Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu 79 yaşında vəfat edib.
Oxu.az-ın yaydığı məlumata görə bu barədə hüquq-mühafizə orqanları məlumat verib. Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.
Məlumata əsasən,Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.
Xatırladaq ki, Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandırıb. 2019-cu ildə bir çox tanınmış aktoyr və sənətçi dünyasını dəyişib. Musavat.com onları təqdim edir.
Tamaşaçıların daha çox “Ulduz” filmindəki “Nazik” obrazı ilə tanıdığı aktrisa Məleykə Ağazadə də bu il dünyasını dəyişən sənətçilərdəndir.
Məşhur bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Arif Məlikov bu ilin 9 may tarixində 85 yaşında dünyasını dəyişib.
Akademik Vasim Məmmədəliyev də bu ilin oktyabr ayında dünyasını dəyişib.
Xalq rəssamı Altay Hacıyev bu ilin fevralında 87 yaşında dünyasını dəyişib.
Meyxanaçı Aydın Xırdalanlı isə bu ilin Novruz bayramı günlərində 41 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.