Prodüser Tolik “Lider” televiziyasında yayımlanan proqramından danışıb.
SonXəbərlər-ə açıqlama verən ifaçı deyib ki, hazırda proqram yay istirahətinə çıxsa da, sentyabrdan yenidən efirə qayıdacaq: ““Bu bizik, Toliklə” adlı verilişim yay tətilinə çıxıb. Yeni mövsümdən yenidən ekranlara qayıdacağam. Proqramımın 6 sponsoru var. Reytinqləri yüksək olmasaydı, heç kim sponsor olmaq istəməzdi. Mənim aparıcılıq etməyimə aparıcıların fikrinin necə olduğunu bilmirəm. Mən şou verilişi aparıram, xəbərlər buraxılışı təqdim etmirəm. Yeni mövsümdə daha maraqlı olacaq. Çoxlu qırğınlar gedəcək. Canlı yayıma keçmək istəyirəm. Canlı veriliş daha maraqlı olur. Bəlkə də, həftədə iki dəfə efirə çıxdım. Bir sirr açım, ”Lider” televiziyasının direktor müavini təklif etdi ki, hər gün axşam 22:00-dan 00:00-a kimi veriliş aparım. Digər işlərimi çatdırmayacağım üçün razılaşmadım. Əsas odur ki, mən hər sözümü müğənniyə deyə bilirəm. Ona görə də bəzi müğənnilər qorxub verilişimə gəlmir”.
Tolik “Maşın şou”dan öz istəyi ilə uzaqlaşmasının səbəbini də açıqlayıb: “Mən Azərbaycan xalqının çörəyini yeyirəm, onların şənliklərini təşkil edirəm. İnsanların gözündən düşə bilməzdim. Murad Dadaşova böyük hörmətim var. O, 3-cü dəfədir ki, məni proqrama dəvət edir. Deməli, maraqlı simayam. Sadəcə olaraq, insanların həyasız Toliki görməsini istəmədim”.