərində istirahət etdim. Hazırda iyul ayıdır və bu ay toylar olur. Artıq istirahət etdiyimdən bundan sonra yalnız çalışacam”.
Teleaparıcı Murad Arif də artıq istirahət etdiyi bildirdi: “İyun ayında Stok-Holmda oldum. İyul və avqust aylarında isə toylarım var. Ona görə də ancaq 4-5 gün bölgələrdə dincəlmək ehtimalım var”.
Müğənni Rəqsanə İsmayılova isə hazırda Moskva şəhərindədir. Köməkçisinin sözlərinə görə müğənni yaxın günlərdə Bakıya gələrək konsert turnirini həyata keçirəcək: “Bütün yay vaxtını həmin konsertlərə həsr edəcək. Bölgələrimizə getdiyi zaman yəqin ki, fürsətdən istifadə edib dincəlməyə də vaxt tapacaq. Rəqsanə xanımın planına əsasən bu yay daha çox çalışacaq”.
Müğənni İradə İbrahimli isə hazırda Bodrumda, bağ evindədir. Müğənni adəti üzrə bu il də ailəsi ilə birlikdə orada istirahət edəcək.