Bu il “Eurovision-2018” mahnı müsabiqəsi Lissabondakı “MEO Arena”da keçiriləcək. Gecədə 43 ölkə birincilik uğrunda mübarizə aparacaq. Azərbaycanı isə Avropa səhnəsində Aysel Məmmədova təmsil edəcək. Onun hansı mahnı ilə çıxış edəcəyi bəlli olmasa da, bir müddət öncə məşhur wiwibloggs.com saytı Aysel ilə rusiyalı müğənni Filipp Kirkorovun yarışma üçün bir araya gəldiyi barədə məlumat yayıb.
Aysel Məmmədova kimdir?
Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı(2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.
Bəs, tanınmış müğənnilər müsabiqə və Aysel haqqında nə düşünür?
Əməkdar artist Tünzalə Ağayeva A. Məmmədovanın istedadlı insan olduğunu deyib: “İnşallah, uğur qazanar. “Eurovision”ın ölkə olaraq nə qədər hədəfimizdə olduğunu bilmirəm. Düşünürəm ki, bizim üçün artıq o qədər maraqlı deyil. Amma iştirakçı ölkələrdən biriyik, yarışmalıyıq. Aysel çıxışı ilə diqqət çəkəcək. Çünki maraqlı iştirakçıdır. Əsas odur ki, yaxşı mahnısı olsun”.
“Eurovision” təmsilçimiz Səbinə Babayeva bu ilki təmsilçimizi çoxdan tanıdığını bildirib: “Ayseli çoxdan tanıyıram. O müğənni olmayıb, pianoçu idi. Biz illər öncə konsert vermək istəyirdik. Onu dəstəkləyirəm. oynamır, olduğu kimidir. “Eurovision”a lazım olan qədər səsi də var. Ora 5 oktava səs lazım deyil. Əsas verdiyin mesajdır və səhnə quruluşudur. Uğurlar arzulayıram”
Sonxeberler.info