Ötən gün yerli məşhurların dublyaj etdiyi “Paddington 2” animasiya filminin təqdimat mərasimi baş tutub.
Sonxeberler.info xəbər verir ki, “Gənclik Mall”-da yerləşən Cinema Plus kinoteatrında keçirilən tədbirdə ekran işinin əsas qəhramanlarını səsləndirən əməkdar artistlər Murad Dadaşov, Elşən Rüstəmov, aktyor Kamran Ağabalayev, rəqqasə Oksana Rəsulova, rejissor Aqil.M.Quliyev və başqaları iştirak edib. Tanınmışlar və qonaqlar təqdimata öz uşaqları ilə qatılıblar.
Animasiya filminin nümayişindən öncə kinorejissor Cəfər Axundzadə bu günədək görülən işlərdən söz açıb: “Cinemazadeh” kinoteatrlar üçün professional dublyajda artıq 16-cı filmini təhvil verib. Bundan əvvəl “Spark” cizgi filmi də məhz Cinema Plusda nümayiş olunmuşdu. Şirkətin artıq öz komandasından başqa aktyor heyəti də var ki, dublyajlarda bizə kömək edirlər”.
Daha sonra isə ekran işində əsas qəhrəman Paddigton obrazını səsləndirən əməkdar artist Murad Dadaşov dublyajın çətin iş olduğunu bildirib: “Hər kəsə xüsusilə də Cəfər Axundzadəyə dərin təşəkkürümü bildirirəm ki, belə bir təklif irəli sürdü. Həyatımda ilk dəfə dedim ki, başlama saatından və iş qrafikimdəm asılı olmayaraq gəlib izləyəcəyəm. Hər birimiz həyatda istedadlıyıq və fəxri adlarımız var. Amma bu iş olduqca çətindir. Onu da qeyd edim ki, dublyaj zamanı heç kim bir-birini görməyib”.
Qeyd edək ki, “Cinemazadeh” şirkətinin studiyasında Azərbaycan dilinə tərcümə edilən layihədə eyni zamanda xalq artisti Valeh Kərimov, əməkdar artistlər Sənubər İsgəndərli, aktrisalar Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, aktyorlar Vüsal Mutuzəliyev, Rövşən Məmmədli, Elnur Hüseynov və başqaları yer alıb.








