SON DƏQİQƏ

6 ayda sənət aləmində baş verən yaddaqalan olaylar

Tarix:6-07-2017, 11:16

2017-ci ilin ilk 6 ayı artıq geridə qalıb. Bu vaxt ərzində həm şou-biznes, həm də mədəniyyət aləmində mühüm və maraqlı olaylar, səs-küylü qalmaqallar yaşandı.

İlin əvvəli mədəniyyət aləmi üçün qalmaqalla başladı. Gözlənilmədən mətbuatda Opera və Balet Teatrının, aralarında xalq artistlərinin də olduğu 15 nəfər əməkdaşının işdən çıxarıldığı haqda məlumatlar yayıldı. İşdən ayırlanlardan biri də xalq artisti Nəzakət Teymurova idi. Xanəndənin teatrdan hansı səbəbdən ayrılması bu günədək müəmmalı qalsa da, xalq artisti bundan sonra pedaqoji fəaliyyətlə məşğul olacağını açıqlamışdı. Teatrdan kənarlaşdırılan opera ifaçısı Gülşən İbadova isə uzun sürən söz davasından sonra, barəsində səslənən təhqiredici ifadələrə və təhdidlərə görə teatrın rəhbərliyini və bəzi əməkdaşlarını məhkəməyə verdi. 23 may tarixində keçirilən ilk məhkəmə iclasında daha bir qalmaqal yaşanmışdı. Belə ki, baş tutan məhkəmə iclasından sonra teatrın əməkdaşları məhkəmə zalında olan “Yeni Müsavat” qəzetinin xanım əməkdaşına hücum edərək, onu təhdid və təhqir etmişdilər. İncəsənət nümayəndələri məhkəmə zalının qapısını bağlayaraq, jurnalistin əl-qolundan tutub onun zaldan çıxmasını əngəlləyib, öz təhqirlərinə davam edərək "siz dövlətçiliyin əleyhinəsiz", "sizin nə ixtiyarınız var teatr haqqında yazırsız" kimi və qeyri-etik ifadələr səsləndirmişdilər.

“O səs Türkiyə” yarışmasında səs salan 4 azərbaycanlı iştirakçının gözlənilmədən eyni vaxtda yarışmadan uzaqlaşdırılması ölkə ictimaiyyətində ciddi rezonans doğurmuşdu. Yarışmada hər kəsi özünə heyran edən Zülfü Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadova mətbuata açıqlama verərək qərəzli olaraq müsabiqədən uzaqlaşdırıldıqlarını bildirmişdilər.

İlin ilk əvvəli əməkdar artist Naibə Allahverdiyeva üçün demək olar ki, çox çətin oldu. Yenicə ailə həyatı quran aktrisa bir neçə dəfə xəstəxanaya yerləşdirildi. Mart ayında isə aktrisa daha bir ağır zərbə aldı, anası Bilqeys xanım qəfildən vəfat etdi.

Fevral ayının ən səs-küylü qalmaqallarından biri Azərbaycanın məşhur “Bizim Cəbiş müəllim” filminin çəkilişi zamanı lentə alınan, amma filmə salınmayan səhnənin sosial şəbəkələrdə, mətbuatda yayılması oldu. Kadrlarda Cəbiş müəllimin həyat yoldaşını alverçi qonşusu Əbülfəz yoldan çıxartmağa çalışır. Lakin Cəbiş müəllimin arvadı yun çubuğunu götürüb onu otağa salır, qapını bağlayıb onu yoldan çıxartmağa çalışan qonşusunu döyür. Filmdə montaj edilən bu kadr ictimaiyyətdə böyük ajiotaj yaratmışdı.

Fevral ayının daha bir qalmaqallı, müzakirə olunan məsələlərindən biri xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasında yaşanan söz davası olmuşdu. Qalmaqalın yaranmasına səbəb xanəndə Canəli Əkbərovun VI muğam televiziya müsabiqəsinin münsiflər heyətində yer ala bilməməsi olmuşdu. Nəticədə xanəndə həmkarları Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova barəsində ağır, təhqiredici ifadələr işlətmişdi. Onun bu açıqlamaları təkcə xanəndələr deyil, digər sənət adamları, nüfuzlu ictimaiyyət nümayəndələri tərəfindən sərt tənqid olunmuşdu.

Gəncə Dövlət Filarmoniyasının direktoru isə bu müddət ərzində iki dəfə dəyişdirildi. Əvvəlcə xalq artisti Şahnaz Haşımovanı Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva əvəz etmişdi. Lakin məlum rüşvət qalmaqalının ardınca rəhbərliyə xalq artisti Samir Cəfərov gətirildi.

Aprel ayında isə məlum oldu ki, türkiyəli aktyor Şahan Gökbahar “Receb İvedik 5” filminin Azərbaycanda yayımlanmasını qadağan edib. Yayılan məlumata görə buna səbəb filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması olub. Lakin may ayında artıq film Bakıda nümayiş olunmağa başladı. Xatırladaq ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu.

May ayının ən mühüm sənət hadisələrindən biri Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Eurovision-2017” yarışması oldu. Xatırladaq ki, bu il yarışda ölkəmizi Diana Hacıyeva “Skeletona” mahnısı ilə təmsil edirdi. Yarışmanın nəticələrinə görə təmsilçimiz 120 balla 14-cü sırada yer aldı. Yarışmanın qalibi isə Portuqaliya təmsilçisi Salvador Subral oldu.

İyun ayında isə tamaşaçıların ən çox baxdığı, müzakirə etdiyi, milli televiziyanın ən bahalı layihəsi olan “Maşın Şou”da gözlənilən və gözlənilməyən qalmaqallar yaşandı. Bəzi sənətçilər şounun ab-havasına dözməyərək özləri yarışmanı tərk etdi. Bəziləri isə maşına sahib olmaq üçün ciddi cəhdlə mübarizə apardı. Şou bu dəfə ifrat dərəcəyə çatan qalmaqallar, sənətçilərin işlətdiyi küçə jarqonları ilə yadda qaldı. Qeyd edək ki, “Maşın Şou”nun bu dəfəki qalibi aktyor İslam Mehrəliyev oldu.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN