“Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində yeni qalmaqalın əsası qoyulub.
Sonxeberler.info xəbər verir ki, verilişin qonaqları son zamanlar qayınanası ilə mübahisə yaşayan müğənni Sevda Sanaliyeva, jurnalistlər Tahirə Məmmədqızı və Könül İbrahim olub. Gəlin-qayınana qalmaqalının müzakirə olunduğu veriliş mübahisəsiz ötüşməyib. Verilişdə ifaçının sənət yoldaşları məsələyə münasibət bildirib.
Onların sırasında şairə Nazilə Səfərli, xüsusilə diqqət çəkib: “22 il qayınana ilə birlikdə yaşayan biri kimi deyə bilərəm ki, ən böyük güzəşti qayınana etməlidir. Mən bu məsələləri gecələr yatmayıb dərindən fikirləşmişəm. Bunlar nəyi bölə bilmirlər? Əgər oğlun varsa, deməli, onu əsgər yollamalısan, sağ-salamat gələndən sonra bir qıza verməlisən. O, sənin deyil. Qaynana kimdir? Bu adı qazanan kimi bir çox şeylərdən keçmiş biri. Gəlin isə həyatda heç bir uğura imza atmamış məsum biridir”.
N.Səfərli Sevda Sanaliyevanı müğənni kimi tanımadığını da xüsusi vurğulayıb: “Azərbaycanda yetərincə yüksək səviyyəli müğənnilər olduğu üçün mən onu rəqqasə kimi tanıyıram”.
Daha sonra şairə telefon bağlantısı ilə canlı yayıma qatılıb. O, ifaçını tez-tez sənət dəyişməkdə ittiham edib: “Əgər bir insan ömrü boyunca 5 dəfə sənət dəyişirsə, onun bütün hobbilərini ağlımda saxlaya bilmərəm. O yaddaşımda rəqqasə kimi qalıb. Burada nə var ki? Görəsən Sevda xanım özünü doğrudan keyfiyyətli ifaçı sayır?”
Haqqında deyilən sözlərə cavab verən S.Sanalıyeva Nazilə Səfərlini tamada kimi tanıdığını bildirib: “Danışan kimdir? Bildiyim qədəri ilə Nazilə xanım tamadadır. Sizi o sahə üzrə tanıdığım üçün şeirləriniz barədə indi eşitdim. İşlərinizdə uğurlar arzu edirəm”.
Sevda Sanaliyeva musavat.com saytına açıqlamasında bu məsələnini uzadılmamağını istədiyini deyib: “Mən 15 ildir səhnədəyəm, 9 ildir ki, müğənnilik edirəm. Qalmaqaldan uzaq gəzən biriyəm. Şəxsi həyatımın da bu qədər gündəmdə olması mənə xoş deyil. Nazilə xanıma gələdikdə isə nə üçün bu cür addım atdığını anlamadım. Allah canını sağ eləsin”.

