Xalq artisti Rafael Dadaşov "5/5" verilişinin qonağı olub.
2007-ci ildə Murad Dadaşovun layihə rəhbəri olduğu “Maşın” şouda iştirak etməsindən bəhs edən aktyor ölkə başçısı İlham Əliyevlə görüşündən də danışıb: “Bir neçə sənətkarın saqqızını oğurladı ki, ancaq aktyorlar olacaq, amma yalan imiş. Aktyorlar az idi. Tünzalə Əliyeva məni oyundan çıxardı. Çox anlaşılmaz bir şey idi. İndiyədək hamı soruşur ki, səni oyundan niyə çıxardı? Həmin ərəfədə Respublika günü münasibətilə mayın 25-də "Gülüstan" sarayında sənət adamları bir araya yığıldı. Mayın 10-da ulu öndər Heydər Əliyevin ad günündə mənə ev verilmişdi. Fürsət axtarırdım ki, prezidentə təşəkkür edim. Tədbirdə gəzirdim ki, İlham Əliyev məni görsün. Gördü, dedi ki, Rafael, yaxın gəl. Yaxınlaşdım ki, təşəkkür edəm, söhbəti özü açdı. Qayıtdı ki, səni “Maşın” şoudan niyə çıxartdılar? Hamı gülməyə başladı. Çaşdım, dedim ki, cənab prezident, baxırsınız? Dedi ki, o gün təsadüfən telekanallara baxırdım, gördüm ki, “Maşın” şou gedir və Rafaeli çıxardılar. Səni layiq olmadığın halda niyə çıxardılar? Sən neyləmisən? Dedim ki, cənab prezident, oyundur, kimisə çıxarmalıdırlar. Qayıtdı ki, yox, səni niyə çıxardılar? Bu, düz deyil, səni oyuna qaytarsınlar (gülür). Oyunun sonuna da üç gün qalmışdı. Dedim ki, cənab prezident, nəyə qayıdıram? Bir maşından ötrü? Sizin əlinizdə bir maşın nə olan şeydir ki? Demək istəyirəm ki, prezidentimiz diqqətlidir. Verilişə də baxır, maraqlanır, yubileylərə gəlir".
Onun sözlərini verilişin aparıcısı Zaur Kamal təsdiq edib.